Məmməd Qədir -  Kaş ki

Ədəbiyyat 14:28 / 24.05.2026 Baxış sayı: 395

 

"Bağışla, unutdum görüşməliyik"...

Öləydim, eşidib duymazdım kaş ki!

Bu sözdən dağ uçub, daş əriyərdi,

O daş ürəkliyə uymazdım kaş ki!

 

Dəfn etdin körpəcə diləklərimi,

Necə yonub tökdün lələklərimi,

İşığı olduğun bəbəklərimi,

Həsrətin əliylə oymazdın kaş ki!

 

Alnında Allahın yazısı idim,

Qarışıq yuxunun yozusu idim,

Bu eşqin qurbanlıq quzusu idim,

Məni diri - diri soymazdın kas ki!

 

Çəkəydin xəncəri, qanım çıxaydı,

Ahıma qəbirdən anam çıxaydı,

Bunu anladınca canım çıxaydı,

Dipdiri məzara qoymazdın kaş ki!

 

Necə layiq bildin, axı, birdənəm,

İndi ruhu uçmuş cansız bədənəm,

Allah, axı səni sevən bəndənəm,

Məni bu əzaba qıymazdın kaş ki...