Kəmaləddin Qədim - DÜŞMÜŞƏM
Dünya, bir vaxt xoş xəbərin olmuşam,
Bir vaxt sənin xoş vaxtına düşmüşəm.
Doğulmuşam, Baş xəbərin olmuşam,
lap yuxarı, baş vaxtına düşmüşəm...
Üç bacıya qardaş olub bir də bir,
Gəzməmişəm ürəkdə bir, dildə bir.
Orucunu qarşılayıb ildə bir,
namazının beş vaxtına düşmüşəm...
Göylərində qanad çalan quşam mən,
Öz könlümə ağam mənəm, paşam mən.
Sorma nədən faniyəm mən, boşam mən,
Yaradanın boş vaxtına düşmüşəm...
Sayıb adam, bəndə, məni sevərdin,
Lap salardın bəndə məni, sevərdin.
Bilirəm ki, sən də məni sevərdin,
Ürəyinin daş vaxtına düşmüşəm...