Həzi Həsənli yazır:  - Tənha qovağın kölgəsi...

Ədəbiyyat 08:54 / 19.08.2022 Baxış sayı: 2157

Həzi Həsənli yazır:

Tənha qovağın kölgəsi...

 

Əvvəllər Borçalının Faxralı kəndindəki dədə - baba yurdumuza məzuniyyət və istirahət günlərində, bəzən də bayramdan – bayrama gedə bilirdik. Son üç ildə kənd həsrəti məni üzür. Pandemiya səbəbindən öz ata yurduma, doğma Faxralımıza gedə bilmirik. Çünki Gürcüstanla sərhəddə quru yollar bağlıdır. Düzdür, Azərbaycanda öz kəndimizin təbiətinə, iqliminə oxşar rayonlarında, kəndlərində çox olmuşam. Amma aran kəndinin də özünəməxsus fərqliliyi var. Gərək bunlardan da xəbərdar olaq... Azərbaycanın çox rayonlarının kəndlərində olmuşam. İmişlinin Məzrəli kəndində isə ilk dəfə olurdum.

...Məzrəli kəndi Qaradonlu, Xubyarlı, Qızılkənd və Çaxırlı kəndləri arasında, Baş Muğan kanalının sağ sahili istiqamətində yerləşir. Kəndin yerləşdiyi coğrafi ərazi isti iqlim tipinə aid olsa da, burada yol boyu iydə, qovaq, çəkil ağacları, üzüm, nar, heyva, gavalı, fındıq ağacları ilə zəngin bağları kəndin təbiətinə özünəməxsus yaraşıq verir.

Kəndin böyük tam orta məktəbi, mədəniyyət evi, tibb məntəqəsi, kitabxanası, iki məscidi var. Bu da öz növbəsində burada yaşayan insanların elmə, mütaliəyə maraqları ilə bərabər, eyni zamanda iman və təqva sahibi olduqlarını da göstərir. Əhalisi əsasən maldarlıqla, əkiçiliklə, xüsusilə aran zonasına daha çox xas olan və süni suvarma şəraitində yetişdirilən pambıq, çuğundur, yonca, taxıl, bostan və tərəvəz bitkiləri yetişdirrməklə məşğuldur.

Həmişə dağların təmiz havasına, bulaqların saf suyuna, təbiətin gözəlliklərinə öyrəşmiş bir adamın aran kəndinə səyahət etməsi elə də asan deyil. Amma şəhərdən uzaqlaşıb bura gəlməyimin başlıca səbəbi kənd həsrətimlə bağlıdır. Ona görə də yayda yandırıb yaxan gündüz günəşinin istisi də, qışda axşamlar kənd evlərinin bacasından çıxan tüstüsü də mənə yad deyil, doğmadır. Məni kənd həyatına çəkib gətirən kənd ab – havası, kənd adamlarının təbii hisslərinin saflığıdır. Bu kənddə Qurban kişinin qonağı olduq. Çox mehriban və gülərüzlü insandır... Özünün söhbətlərindən məlum oldu ki, sovet dönəmində kolxozda aqranom və briqadir işləyib. Əsil kənd adamı, torpaq adamıdır. Bu kəndin tarixi, keçmişi, dünəni və bu günü haqqında elə şövqlə danışırdı ki... Deyirdi ki,” mən bu kənd həyatının mənasını xeyli yaşlanandan sonra daha yaxşı dərk etməyə başladım. Zamanında kolxozda müxtəlif vəzifələrdə işləmişəm, ev, ailə, uşaq sahibi olmuşam. Uşaqlar böyüyüb, dörd övladımın hamısı təhsil və peşə sahibləridir. Mən də təqaüdçü ömrümü yaşayıram, mal – heyvan saxlayıram. Kəndin qayğıları çoxdur. Bu səbəbdən də darıxmağa vaxt yoxdur. Məni yaşadan da elə bu kənd qayğılarıdır.” Şair demişkən :

Qovğasız yaşamaq ona çətindir,

Hanı o boy – buxun, əzəmət indi?!

Qurban kişi təqvalı insandır, namaz əhlidir. Sözümüz – söhbətimiz yaxşı tutur. Hiss edirəm ki, vaxtilə çox kitablar oxuyub, zaman – zaman mütaliə ilə ciddi məşğul olub. Evində kitabların çoxluğu da bundan xəbər verir. Böyük oğlu Bəhruz kənd məktəbində müəlim işləyir. Qurban kişinin söhbətləri nə qədər dünyagörüşlü və müdrik idisə, Bəhruz müəllimin də söhbətləri bir o qədər müasir dövrün elmi, sosial problemlərini əhatə edirdi. Fürsətdən istifadə edib müəlllimlə təhsil problemlərinə, məktəbdə müəllim-şagird münasibətlərinə aid müzakirələr apardıq.

Mən Qurban kişiyə müqəddəs “Quran” kitabımızı və bir təsbeh bağışladım. Dedi ki, hər dəfə namaz qılanda xeyir – dualarını bizdən əsirgəməyəcək. Sağollaşıb doqqaz qapısından çıxanda dedi:

  • Sağ – salamat gedin, yolunuz açıq olsun...

