MUSTAFA ÇƏMƏNLİ : - ÖMÜRDƏN SƏTİRLƏR

YAZARLAR 16:12 / 12.10.2022 Baxış sayı: 3057

 

AĞRI

Tarixin səhifələrindən qanadlanıb günümüzə gələn elə ağrılar var ki, bugünün özündə də aktualdır və ürək ağrıdır. Ruhu şad olmuş akademik Ziya Bünyadovun “Azərbaycan Atabəyləri dövləti” kitabını oxuyanda ibrətamiz bir səhnə ilə qarşılaşdım. Akademik Ziya Bünyadov tarixi qaynaqlara istinad edərək yazır:

Ölümündən bir az  əvvəl atabəy Cahan Pəhləvan Reyə gəlir və  əyanlardan biri ilə söhbət etdiyi zaman birdən çavuşlarin səs-küyünü eşidir. Atabəy kimin gəldiyi ilə maraqlanır və ona deyirlər ki, gələn atabəyin Reydəki canişini və məmlükü Siracədin Qaymazdır. Cahan Pəhləvan deyir: Qaymaz öz həyatında elə mərtəbəyə çatıb ki, şəxsi çavuş saxlamaq ixtiyarındadır?. Söhbət etdiyi əyana müraciətlə soruşur: Mənim qullarım və onlara verdiyim mövqe haqqında nə deyə bilərsən? Əyan cavab verir: Qoy böyük atabəyin həyatı əbədi olsun. Sən  öz qullarını elə yüksəkliyə qaldırmısan ki, səndən sonra onlar sənin övladlarının heç birinə itaət etməyəcəklər və heç biri o birisinə baş əyməyəcək. Həmin qulların ömürləri nə qədər davam edərsə, bir o qədər də İraq nə sülh, nə də sakitlik görəcəkdir. Atabəyin gözləri yaşarır və o deyir: Sən haqlısan.

Tutduğu vəzifəyə  görə var-dövlət qazanıb harınlaşanlar bütün dövürlərdə belə olub, belə də  olacaqdır. Çünki, əsirlər keçir,  amma insan xisləti dəyişmir ki, dəyişmir.

 

ƏDƏBİ ETİRAF

General, yazıçı, publisist İsmayıl bəy Qutqaşenli (1809–1861) Məkkə ziyarətinə gedərkən Gəncədə Nizami Gəncəvinin məzarını ziyarət edir və “Səfərnamə”sində yazır: “Ey Şeyx Nizami, qəbrini görüb, rəhmət oxuyub ruhundan təvəqqe edirəm, kamalının nöqtə qədərini bizə bəxş edəsən. Rütbənə çatmaq  mümkün deyil”.

 

TARİXLƏŞMİŞ  DİALOQ

Qardaşı nəvəsi Fətəliyə atalıq edən Hacı Ələsgər 20 yaşlı Mirzə Fətəlini Gəncəyə aparıb məscidlərdən birində yaşayan  şair Mirzə Şəfi Vazehdən xahiş edir ki, ona nəstəliq xəttilə yazmağı öyrətsin.  Sonralar o məşhur  dialoqu yazıb bizə çatdıran da elə Mirzə Fətəlinin özü olub. Mirzə Fətəli yazır:

“Mənim ikinci atamın buyruğu ilə hər gün bu şəxsin yanına gedib nəstəliq xəttinin yazısının məşqini edirdim. Belə ki, get-gedə mənimlə  bu möhtərəm  şəxsin arasında ülfət və ünsiyyət  hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən soruşdu:

–Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?

Cavab verdim ki:

–Ruhani olmaq istəyirəm.

–Sən də riyakər olmaq istəyirsən?

Təəccüb  elədim və heyrət etdim ki, bu nə sözdür. Mirzə Şəfi mənim halıma baxaraq dedi:

–Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içərisində puç etmə. Başqa bir məşğuliyyət qəbul et”.

Bəlkə də bu səmimi,  içdən gələn sorğu-sual olmasaydı,  millətimizin Mirzə Fətəli Axundzadə adlı mütəfəkkiri, filosofu ,  ən nəhayət, böyük bir dramaturqu olmayacaqdı.

