Əlisəfa Azayev : - Yurdum mənim...

Gündəm 13:20 / 18.07.2024 Baxış sayı: 8745

 

Kürdəmir!... Yurdum mənim!... Sən nə qədər isti, bürkülü, dözülməz olsan da, dünyanın ən əziz, cənnət məkanısan bizə!... Şoranlı torpaqlarının ətirli yovşanı, boz qarağanı, piranlı yulğunu ilə!... Səndə mənim körpə uşaqlığım, dəcəl yeniyetməliyim, fikirli gəncliyim keçib!... İndi bu sətirləri necə böyük fərəh, qəlb açıqlığı ilə yazıram!... O tozlu-torpaqlı yollarda başıaçıq, ayağı yalın gəzdiyim günləri ürəkdən, xatırlaya-xatırlaya!... Nə gözəl, xoşbəxt günlər idi o günlər!

Onda heç on yaşım tamam deyildi. Levitanın həyəcanlı halda dediyi: "Vinimaniye! Vinimaniye!" sözləri. Dünyada ilk dəfə pilotlu kosmik raket buraxılmış!... Kosmonavt Yuri Qaqarin sağ-salamat yerə qayıtmışdı!... Bax bu bizim ilk sevincli, fərəhli günlərimizdən idi!...

Tarix beləcə yaranır... Və insan həyatında əvəzsiz rol oynayır. Bu gün burada Kürdəmir rayon Tarix-Diyarşünaslıq Muzeyində olmağımız da səbəbsiz deyil. Müqəddəslərin qiymətli kəlamları yada düşür: "Dostunu, ətrafını, özünü sevdiyin kimi sev". Hz.Musa. "Həqiqət səni azad edəcəkdir". Hz.İsa. "Beşikdən məzara qədər elm istəyin". Hz.Məhəmməd (s.ə.s.)

Həyatı bir müddət Kürdəmirlə bağlı olan, burada məktəb təşkil edib, müəllimlik etmiş, gözəl fəlsəfi şeirləri ilə qəlbimizi oxşayan şair Məhəmməd Hadi necə demişdir:

 

Bəşər tarixi matəmdir, bəşər tarixi möhnətdir,

Yazılmış qissələr başdan-əyağa həp müsibətdir.

 

Eramızdan əvvəl V-IV əsrlərdə yaşamış qədim yunan dramaturqu Aqafonun fikridir: "Hətta tanrılar da keçmişi dəyişə bilməz". Böyük ingilis publisisti, siyasi xadimi Edmund Berk isə yazmışdır: "Tarix ölülərlə dirilərin və hələ doğulmamışların birliyidir". Siciliyalı qədim yunan tarixçisi Diodor isə demişdir: "Tarix keçmişlərin təcrübə və müdrikliyini gənc nəslə çatdırır".

Bu baxımdan Kürdəmir rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Altay İslamzadənin və oranın kollektivinin yeri, əməyi danılmazdır. Bütün bunları dəfələrlə şəxsi müşahidələrimlə hiss etmiş, duymuşam... Qapıdan içəri girən hər bir ziyarətçiyə xüsusi qayğı ilə yanaşırlar. İstər şagird olsun, istər müəllim, istərsə də adi vətəndaş...

Muzey 1982-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb və cəmi 627 eksponatla fəaliyyətə başlayıb. 2015-ci ildə Prezidentimiz İlham Əliyevin müvafiq tapşırığı və tövsiyələri əsasında tamamilə yenilənib, sahəsi 300 m²-dən 450 m²-ə çatdırılıb. Hazırda muzeydə 4662 eksponat var.

Həmin açılışda şəxsən Prezidentimiz İlham Əliyev iştirak edərək, tanınmış ziyalılarımızın şəkilləri vurulmuş guşəyə baxarkən, onun şəklini göstərərək soruşub: "Bu kimdir?" Sabiq İcra başçısı Ceyhun Cəfərov deyib: "Mən təzə adamam. Yaxşı tanımıram. Yazıçı olduğunu deyirlər". Bax burda da sabiq başçı yanlış danışıb. Onda xeyli müddət idi ki, rayonda idi. Bir də ki, rayon ziyalıları ilə tanış olmaq onun üçün bir o qədər çətin idi?!

Muzeydə olarkən baş elmi işçi Şeydayeva Aytənin bələdçiliyi ilə bölmələrə baş çəkdik. Kürdəmir rayonu haqqında ümumi məlumatlarla tanış oluruq. Tariximizin ən qədim dövrünə səyahət edirik. Daş dövrünə aid əl işləri, gil qablar... Çayda balıq tutan insanlar... Sıx qamışlıq... Fauna və floramız... Qədim məişət əşyaları... Naxışlı qablar...

