Elnur Uğur Abdiyev : - Vicdan hakimimdir bu məhkəmədə,
Vicdan hakimimdir bu məhkəmədə,
Şəhadət gözlərəm səntək şahiddən.
Halallıq istərəm yaşamaq üçün,
İki min doqquz yüz yeddi şəhiddən.
İki min doqquz yüz yeddi şəhidin,
Qanının əvəzi Vətən sağdı,sağ.
Onlar olmasaydı bu gün bu Vətən,
Adicə torpaqdı,adicə torpaq.
Bir mərmər baş daşı bir ordu gücü,
Baxırsan ruhu da dayaq üstədi.
O daşlar üstündə bu boyda Vətən,
Şükür salamatdı,ayaq üstədi.
İki min doqquz yüz cənnət ətirlim,
Cəhənnəmə əzab yaşadanlarım.
Siz mənim qürurum, heysiyyətimsiz,
Siz mənim tarixdə ən böyük varım.
Bu gün məğrur- məğrur gedir sabaha,
Sizin ruhunuza söykənib Vətən.
Bir dərs keçdiniz ki, tarix uzunu
Düşmənim qorxacaq baxanda gendən.