                                                  SÖZÜN QÜDRƏTİ

Dahi Məhəmməd Füzulinin bu ölməz misralarından milli ruhumuzun əbədiyyət nəğməsi olan bayatılarımızın ətri gəlir:

Gül qönçəliyində xar iləndir,

Açılsa bir özgə yar iləndir.

Əslində tikan çəkər əzabın,

Fəslində həkim alır gülabın.

 

GÜNDƏLİKDƏN SƏTİRLƏR

2 iyul 1991-ci il. A bir qədər üzə çıxmış gözləri ilə mənə baxıb dedi:

–Mənim bir böyrəyim yoxdur. Uşaq vaxtı bıçaqlayıblar. Həkimlərin mənə verdiyi ömür möhləti qurtarıbdır. Bu gündən sonra nə yaşayıramsa artıq qazancdır.

Mən onun gözlərinə baxdım. Əhlikef hesab etdiyim bu adamın baxışlarında sirayətedici bir qəm vardı. Təəssüflə fikirləşdim, xəncəri görəndə gözləri böyüdü, xəncərin iti tiyəsi böyrünə yeriyəndə isə həlqəsindən çıxdı və ömrü boyu o şəkildə qaldı.

      

MƏTİN  RUH

5 yanvar 1992-ci il. Saat 3-də Xəlil Rza Ulutürkün oğlu Pərvizin dəfn mərasimi başlayacaqdı. Yazıçı-filosof Firuz Mustafa ilə mərhumun cənazəsinin qaldırılacağı yerə tələsirdik.Birdən İncəsənət Muzeyi ilə üzbəüz barıya söykənmiş Xəlil Rzanı gördük. Onun gözlərində qəribə bir parıltı vardı, daşdan yonulmuş heykələ oxşayırdı.Təəssüf hissi ilə, ermənilərin ünvanına söyə-söyə Şəhidlər xiyabanına gedirdik. Şəhidlər xiyabanında dəfn mərasimi başladı. Şair Qabil çox təsirli bir nitq söylədi.Ürəkdən gəlməyən pafoslu  çıxışlar da oldu.

Mən Xəlil Rzanın çıxışını gözləyirdim. Daim insanları döyüşə, mübarizəyə səsləyən bu adam indi–ən ağır günündə nə deyəcək. Nəhayət söz Xəlil Rzaya verildi. Mən indicə qəhərdən, göz yaşından boğulacaq, Şəhidlər xiyabanını başına götürəcək bir atanın hönkürtüsünü eşidəcəyimi zən edirdim. Lakin Xəlil Rzanın səsində zərrəcə də olsa titirəyiş yox idi. O yenə də, mitinqlərdə olduğu, kimi mətin və döyüşkən ruhda danışırdı. Onun əzəməti, vüqarı adamda böyük, çox böyük fəxarət hissi oyadırdı.

 

CANIM SİZƏ QURBAN

14 fevral 1992-ci il. Qızıl Şərq  mətbəəsinə getmişdim. Ağsuda  çıxan “Birlik” qəzetinin baş redaktoru Canalı Mirzəliyevə rast gəldim. Dedi ki, gəl Qonaq evinə gedək.Orda bir nəfərlə görüşməliyəm. Qonaq evində Canalıya dedilər ki, sizi Qafar müəllim gözləyir. Az keçmiş Qafar gəldi. Gördüm neçə il qabaq qəzetlərdən birində onunla rastlaşmışam. Qafar əməli-başlı dəm idi. Dazını örtmək üçün boynunun arxasından ağ saçlarını qabağa daramışdı.İçginin təsirindən sifəti qıpqırmızı qızarmışdı. Qırmızı sifətin içindən bizə  bir cüt ala göz baxırdı. Bu gözlərdə hiyləgərliklə qorxaqlıq çulğaşmışdı. Harda işlədiyini soruşduq, cavab vermədi. Maraqlı tip idi. Sizin üçün nə lazımdı–deyib əlini atırdı arxa cibinə, bir çəngə iyirmibeşlik çıxarır, qaytarıb təzədən  cibinə qoyurdu.  Biz danışmaq istəyəndə şana barmaqlarını qalın ətli dodaqlarına aparıb susmaq işarəsi verirdi. Bir neçə dəfə cibinə əl atıb pul çıxartdı, amma xərcləmədi. Ancaq  tez-tez bizə – canım sizə qurban – deyirdi. Aradabir Rəna adlı bir qadının adını çəkirdi. Mənim dünyamdı– deyirdi.