“Bəli, mən gəzirəm mahal – mahal, salamat qal, sağlıqla qal!”

***

Məzrəlinin vətənpərvər oğulları da çoxdur. Kənd Birinici Qarabağ Müharibəsi zamanı on dörd, İkinci Qarabağ Müharibəsində isə iki şəhid vermişdir.

Bənzər taleləri yaşayan Mehdiyev Əhliman və Quliyev Elçin adlı iki dost eyni kənddə doğulublar, eyni məktəbə gedib bir sinifdə oxuyublar. 2020-ci ilin sentyabrında bir yerdə Vətən Müharibəsinə qatıldılar və 30 illik həsrətimizin bitməsinə, müqəddəs toraqlarımızın azad olunmasına gedən yolda qəhramancasına döyüşərək şəhid oldular.

Quliyev Elçin Etibar oğlu 2001-ci il avqustun 24-də İmişli rayonunun Məzrəli kəndində dünyaya gəlib. Körpəlikdən öz mehribançılığı, zarafatçıllığı, şən xarakteri və hazırcavablığı ilə seçilib. Eyni zamanda, Vətəninə, elinə bağlı olub. Atası danışır ki, o uşaqlıqdan şəhid olmağı arzulayırdı. O zamanlar ailəsi bunu sadə bir təbəsssümlə qarşılayar, övladlarını ovundurmaqla kifayıtlənərdilər. Lakin...bu körpə ürəkdə olan böyük istək bir gün öz arzusuna Suqovuşanda qovuşdu. 2020-ci ilin Oktyabr ayında gərgin döyüşlər zamanı şəhadətə ucalır. Kiçik, amma mənalı və şərəfli bir ömür yaşayaraq köçdü bu dünyadan.

Şəhid analarını düşünəndə, şair dostum, rəhmətlik Suliddin Qasımlının əzbərimdə olan “Ağlama, ana!” şeiri yada düşür:

Oğlunu güllələr gömgöymü biçdi,

O, qəlblərdə bir də bitəndi, ana.

Oğlun bu dünyadan nakammı köçdü,

Neyləmək, Vətən də Vətəndi, ana.

 

Düzmə ağıları yollara çin – çin,

Qarsalar çölləri ağılar, ana.

Sənin oğlun öldü bu Vətən üçün,

Ağlama, sevinər yağılar, ana.

 

Demə oğlun elə torpağa getdi,

Demə dərdin dağdı, ağlama, ana.

Oğlunun ki, yeri əbədiyyətdir,

Sənin oğlun sağdır, ağlama, ana.

 

... Aran kəndinə səfərim salamat keçdi. Amma canım sanki təndir içindəydi. Qışdan canımda qalan soyuqdəymədən taa əsər - əlamətmi qalar?! Yeri – göyü qarsan istiliyin əlindən köçümüzü sərin bir yerə çəkmək istəyirdik. Gündüz yoncalığın o başında görünən tənha qovaq ağacını göstərib dedi:

  • Müəllim, axtardığımız sərinliyi o tənha qovağın kölgəsində tapa bilərik...

... Yaşı əsrə, başı qəsrə dayanan tənha qovağın dibində oturduq. Qovağın da, bizim də qəlbimizdə bir ümid parladı: “Oxaaay! Nə gözəl sərindir!” Amma təhlükələr kölgələrdən də yan keçmir:

Ey sərin kölgələr, sərin kölgələr,

Bir gün siz gedərsiz, yenə sel gələr...

... Məzrəlinin dağı, meşəsi olmasa da, buranın da özəlliyi, öz fərqli gözəlliyi var. Elə Gündüzün öz əlləri ilə bir-bir yığıb mənə verdiyi böyürtkənlərin dadının da əvəzi yoxmuş:

Yeyirəm, deyirəm bu nə xəyaldır,

Bəlkə yanılıram, yediyim baldır?!

**

Ətirli və xətirli bir xatirə...

Gündüzün daxii dünyasının zənginliyi hər sözündən-söhbətindən bəllidir. Məzrəlidən ayrılanda mənə bir dənə şamama verdi. Dedi ki, bu yemişn ətrini duyandan sonra kəndimizi yaddan çıxarmayacaqsınız...

...İndi evimizdəki balaca iş otağım Məzrəli şamamasının ətrinə boyanıb. Bu da vətən torpağının aran kəndindən yadda qalan ətirli və xətirli bir xatirədir:

Məzrəli:

Bürküləri yara-yara,

Gəldim yollar yora-yora,

Demə sən hara, mən hara?!

Məzrəli...

 

Demə sənə yovuşmazam,

Mən ki, tel-tel ötən sazam,

Gərək sənə şeir yazam,

Məzrəli...

 

Öz “Vışka”sı, öz daxılı,

Bostançı şirin yuxulu,

Bostan şamama qoxulu,

Məzrəli...

 

Gün vurub, otlar saralı,

Böyütkənlər qaralı,

Üzümlərin abqoralı

Məzrəli...

 

Payızda yenə gələydim.

Bağları barlı görəydim,

Heyvadan, nardan dərəydim,

Məzrəli...