SÜLEYMAN ABDULLA - ÜZÜ AXŞAMA YAZILAN ŞEİR
Yavaş-yavaş dəyişir hadisələr,
xəbərlər,
rənglər,
səslər,
ovqat,
Günəşin şüaları,
əhatə dairəsi...
Azalır yaxınlar, çoxalır yadlar,
Dəyişir ünvanlar, silinir adlar...
Ömrün axşamı yaxınlaşdıqca
tündləşir dünyanın işığı,
qatılaşır qaralan qan kimi
üfüqdəki qürub buludları.
Soyuq nəfəsini hiss edirsən
boynunun ardında boz küləklərin...
Əvvəllər toy dəvətlərindən bezirdisə də
İndi təngə gəlir adam yas çağırışlarından.
Hər gün ucuzlaşır dəyəri,
Hər şey bahalaşdıqca düşür insanların qiyməti
Bir zamanların qayğısı
toya salmağa 50 manat idisə,
indi yasa yazılmağa
20 manatın dərdini çəkirik...
Oysa ki,
şadlıq evlərindən
tərpənməyə yer tapmadığımız şəhərdə
göbələk kimi artır mərasim evləri...
Əvvəl kabab iyinə umsunan pişiklər
halva dadına imrənir indi...
Artmadadır toyları azalan məmləkətin
hüzn xəbərlərinin sayı.
Şadlanmağa təzə səbəb yox,
Qəmlənməyə köhnə təpər.
Yaşayırıq hələ ki,
iki hiss arasında birtəhər...
Nə ölən kimi ölə bilirik,
nə yaşayan kimi yaşaya...
Gəlir xəbərlər qara-qara...
Dəyişir hər şey, dəyişir!
20.02.2026