Sevinc Qərib - SƏN GƏL, DİRİ QALSIN SON SAATLARIM...

Ədəbiyyat 18:00 / 08.12.2025 Baxış sayı: 523

 

Sən susduqca, mən özümə çəkildim.

içimdəki o tənha qız danışdı.

Sənsiz ömrün qəm üzünə büküldüm.

sükut adlı bu dərd mənə tanışdı.

 

Alışdıqca içimdəki söz odu,

ürəyimi nişan aldı ağrılar.

Vüsalın kəm, ayrılığın tez oldu,

həsrətimin səbri geniş, bağrı dar.

 

Niyə çəkim bu bədənin yükünü,

ruhumda ötürsə əcəl kəlməsi?!

Yandırsam da xeyri yoxdu "tükünü",

nağıl olar ta Sənimin gəlməsi...

 

Neçə dərdə qucaq açdı qollarım,

əskik qaldı bala sözü dilimdə.

İzə düşdüm sənə gəldi yollarım,

balam oldun, bala batdı dilim də...

 

Eşqin dua kimi yetdi könlümə,

ümid geydi ürəyimin çatları.

Qayıt, ömrüm, əzrayılı önləmə!

Sən gəl, diri qalsın son saatlarım...