Nuray Qurbanlı , Bakı Dövlət Universitetinin IV kurs tələbəsi : - Qəlbimizin Sönməyən Qürur Məşəli

YAZARLAR 13:28 / 09.06.2026 Baxış sayı: 349

 

Beş il öncə, sentyabr... Bir xəbər eşitdik: bəzi kəndlərimiz işğaldan azad edilib! Bəli, Vətən Müharibəsi başlamışdı... Azadlığın ilk qədəmləri idi... Amma içimizdə tək qorxu əsgərlərimiz idi... Hər kəsin dilində eyni dua səslənir, göylərə qalxırdı duaların sədası... Naxçıvanda nə zaman təyyarə səsi gəlsə, hər kəsin üzündə eyni ifadə olurdu: kədər və qürurun vəhdəti... Çünki o təyyarə, ana vətənə, bayrağa canını fəda edən igidləri, elə canını uğrunda fəda etdiyi bayrağa sarılı gətirirdi, anasının qucağından düşərək ilk addımı atdığı vətən torpağına...

Xatırlayıram, nə zaman şəhid gəlsə, hava buludlu, qaranlıq olar və yağış yağardı... Az deyil, çox yağardı... Örtə bilməsə də göz yaşlarını, sanki, göy də xalqla bərabər ağlayardı... Amma hər kəs qürurlu dayanar, fəxrlə "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!" şüarını səsləndirərdi..! Beş il keçməsinə baxmayaraq, necə ki 33 il öncə qəhrəman olan bacı və qardaşlarımız hələ də qəlbimizdə və dualarımızdadırsa, onlar da bizim hər zaman qəlbimizdədir, əsrlər də keçsə, bu belə də qalacaqdır...

Bəzən gecə başımı qaldırıb göyə baxanda... İçimdən deyirəm: nə qədər çox və gözəl ulduzlar var göydə... Və bir gün belə bir cümlə ilə rastlaşdım ki: "Hər bir şəhid, Vətənin göy üzündə yanan ulduzudur." Elə həmin andan, haçan göydə bir ulduz görsəm, bu cümləni xatırlayıram: həqiqətən bu Vətənin nə qədər yanan ulduzu varıymış... Parlayan hər bir ulduz, hərəsi bir şəhiddir...

 

Ayağın yerdədir, yolun göylədi,

Göydən ulduz uçdu, yaram göynədi...

 

 

 

Oğulların məzarına gül ləçəyi səpən analar... Baş daşına göz yaşıyla sarılan, balasının soyuq şəklini bağrına basan analar... Baxışlar da daşa dönüb... Şahidi olmuşam: "Kaş dil aça bir, ana! deyə" deyilən cümlələrin...

 

Analar şəhid olur oğul şəhid olanda,

Büküldüyü bayrağın adı qaldırır səni...

 

"Ağaran saçlarında gizlətdilər səni, şəhidim..." Anaların, ataların saçları bir gecədə ağardı... Ağaran hər bir telində, balasının bir xatirəsi gizləndi... Tökülən hər bir damla göz yaşında, balasına qurduğu bir arzusu gizləndi...

Mən qürurla baxıram ağ saça, qırış üzə,

Gözünlə "Mənim oğlum dünyaya tən" deyirsən.

Nə üçün yaşarsan, onu örtərlər üzərinə... Elədir, neçə-neçə qəhrəman oğlumuz bayrağı, Vətəni üçün canından keçdi, uğruna can fəda etdiyi bayrağına sarıldı tabutu, uğruna qan tökdüyü Vətən torpağı "örtüldü" üzərinə...

 

Can fəda etdin ki, Vətən yaşasın,

Bayrağa bürünüb ötən şəhidim...

 

"Gəl, elə bir torpağa girək ki, əbədi yata bilək!" Vətən torpağını özlərinə ana qucağı tək isti, doğma bildi onlar. Balanın anaya olan sevgisini Vətənə bəslədilər... Axı Vətən ANAdır... Əbədi sevginin, əbədiyyətinə qovuşdu onlar...

Bir gün Naxçıvanda, şəhidimizin evində çəkilişdə oldum. Qapıdan girdiyim andan o qapıdan çıxan ana qədər, sanki yenidən illər əvvəli yaşadım... Ana şəhidimizin dolabını açdı, geyimlərindən o qədər gözəl qoxu gəlirdi ki, izahı mümkün deyil... Aşağı baxanda qara üzəri palçıqla örtülü bir cüt ayaqqabıya gözüm sataşdı... Ana dedi ki, bu ayaqqabı oğlunun şəhid olan an ayağında olub, üstündəki palçıq isə şəhid olduğu yerdən qalıb... Əlimlə o ayaqqabını ehtiyatla əlimə aldım... Bu ayaqqabı şəhidin son addımlarına şahid olmuşdu, qəhrəmancasına atılan addımlara, bəlkə də son sözlərə, son hisslərə...

 

Yoluna su səpim, göz yaşı sıxım?

Çəkməndə torpaq var, torpaq, bir sıxım...

 

Ver, əsgər çəkməni köksümə sıxım,

Çəkməsində çiçək bitən şəhidim...

 

İşğaldan azad olan torpaqlarımızın birindən bir video çəkilib paylaşılmışdı... Minlərlə lalə bitmişdi, al qırmızı, gözəl lalələr... Məhz o yerdə, oğullarımızın qanı ilə yuyulmuşdu Vətən torpağı... Deyirlər, şəhid qanı düşən yerdə lalə bitərmiş...

Sonradan işğaldan azad olunan torpaqlara mən də getdim... Atdığım hər addımda bəlkə də bir oğlumuzun addımının izi varıydı. Basdığım Vətən torpağının azadlığını, yaşadığım qüruru, fəxri mən onlara borcluyam, biz onlara borcluyuq... Beş ildir ki, övladını illərdir səsləyən Vətən övladlarına qovuşubdur... Qəhrəman övladlarını isə "bağrına basıb"dır... Torpağın bağrına cəsədləriylə azadlıq toxumu əkdi şəhidlər.!

 

Basdığın yerləri "torpaq" deyib keçmə, tanı!

Düşün altındakı minlərlə kəfənsiz yatanı!

 

Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı,

Vermə, dünyaları alsan da bu cənnət Vətəni!

 

"Biz yolunan saçların əvəzini yolmağa gəlmişik! Biz Xarıbülbülün haqqını almağa gəlmişik!" Neçə analarımız, bacılarımız saçlarını yoldular, fəryadları yeri-göyü sirkələdi... Evlərindən, ocaqlarından ayrı düşdülər... Qadınlarımızın, kişilərimizin, uşaqlarımızın bağırlarına Vətən dağı çəkildi... Xarıbülbül torpağında həsrətlə bitirdi... Amma oğullarımız yolunan saçların da, Xarıbülbülün də haqqını aldı... Onlar haqqımızı aldı, haqlarını bizə halal etsinlər... Vətən həsrətinin alovu söndü, indi isə qəlbimizdə sizin həsrətinizdir... Sizə olan sevgimizin alovudur yanan qəlbimizdə, elə bir alovdur ki, sönməz... Sönə bilməz...