Orta əsrlərə aid əşyalar Ərəbqubalı kəndində aparılan qazıntılar zamanı aşkar edilmişdir. Muradxan kəndində təsadüf nəticəsində tapılmış və sayı 1133, kütləsi 5,470 kq olan gümüş sikkələrdən ibarət xəzinə nümayiş etdirilir. Xəzinədəki sikkələr 1420-1441-ci illəri əhatə edir. Zərb olunan bu sikkələr çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, bu çəkidə indiyə kimi respublikamızda xəzinə tapılmamışdır... Onda bu məkanın orta əsrlərdə mədəniyyət mərkəzi olması bəlli olar.

Pul demişkən yadıma o günlər düşdü ki, 1982-ci il idi... Kürdəmir rayon XDS İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri təyin olunmuşdum. Aylıq əmək haqqım 170 manat idi. Keçmiş şöbə müdirinin qoyduğu "qayda-qanunları" ilə getsəydim hər icrakom protokolundan 10 manat, sessiya protokolundan 25 manat almaqla ayda 500 manatadək əlavə gəlirim olmalı idi. 18 kənd soveti, 1 şəhər soveti vardı. Birinci gündən bu qaydanı ləğv elədi. Yadında idi, Xırdapay kənd sovetinin katibi, gənc qız Almara xanım protokolu təhvil verib çıxanda, onun altına nəsə qoyduğunu görüb, dərhal geri çağırdı. "Müəllim, nahar edərsiniz də" - dedi. Sərtləndi... Səsinə işçilər gəldilər. O da peşman halda gəlib 10 manatını götürüb getdi. Bir sözlə, belə işlər harada işləməyindən asılı olmayaraq, vicdan məsələsidir.

Sığırlıdakı Qaratəpə yaşayış massivi və kurqanı... Qaratəpə kurqan abidəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidələri sırasına daxil edilmişdir.

Muzey baxıcısı Tünzalə Əliyeva Kür çayı və rayonun sahilyanı kəndləri barədə məlumat verir. Şöbə müdiri, şəhid atası Vüqar İsmayılov orta əsrlərin gənc xanım və bəyzadəsinin geyim paltarlarını göstərir. Onu da deyək ki, burada mərhum oğlu səma şahini Əbu Bəkr İsmayılovun geyim əşyalarından ibarət zəngin bir guşə yaradılıb. Əlbəttə, hər gün onlara baxmaq, qarşılaşmaq ata üçün nə qədər ağırdır.

Fond müdiri Cəfərova Gülnar 1876-cı ildə Kürdəmirdə açılmış şərab zavodu haqqında məlumat verir. "Kürdəmir" çaxırı o vaxtlar dünyada tanınırdı. Rus çarı həmin açılışda iştirak etmişdi. Bu şərabın məşhurluğunu eşidən böyük fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri vaxtı Nuxaya gedərkən bir günlük Kürdəmirdə olmuşdur.

Tərtibatçı rəssam Abdullayeva Həlimə Kürdəmir musiqiçilərindən söhbət açır. Onlarla bağlı bölməni göstərir. Aşıq Şakirin medalları taxılmış aşıq paltarları maraq doğurur.

Yenə xatırladı, "Kürdəmir" mahnısı yenicə yaranmış, həmin mahnının bəstəkarı rayona gəlmişdi. O vaxtlar rayon XDS İcraiyyə Komitəsinin müavini olan Oktay Mürsəliyev tez-tələsik tapşırıq verib getdi. O heyrətləndi: "Bu nə danışır... Mən pul yığanam?!" Ticarətin sədri Mirəli kişi 100 manat gətirib verəndə götürmədi, Ət-Kəsim məntəqəsinin direktoru Qismət Hacıyev, "Vinzavod"un direktoru da beləcə ona 10 manat pul vermək istəyəndə... Bir azdan aləm qarışdı. O isə heyrət içində deyirdi: "Heç işdir!... Mahnı da pulla yazılar?!"

Kiçik elmi işçi Mehdiyeva Gülsümün sözləri bizi heyrətləndirir: "Muzeyin on ikinci bölməsində Mövlanə Şeyx İsmayıl Kürdəmirli haqqında materiallar və onun rəsmi yerləşdirilmişdir. Mövlanə İsmayıl Əfəndi öz dövrünün ictimai-siyasi xadimlərindən olmaqla yanaşı Şeyx Şamil hərəkatının təkmilləşməsinə yardımçısı, həm də onun ilk müəllimi olmuşdur.

Yadıma Ərəbxana kənd orta məktəbində sinif müəllimi işlədiyim 70-ci illər düşdü. Maarif Nazirliyinin yoxlama briqadası gəlmişdi rayona, o cümlədən onların məktəbinə. Onun dərsində də oturub imla yazdırdılar. Nəticə əla alındı. İş təcrübəsinin yayılması qərara alındı.