 

ƏBƏDİ DAYANACAQ

3 aprel 1992-ci il. Avtobusa qoca bir qadın  mindi. Cavan xanımlar deyindilər ki, bu ağbirçəyə deyən yoxdu, bu basabasda otura bilmirsən evində.

Fikirləşdim ki, bu yaşlı qadının ünvanına söylənmək əbəsdir. Bu qocalıq elə  bir dayanacaqdır ki, əgər ömür qıyarsa, hər bir gənc nə  zamansa o dayanacaqda dayanıb  avtobus gözləyəcəkdir.

 

ÖLÜM SİYAHISI

30 iyun 1992-ci il. Üzeyr bəyin ev-muzeyində oldum.İlk dəfə Azadlıq meydanında eşitdiyim Milli marşın yaranma tarixini öyrənmək istəyirdim. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını ürəkdən alqışlayan Üzeyir bəy Sovet Azərbaycanının da himnini yazmışdı. Sovet himnini yazarkən onun keçirtdiyi təbəddülatları  təsəvvür etmək heç də  çətin deyildir. Mən bu barədə hekayə yazmaq fikrindəydim.  Muzeyin direktoru Ramazan Xəlilovla görüşdüm. Bu nəhəng vücudlu kişi  altı yaşından Üzeyir bəyin tərbiyəsi ilə böyümüş, 17 il onun şəxsi katibi olmuşdur. 

25 aprel 1920-ci ildə, Cümhuriyyətin çöküşünə üç gün qalmış Üzeyir bəy “Azərbaycan” qəzetində Azərbaycanda Sovet hökumətinin qurulması üçün canfəşanlıq edən Əliheydər  Qarayev haqqında kəskin bir felyeton yazıb çap etdiribmiş. Ramazan Xəlilovun söylədiyinə görə, Əliheydər Qarayev Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra güllələnməsi üçün 59 adamın siyahısını veribmiş. Əgər söylənilən bu höküm həqiqətdirsə, heç  şüpəsiz,  Üzeyir bəyin  adı  bu siyahıda ön sirada olubdur.

Ramazan Xəlilov söyləyirdi ki, Üzeyir bəy gecələr yatmırdı.Gözləyirdi ki, gəllib onu da aparacaqlar. Çox ağır günlər idi. Əliheydər Qarayev Üzeyir bəyi millətçi adlandırırdı.

 

                                                                          ***

Ramazan Xəlilov deyirdi ki, Üzeyir bəyin qardaşı Ceyhun oğlunun adını da Ceyhun qoymuşdu. Təyyarəçilik oxuyurmuş. Müharibə başlayanda bombardımana düşmüşdü. Ata Ceyhun özündə-sözündə olmur. Ona maddi kömək lazım idi.Üzeyir bəy  Mircəfər Bağırovun yanına  gedib hadisəni ona danışmışdı. Bağırov Stalinə zəng edir. Stalin deyir, icazə ver, kömək etsin.

 

BU SƏNİN İŞİNDİR

Ramazan Xəlilov söyləyirdi ki, bir axşam  Üzeyir bəy Əliağa Vahidə rast gəlir.Vahid Üzeyir bəyi  evinə dəvət edir. Bəstəkar evə girəndə gözlərinə inanmır.Şairin ev şəraiti onu sıxır. Evə gəlir, gecə yata bilmir. Səhəri gün  Mircəfər Bağırovun qəbuluna gedir. Bir neçə gündən sonura Əliağa Vahidə ev verirlər. Şair   uşaqlarını da götürüb Üzeyir bəygilə gəlir.

–Üzeyir bəy, mənə təzə ev veriblər. Bilirəm,  bu  cür xeyirxahlığı ancaq sən edərsən. Çox təşəkür edirəm. Allah səndən razı olsun.

 

KƏLBƏCƏR FACİƏSİ

9 aprel 1993-cü il. “Gənclik”  nəşriyyatı. Direktorun otağında oturmuşdum. Xəbər gəldi ki, jurnalist həmkarım Əlövsət Ağalarovun qardaşı Mahir Murovda şəhid olub.İkinci mərtəbəyə–-Azərnəşrə düşdük. Mahirin meyitini gətirənlər Azərnəşrin direktoru Azər Mustafazadənin otağına yığışmışdılar. Yarım saatdan sonra Əlövsət də içəri girdi, onun kədərli sifətinə baxa bilmirdim. Dözməyib  otaqdan çıxdım.

