Sabir Rüstəmxanlı - SƏNƏ ŞEİR YAZIRAM...
Sənə şeir yazıram dünyada təklənəndə,
Əzab, kədər, ayrılıq qəlbimə yüklənəndə...
Sənə şeir yazıram – şeir bahar yağışı,
Yusun ürəyimizi, qanımızda çağlasın.
Sözlər nəfəsim kimi yandırsın yanağını,
Qollarım misra-misra belini qucaqlasın...
Üstümə yeriyəndə sevgisiz bir soyuqluq,
Dünya təkrar edəndə o köhnə vərdişləri
Sənə şeir yazıram – sözüm dönsün zirehə
Qıcananda üstünə cəhalətin dişləri...
Sənə seir yazıram – körpü salsın yollara,
Səfərlər uzandıqca uzansın sətirlərim.
Həsrətim sözə dönsün, sənə yük olmaqdansa
Qıfıllansın sehrli kəlmələrdə sirlərim...
Həm kədər salnaməsi, həm sevincin zirvəsi,
Gözümüzün yaşını sözlərim siləcəkdir.
Mənim alın yazımla sənin də qədərini
Ən mahir baxıcıtək şeirim söyləyəcəkdir...
Sənə seir yazıram – min ilin həsrətini
Ruhumuzun diliylə çatdıracaq bu günə.
Üstümdə qəm bayrağı...
Bu sevdalı başımı
Ya dizinə qoyarsan, ya edam kötüyünə...
Söz rəngində solmazdır qaşın, gözün, əllərin,
Orda mərmər heykəlin yonulur yavaş-yavaş.
Mənim sözlə çəkdiyim surətini görsəydi
Əlindəki tişəni qırardı heykəltəraş...
Şeir ruhun uçuşu, allahın mərhəməti,
Həm sənə üsyanımdır, həm də ki itaətim...
Sənə şeir yazıram – azalır ağrılarım,
Misralarım yol salır – qurtulmaqçün zülmdən.
Əcəl döysə qapını sonuncu tapşırıqla
Şeirim xilas yolunu göstərəcək ölümdən..