Arzu Əsəd : - XXİ əsrdə məzhəb siyasəti aparan dövlətlər bədbəxtdirlər.

YAZARLAR 10:53 / 14.07.2025 Baxış sayı: 1074

Müasir Azərbaycanı Səfəvi varisi, müasir Türkiyəni isə Osmanlı torunu adlandıraraq onların arasında olan məzhəb fərqlərinə görə heç bir zaman sona qədər bir cəbhədə olmayacaqlarıını iddia etmək nadanlıqdır, tarixi bilgi və intuisiya azlığı, türk düşmənçiliyidir.

"Türk milləti zəkidir!" Türk övladları bunca tarixi inkişaf yolu keçdikdən sonra onları öz aralarında məzhəb savaşına təhrik etmək istəyənlərə istehza ilə baxır. Tarixdə nəyinsə olması onun bir də olacağı anlamına gəlmir. Hətta bir müdrikin dediyinə görə tarixdə ilk dəfə faciə kimi baş verənlər sonra komediya kimi təkrar olunur.

21-ci əsrdə məzhəb siyasəti aparan dövlətlər bədbəxtdirlər.

Onların gələcəyi yoxdur. Türk o mərhələni əsrlər qabaq atladıb keçib. Türkün bir hədəfi var - TURAN. Bu yolda regionda yaşayan bütün etnik xalqlar da onunla bir yerdə olacaqlar. Çünki digər iki böyük, söz sahibi ola biləcək dövlətin - İran və Rusiyanın milli-etnik siyasəti tarixdə görünməyən dərəcədə irticaçı xarakteri alıb. Rusiya daha Sovetlər İttifaqındakı kimi formal "xalqlar dostluğu" yaratmaqdan çox uzaqdır.

Hazırkı Rusiya milli məsələdə hətta "xalqlar kazarması" adlandırılan çar Rusiyasının atasına rəhmət oxutdurur. Ukrayna müharibəsində daha çox etnik xalqların övladlarının qırğına verilməsi onu göstərir ki, Rusiyada xalqların ən mühüm şərt olan mövcudluq, var olma haqları belə təhlükə altındadır. İran isə ciddi-cəhdlə öz məzhəbçi dövlət siyasətini keçmişin irticaçı nağılları üzərində qurub xalqları fars şovinizminin cəhənnəm tiyanında əritməklə, assimilyasiya etməklə məşğuldur.

Regiondakı xalqların bir geosiyasi işıqgələn yerləri qalır: Rusiya və İranın mürtəce siyasətinə qarşı dura biləcək, ədaləti, təhlükəsizliyi, sağlam inkişafı, hətta onların bir xalq, etnik qrup olaraq mövcudluğunu qoruyub saxlamaq, var ola bilmək üçün Türk Dövlətlər Birliyinin - Turanın qurulmasını sürətləndirmək.