Meyitxanadan Mahirin cəsədini gətirməyə getdik. Mən Əlövsətlə eyni binada yaşayırdım. Binanın qabağında mərasim mağarı tikilmişdi.

Axşam  mollanın yanında  nurlu bir  qoca gördüm, alnı qırışsız, göy gözləri diri, saqqalı ağapaq idi. Adamlar seyrələndə onun ürək pıçıltılarını eşitdim:

– 40 gəbəm vardı, indi ayağım altına salmağa birini tapmıram. 25 dəst yorğan-döşəyim vardı, indi quru yerdə yatıram. 8 baş inəyimdən üçü sağılırdı, indi içməyə ayran tapmıram. Dörd otağım vardı,yaşamağa indi otağım yoxdu.

Bu sözlər məni kövrəltdi. Məlum oldu ki, Seyid İmran da qaçqındır. Kəlbəcərin Başlıbel kəndindən Bakıya gəlibdir.

Əl-ayaq çəkiləndə onu evə dəvət etdim. Etiraz etmədi. Ayaqlarını isti suya qoyduq ki, dincəlsin. O qədər alxış edirdi, xəcələt çəkirdik. Ayaqlarına təzə corab geyindirəndə gözləri doidu:

– Beş güh yol gəlmişəm, evlərin girişində gecələmişəm. Axırki bu gecə rahat yataram.

Sübh tezdən onun səsinə oyandım. Namaz qılırdı. Sakitiliyi pozan Allahu-Əkbər sədası mənə çox sirli təsir bağışlayırdı. Çörək yeyəndə dedi:

–İki motalım qaldı, iki vedrə yağım qaldı...

–Yurdumuz, torpağımız qaldı, İmran kişi.Torpağımız.

–Elədi – dedi.

Qaçqın dərdi söyləniləsi dərd deyildi. Adamlar illərlə qazandıqlarını bircə gündə itirirlər.

Candan şirin heç nə yoxdur deyillər,ancaq illərlə minbir əziyyətlə qazandıqları da şirindir axı.

Üç gecə şəhid Mahir Ağalarovun mərasimində kəlbəcərlilərin dastanlara sığışmayan kədərli söhbətlərini dinlədim.

Qaçaqaç vaxtında heç cür elinə çata bilməyən bir qadının özünü asması, 90 yaşlı anasını kürəyinə şəlləyib Murov dağına qalxan oğlu, qundaqda çağasını itirmiş ananın alacalanmış gözlərini (sonra o körpəni tapıb Gəncəyə gətirilblər), göz önünə gətirmək belə çətindir.

P.S. O vaxtdan illər keçib. Bu illər ərzində qaçqın-köçkün həyatı yaşayan nə qədər soydaşımız yurd həsrəti ilə bu dünyadan köçüb.  Mən indi bilmirəm Seyid İmran hardadır? Əgər sağdırsa, səsimə səs versin. İndi onun ata-baba yurdu Başlıbel kəndi 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olubdur.

 

 

QƏLBDƏN KEÇƏN AĞRILAR

1995-ci ilin avqust ayı. Nabrana–Dostluq sanatoriyasına axşamtərəfi çatdıq. Neçə il idi istirahət etmirdim. Bizə ayrılan otaqda yerləşdikdən sonra , gec də olsa, sanatoriyanın həyətində  bir az gəzib-dolaşdıq. On beş yaşlı oğlum tez-tez soruşurdu:

–Ata, bura dənizə yaxındir?

–Hə, çox yaxındır.

–Çiməyə gedəcəyik?

–Hökmən. Amma  sahildən çox aralanmaq olmaz.

