Tural Cəfərli - Yerin məlum...
Düzmüşəm kədəri, qəmi önümə,
Qışa tədarüküm var, yerin məlum.
Hardasa adını çaşıb demişəm,
O gündən olmuşam xar, yerin məlum.
Deyirsən bu dərdin nədir kamalı?!
Bu dünya başıma dar, yerin məlum.
Sən deyib-gülürsən, nə xoşdu halın,
Mən isə edirəm ar, yerin məlum.
Səsimi dinləmir, eşitmir heç kim,
Yerin də qulağı kar, yerin məlum.
Sən sığal çəkməyən saçlarıma da,
Yağır aram-aram qar, yerin məlum.