SINDIRMA ŞÜŞƏ KÖNLÜMÜ
Baxışın elə yandırır,
taxmısan şişə, könlümü;
çəkib qoyursan nimçəyə,
sən, bişə-bişə könlümü;
odu atmısan üstümə,
hamı boylanır, tüstümə;
atıb çınqılın üstünə,
sındırma, şüşə könlümü;
gəlmişəm, könül almağa,
könül alıb, kül olmağa;
qoyma, tamarzı qalmağa,
şirin gülüşə, könlümü;
gerçəkmisən, xəyalmısan,
əzrayıldan pay almısan;
canımı üzüb, salmısan
sən, dilə-dişə könlümü;
baxışını xoş eliyib,
ürəyini daş eliyib;
bir dərdimi beş eliyib,
salmısan işə, könlümü.