Sanatoriyanın həyəti işıqlı idi, həm də aydınlıq gecəydi. Bir qədər gəzəndən sonra otağımıza qayıdıb yatağımıza uzandıq. Birdən qulağıma zərif tütək səsi gəldi. Qarğıdan düzəldilmiş bu tütəkdə nə hikmət vardısa, xəyalımı çəkib uzaqlara aparırdı. Üzünü görmədiyim o adam çox yanıqlı çalırdı. Mən  gözlərimi yumub tütəkdən qəlbimə süzülən, yaddaşıma hopan nəğmərə qulaq asırdım. Kim idi  belə gecənin yarsı yanıqlı-yanıqlı tütək çalan? Əlbəttə, bunun bir o qədər də əhəmiyyəti yox idi. Amma nədənsə tütəyin  səsi mənim ruhumu oxşayırdı. Bu səs məni halbahal edirdi, gözəgörünməz qanadları üstünə alaraq xəyalımı  çox-çox uzaqlara aparırdı.

Tütəyin səsi altında nə vaxt yuxuya getdiyimi bilmədim. Səhər yuxudan tezdən ayıldım. Dənizin uğultusu gəlirdi.

Səhər yeməyimizi yeyib dəniz kənarına düşdük. Uzaqda bir adam tək-tənha gəzirdi. Az keçmədi yenə tütək səsi gəldi. Deyəsən, tütəyi xeyli bizdən aralıda gəzən adam  çalırd.Yox, yanılmamışdım, tütək çalan o idi. Asta-asta, tütəyini çala-çala bizə doğru gəlirdi. O, ortaboylu, əlli-əlli beş yaşlarında bir kişi idi. Heç kəsə, heç kimə əhəmiyyət vermədən tütəyini çala-çala yanımızdan keçib qarşı tərəfə getdi. O çox gözəl çalırdı. Mən onun çalğısını dinləməkdən, o isə çalmaqdan usanmırdı.

Dənizin üfüqlə qovuşduğu yerdə gəmi görsənirdi. Günəş yavaş-yavaş qalxırdı. Dənizin suyu günəşin şəfəqlərindən gözoxşayan rəng almışdı. Qırmızıya çalırdı, xırda ləpələr bir-birini qova-qova dalğa yaradırdı. Sahilə can atan dalğalar yenidən geri çəkilirdi.  Bu an elə bil dəniz nəfəs alırdı.

Getdikcə adamlar çoxalırdı. Özünü dalğaların qoynuna atıb çimənlər vardı. Yenə tütəyin səsi gəlirdi. Get-gedə tütək səsi yaxınlaşırdı. Bir az sonra bəstəboy kişi tütəyini çala-çala, ətrafına baxmadan  gəlib yanımızdan keçdi. Ətrafdakılar da ona əhəmiyyət vermirdilər.Deyəsən bu hala alışmışdılar.Dənizə  baş vurmağa hazırlaşan kişi dedi:

–Kəlbəcər qaçqınıdı, axşam-səhər  tütək çala-çala gəzir.

–Hə, indi bildim  bu qəm nə qəmdi,–dedim.

Kişi:

–Yurd  itkisi çox ağırdı.

–Bəli, ağır dərdi,–dedim.

–Heç kəslə danışıb-eləmir, səhər açılandan axşam şər qovuşanacan tütək çalır.

–Qardaş,–dedim,–elə böyük dərd var ki, onu danışmaq olmur. Bax bu kişi də sözünü tütəklə deyir.

Mən ailəmlə on səkkiz gün sanatoriyada qaldım. Amma bircə gün də özümü Nabranda, Dostluq sanatoriyasında hiss etmədim. Qaçqın kişinin  çaldığı tütək məni gah Kəlbəcərə, gah Şuşaya, gah Ağdama apardı.

 

DƏYƏR

15 noyabır 1988-ci il. Yazıçı nəşriyyatında Nəsr şöbəsinin müdiri idim. Tərcüməçi Natiq Səfərov Tərcümə şöbəsində redaktor vəzifəsində işləyirdi. Bizim şöbəyə tez-tez gəlirdi. O, böyük istedadından xatirələrdən başqa bu dünyada elə bir yazılı  irs qoymayan  Vidadi Məmmədov haqqında yana-yana danışırdı. Maşın qəzası zamanı həlak olmuş Vidadi Məmmədov haqında qəhərlənərək deyirdi:

– Düz on gündür elə bilirəm canımın yarsı torbağa basdırılıb. O məndən on qat, min qat istedadlıydı. Onu Qarabağ yetirmişdi, qarabağlı yumuşaqlığı da məhv etdi. Vidadi deyirdi:

– Sən cümləni görürsən, mən isə sözü, sözdəki səsləri görürəm.

