Saqif Qaratorpaq : - TƏKLİK

Hər kəs təkdi...təkliyinə
Xəlvətcə özü dəm tutur.
Heyif ki,hər gün sevincin
Yerini qəfil qəm tutur.
Bir təmiz ayna axtarır,
Hər gün özünü görməyə.
Qayğılar qatıb başını,
Vaxtı yox çiçək dərməyə.
Xəbəri yox,harda itib,
Bəs kimdə tapsın özünü.
Min ildi yollardan asıb
Yuxusu qaçmış gözünü.
Sısqa bulaqlar quruyub,
Dəli çay dönüb quzuya.
Bu gün da adam tapmadı...
Dərdini danışdı suya.
Dərə susub,dağ düşünür...
Meh astaca pıçıldayır.
Sığal görməyən saçını
Hər axşam külək darayır...
Samavar çoxdan soyuyub,
Çayı da dönübdü buza.
O hələ nağıl danışır
Fikrində sevdiyi qıza....