Muzey haqqındakı məlumatda oxuyuruq: "On dördüncü bölmə 1918-ci ildə baş verən hadisələr zamanı çəkilmiş fotoşəkillərdən ibarətdir. Bu illərdə ermənilərin Azərbaycanda törətdikləri vəhşilikləri əks etdirən bu fotoşəkillər muzeyə Fransadan gətirilmişdir. Açıq-aşkar görünür ki, bütün dövrlərdə insanlığın nə olduğunu dərk etməyən və yaxud dərk etmək istəməyən bu barbarların yeganə məqsədi azərbaycanlıları tamamilə yer üzündən silmək olmuşdur. Fotoşəkillərin birində 10 yaşlı oğlan uşağının diri-diri yandırılması tamaşaçı üçün bədnam qonşumuzun iç üzünü açmaqda yardımçı olur. Qeyd etmək lazımdır ki, fotoşəkillərdə baş verən hadisələr haqda məlumatlar üç dilə – türk, rus, fransız dillərində muzeyə daxil olmuşdur".

Muzeydə II Dünya Müharibəsi və Qarabağ döyüşlərində həlak olmuş döyüşçülərə, iştirakçılara aid geniş foto-sərgi, məlumatlar vardır. Onların geyim əşyalarından nümunələr diqqəti cəlb edir.

Muzeydə, o cümlədən məlumatlı oluruq ki, Əmir Teymur Şamaxı və Dağıstanı ələ keçirmək məqsədilə qış qərargahını Kürdəmirdə yerləşdiribmiş.

Xalçaçılıq burada vaxtında çox inkişaf etmişdir. Onlara bariz nümunə kimi bu gün Şilyan xalçasını göstərə bilərik.

Turac quşunun vətəni Kürdəmirdir desək heç də səhv etmərik. Necə ki, Kürdəmir yemişi ilə öyülür, simvolizə olunur. Bir də qatar gəlir, bələdçi məlumat verir: "Hörmətli sərnişinlər, qatar Kürdəmir stansiyasına yaxınlaşır. Düşənlər hazırlaşsınlar..."

Bir vaxtlar rayonumuz ceyranı, cüyürü ilə də seçilib, fəxr olunub. Necə ki, indi Xoruzlu piri var... XIX əsrə aid tikili onun ərazisindədir. Vaxtı ilə bu binanı Bakı-Tiflis dəmir yolu xətti çəkiləndə Nobel qardaşlarının təsis etdiyi şirkət tikdirib. Yaraşıqlı su qüllələri də şəhərimizə baxımlılıq gətirir. O cümlədən XIX əsrdə tikilmiş Dəmiryolçular evi də...

Bu günümüzlə səsləşən bölmədə həmyerlimiz, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının "Aşıq Əhmədin yaradıcılığı", "İrəli" rayon qəzetinin sabiq şöbə müdiri Tofiq Abdullayevin "Ziyalılar fəxrimizdir", mərhum tarixçimiz Ağa Zeynallının "Kürdəmir təhsilinin tarixi" kitabları diqqəti cəlb edir. Bundan başqa fəxrimiz, akademik Ağamusa Axundovun "Azərbaycan dilinin tarixi, fonetikası", "Riyazi dilçilik", "Ümumi dilçilik", dünya şöhrətli alimimiz, akademik Rafael Hüseynovun "Min ikinci gecə", "Məhsəti necə varsa", "Vaxtdan uca", tibb elmləri namizədi Heybət Mehdiyevin "Sağlamlıq cəfakeşi", "Diş xəstəlikləri" və onların profilaktikası", "Əhaliyə stomatoloji yardımın təşkili" kitabları sərgilənmişdir.

Beləcə muzeydə olduğumuz xoş anlar başa çatsa da, oradan ayrıla bilmirəm. Onlara üz tutub xoş sözlər deyirəm. Kollektiv bütün bunlara layiqdir. Başda direktorları, gözəl ziyalımız Altay İslamzadə olmaqla. Axı yaxşı deyiblər ki, iş iş bilənə tapşırılır. Altay müəllim həm də ictimai vəzifə sahibidir. Mədəniyyət işçiləri Kürdəmir rayon Həmkarlar Təşkilatının sədridir. İstirahət evlərində dincəlmək, sanatoriyalarımızda müalicə olunmaq istəyənlər ona müraciət edə bilərlər. Bir sözlə, vəzifə borcunu layiqincə yerinə yetirməyə çalışan prinsipial insan kimi tanıyır onu. İşinə vicdan meyarı ilə yanaşandır. Uğurlar!...