Xatirə Rəhimbəyli - Çöldə külək əsir,ruhum oynayır

Ədəbiyyat 08:26 / 09.10.2025 Baxış sayı: 1688

Çöldə külək əsir,ruhum oynayır,

Bu dəli yellərə yaram ,deməli...

Şeirlər yazıram küləyə baxıb,

Bir az ağlamalı,bir az gülməli,

Dəliyəm,qız,dəli,dəli !!!

Vədəsizmi gəldik bu yer üzünə,

Gəlib çaxnaşmanın içinə düşdük.

Toqquşur bu boyda nəzəriyyələr,

Şəhərdən axşama deyinirəm ki,

Biz niyə ayrıldıq, niyə görüşdük?!

Gülünc günə qaldı iki ölməli

Dəliyəm,qız,dəli ,dəli !!!

Qovla-qaç oynadıq...

Heç tutulmadım.

Qovlana-qovlana namərdə döndüm.

Tutub ətəyindən namaz qılmağa

Bir kimsə tapmadım,mən də tükəndim,

Verdiyim vədlərdən ,bax,mən də döndüm,

Noolsun, dayanmır gözümün seli,

Dəliyəm,qız,dəli,dəli !!!

Nə hakim haqlıdı,nə məhkum indi,

Hər kəs özünə xan,özünə bəydi.

İnsanlar o qədər cılızlaşdı ki

Ancaq haqq deyilən xətrinə dəydi...

İndi bir doğruya inanıram mən;

Yalandı dünyanın sonu,əzəli,

Dəliyəm,qız,dəli,dəli !!!

Hamını oxlayıb zalının oxu,

Doğrayıb hər kəsi zülmün qılıncı.

Kişi qırıqları,qız qırıqları,

Gözümə ox olub,könlümə sancı,

Hardasan, hardasan , Nuhun gəmisi,

Bu qanlı dünyaya əl çəkilməli,

Dəliyəm,qız,dəli,dəli!!!

13.02.2016.