31 yanvar 1996-cı il. Qarabağ müharibəsi  bitmək bilmədi. Atəşkəsin sonu  olmadığı kimi, torpağımızı geri almaq da bir arzu olaraq qaldı. Qarabağ alınmadı, amma əvəzində məmləkətimizdə çoxlu Qarabağ adlı restoranlar, kofelər, şadlıq sarayları tikildi. Çadır şəhərciyində qarabağlı ataların, anaların övladları gəldi dünyaya. İndi onlar 7–8 yaşlı uşaqlardı. Birindən soruşdum – Haralısan?  Çadır şəhərciyindən–deyə cavab verdi. Ürəyim sızladı.

P.S. İllər keçdi, illər! 27 sentyabr 2020-ci il. Yuxum ərşə çəkilib. Qarabağ uğurunda müharibə başlayıb.Çadır şəhərciklərində doğulanlar döyüşə atılıblar. Hər an nigarançılıq, qəhər, kədər, fərəh, sevinc içindəyəm. İş yoldaşım xəritədə azad olmuş kənd və şəhərlərimizi tapıb fərəh içində sancaqlayır.İnşaalah qələbə bizimlədir.

 

OXŞARLIQ

Birdən başını qaldırdı. Gözləri Əlisanın gözlərinə sataşdı və ürəyindən qəribə bir hiss keçdi ki, Əlisa döyülüb qorxudulmuş, lakin  gözlərindəki qurd işartısını saxlamış, marıqda yatan, rəqibinin üstünə atılmağa məqam gözləyən canavara oxşayır.Baxdı və gördü ki, Darvin yanılıbdır, adamların hər biri  heyvanlardan birinə bənzəyir, amma meymuna oxşayan çox azdır.

GÖZLÜK

O qadın bədbəxt idi. Ömürü boyu qapının gözlüyündən baxırdı. Qohum-qonşunu o gözlükdən seyr edirdi. Dünyaya da o kiçicik gözlükdən baxırdı. Mənən o qədər kiçilmişdi ki, özü də dönüb gözlük olmuşdu. Adına “Gözlük” deyirdilər.

                                                                                                               

PAPAQ

Jurnalist Nəriman Həsənəliyevlə rastlaşdım.Görüşdük. Başında gümüşü papaq vardı. Xasiyyətcə səmimi olan Nəriman ona  diqqətlə baxdığımı görüb:

–Babamın papağıdır – dedi:                                                          

                                                             

MASKA

Günlərin birində, kirayənişini olduğum həyətdə bir mərəkə qopdu ki, bütün məhəllə əhli  tamaşaya durdu. Mən pəncərədən, qapıdan, damdan, bacadan baxan parıldayan gözləri, bic-bic qımışan, haldan-hala düşən, yalançı peşmançılıq maskasını taxmış sifətlərin ifadəsindən aydınca oxunan razılıq nişanəsini görəndə adamların bu qədər xudbin, paxıl  olmalarına təəccüb etdim. Dərd  burasıdır ki,  nə səbəbənsə özündən çıxmış adamın sifətinə həkk  olunmuş  ürəyini deyil, onun ağzından çıxan sözü qamarlayırıq. Burada aydınca  oxuduğumuz sifətin maskasını yırtmaqdan ehtiyat edirik, çünki bu maskadan birini də biz özümüz  taxırıq.

 

DÜZ  DEYİRSƏN

16  iyun 1991-ci il. Ağdamda Bakıya gəlirdim. Kamil adlı qarmonçalan  bir şəxslə yol  yoldaşı oldum. Kamil danışırdı ki, Laçının Şəlvə kəndində toydaydıq. Yaşlı bir kişi bizə yaxınlaşıb stolun üstünə beş manat atdı. Mənim üçün “İnnabı” havasını çalın oynayım. Çaldıq. Mağarın o başına gedib qayıtdı. Olmadı. “Uzundərə” çalın. Çaldıq. Getdi o başa, qayıtdı bu başa. Dedi: Olmadı. Dedim, ağsaqqal, qulağını  bir az yaxın tut. Ağsaqqal əyildi. Dedim,ə, sən dədeyin goru, pulunu da götür get otur yerində, sən oynaya bilirsən?

Kişi stolun üstünə bir onluq da qoyub dedi.

