Xanım İsmayılqızı -- Bir badə al əlinə...

Ədəbiyyat 15:35 / 06.10.2025 Baxış sayı: 1544

Bir badə al əlinə, içinə şərab da süz.

Bir qurtum al təkbaşına.

Gözəl olur dumanlının dumanlara qarışması.

Badədən əlini üz.

Ən yüksəyinə atıl ən alçaq nöqtələrdən.

Bilirəm bilirsən ki, sən yıxılan yerlərin

Tutanda olmayacaq.

Bir qələm al əlinə, içinə nəfəs də süz.

Üstünə çək ürəyini.

Bütün demədiklərini yüklə belinə getsin.

Qələmdən əlini üz.

Onsuz da bilirsən ki, onun ucundan düşüb

Sözə bürünənlərin

Batanda olmayacaq.

Bir kəndir al əlinə, içinə həyat da süz.

Tumarlan, xumarlan, yumurlan.

İstədiyin nota bağla düyünlərini.

Yumağına sarı bütün yolları.

Kəndirdən əlini üz.

Lap çoxdan bilirsən ki, baharların payızından qışına

Çatanda olmayacaq.

Masanın dörddə birində - badə, içində şərab,

Masanın üçdə birində - ağ vərəq, üstdə qələm,

Masanın ikidə birində - külqabı, ağzında siqaret,

Masanın birdə birində - kəndirin saçaqlı ucu,

Masanın tən ortasında - şaxə qalxan bir alovun kölgəsi.

...Vüsalın mənzərəsi...

...Kətanda olmayacaq...

 2017.