–Kişi adamsan, qırx ildi aşıqları dolayıram, biri maa deməyib ki, ə, köpəkoğlu,sən oynaya bilirsən.

***

‘’ Yazıçı” nəşriyyatında iş yoldaşım İsa Hümmətovda qatı açılmamış atalar sözləri vardı.  O deyirdi:

– Qaraçı çalır kürd oynayır, acığı tutan bir də oynayır.

–  Tülkü yuvasına girə bilmir,  quyruğuna da bir süpürgə bağlayır.

– Qaşınıram qanım çıxır, qaşınmıram canım.

  Rəhmətlik İsa deyirdi:

Aydərədən köç gəlir,

Sərxoş öküz boş gəlir.

Ülviyyə elə tullanır,

Hediqulya xoş gəlir.

 

               

MENTALİTETİMİZ

30 iyun 1992-ci il. Şəkinin, Şirvanın xanları, bəyləri eşidirlər ki, Qarabağ xanı İbrahimxəlil xanın nökəri ölüb. Yığışıb başsağlığı verməyə gəlirlər. Yolda birisindən soruşurlar ki, ayə, xanın nökəri nədən ölüb? Adam cavab verir ki, ay sağolmuşlar, xanın nökəri kimdi, gecə xanın özünü öldürüblər.

Xanlar atlarının başını döndəriblər geri.

–Daha gedib kimə başsağlığı verəcəyik, çıxaq gedək evimizə.

 

QANANA DƏRS

Quranda deyilir: Həyat körpü, insanlar yolçu, gördüklərimiz dərs, aldığımız ibrətdir. Dünyaya üryan gəlmiş, əliboş gedəcəksən... düşün, imana gəl, haqqa dön.

 

MƏKTUB

19 aprel 1993-cü il. “Gənclik” nəşriyyatının Baş redaktoru  idim. Hər xasiyyətdə müəlliflər gəlirdi yanıma. Bir gün qapı açıldı.

–Gəlmək olar?

– Olar, buyurun.

Gəlib qarşımdakı boş stulda oturdu. Diplomat çantasını açdı:

–Sizə limon gətirmişəm.

–Çox  sağ olun, bazarda var, özüm alaram.

–Məktub da gətirmişəm.

–Kimdən?

–Heç kimdən, sizin üçün əlçirkidi.

–Məqsədin nədir?                                                           

–Kitab çap edirmək istəyirəm.

–Nə zamandan yazmağa başlamısan?

–Keçən ildən başlamışam.

–Neçə yaşın var?

–Altmış yaşım  bu günlərdə tamam olub.

 Bilmədim  ona nə cavab verəm ki, qəlbinə toxunmasın.

–Mənə gətirdiyin o məktubu sahibinə qaytar.

–Məktub sizədir.

–Xahiş edirəm məktubunuzu başqa ünvana aparasınız.

Qalxıb otaqdan çıxdı. Fikiçləşdim ki, hər millətin bir xəstəliyi var, bizimki də şairlik xəstəliyidir.

                                                        GÜNAH

4 mart  1994-cü il. Dahi rus yazıçısı L.Tolustoy yazırdı: “Tarixə epiqrafı mən belə yazardım. Heç nəyi gizlətməyəcəm. Birbaşa aldatmaq hələ azdır. Dolayısı ilə   aldatmaqdan–susmaqdan da qaçmağa çalışmaq lazımdır”. Mən də heç  nəyi gizlətmək istəmirəm. O gün böyük günaha batdım. Sənin qəflətən qəzəbdənmi, nifrətdənmi, qəhərdənmi dolan gözlərin bütün varlığımı sarsıtdı. Peşmançılıq hissi ürəyimdə o qədər  güclü idi ki, mən ölümü belə hər şeydən üstün tuturdum. Yaşla dolmuş o gözlər heç vaxt yadımdan çıxmaz. Bağışlanacağım günü gözləməkdən başqa əlac yoxdur.

                                   
                                                               ANLAŞILMAZLIQ
Sənin mənəvi dünyanı sonacan oxuya bilmirəm. İstəyirəm bu haqda düşünməyəm, amma özümlə bacarmıram. Səni qəlbimdə o qədər uca tutmuşam ki, ləyaqəti olmayan bir adama ən kiçicik güzəştin  belə məndə təəccüb doğurur.

Avqust, 2022