Əlisəfa Azayev : -  QADIN FƏDAKARLIĞI

Ədəbiyyat 10:28 / 14.10.2024 Baxış sayı: 1561

 

 

Dağlarda yaşamaq istər-istəməz insandan fədakarlıq tələb edir. Gərək bu sərt təbiətin hər bir çətinliyinə dözə, duruş gətirə biləsən. Bir tərəfdən iqlimin soyuqluğu, bir tərəfdən də qurd-quş qorxusu, təhlükəsi. Xüsusilə son günlər baş verən hadisələr ürək ağrıdırdı. Canavarlar yolda ahıl bir kişini necə xomxalayıbyemişdilərsə, yazığın yalnız girzo sapoqun içindəki ayaqları salamat qalmışdı...

Cığatel arvad xəstə yatağında olan əri Kərimullanın zığıltısına daha dözə bilməyib dilləndi:

  • Gəlsənə, səni həkimə aparım...
  • Nə ilə?.. –  Kişi xəstə uşaq kimi zarıdı.
  • Vaxt maşını ilə.
  • Bura gələ biləcək?..
  • Yalvarıb-yaxararam da...

Qadın dərhal paltarını geyinib yola düşdü. Axşamın alatoranlığında uzaqda görünən neft viskolarının işığı görünür. Onlar sıx meşənin qorxunc qoynunda lap sirli, əsrarəngiz aləmin mənzərələrini xatırladırdılar...

Qadın maşın səsi gəldiyini eşidib, qaça-qaça irəli tələsdi, onu səslədi:

  • Yavaş da!..
  • ...
  • Dayanın da!..
  • ...
  • Ağır xəstəm var!

“UAZ” maşınındakı fəhlələr ağır işdən sonra deyib-gülür, evlərinə çatacaqları, ailələri ilə görüşəcəkləri anı səbirsizliklə gözləyirdilər. Eləsi vardı ki, uşaqlarının dili ilə danışır, deyirdi:

  • Yaxşı oxumur da bu əclaf...
  • Elə bizim oğraş da...

Sonra da başladılar müəllimləri qınamağa, evdə dərs keçib, haqq alanları töhmətləməyə... Test imtahanlarının düşərliliyindən, neçə ailəni xoşbəxt etdiyindən də söhbət saldılar.

Cığatel arvadı isə nəinki onların səs-küyündən, elə maşının, motorun öz gurultusundan eşidən olmadı. Meşə ağacları da görünməsinə imkan vermədi. Tez-tələsik yüyürməsindən isə palçığa, lıqqaya batıb bulaşdı, onları qarğıdı:

  • Lənətə gələsiz sizi...
  • ...
  • Elə bil ki, qaçhaqaçdı...
  • ...
  • Adam bir böyür-başa baxmaz?!

Kolluqada görünən parlaq gözlərə üşünən kimi olsa da, bir azdan cəld geri  qayıdaraq öz-özünə deyirdi: “Tülkü olacaq da... Canavar heç vaxt yaşadığı, həndəvərə ziyanlıq vurmaz”. Sonra isə bu fikrindən nə qədər haqlı olduğunu təsdiq etmək istəyirmiş kimi dedi: “Yox, bu qarlı-şaxtalı havada nə desən gözləmək olar...

Ərinin xəstəliyi səbəbindən bu il qışlağa gedə bilməmişdilər. Qarlı-çovğunlu havalarda beləcə gün keçirəsi olmuşdular. Mal-qara da onlar kimi. Çoban Əvəzxanın hələ də gəlib çıxmaması onu hiddətləndirirdi. Qadın evə gəlib, ərinə bir söz deməsə də, o ki var hönkürüb ağaldı. Əri, həqiqətən də, ağır xəstə idi. Hədsiz qızdırma içində yanırdı... Kişi onun səsini eşidib soruşdu:

  • Yenə nolub?..
  • Heç nə...
  • Bəs bu nə ab-havaydı?..
  • Sənin üçün...
  • Qorxma, ölmərəm...
  • ...
  • Ölsəm, qorxma...
  • ...
  • Ölsəm, qorxma...
  • ...
  • Ölüdən qorxmazlar...

Onun bu sözləri yadını lap vahimələndirən kimi oldu. Dedi:

  • Səni həkimə aparacağam...
  • Nə ilə?.. Bəs vaxt maşının necə oldu?..
  • Çata bilmədim...
  • Çatsan da, çətin bura gələrdilər.
  • İnsafsız olma... Niyə...Onda Ballı arvadı doğum evinə aparmadılar?!.

Kişi məzəliliklə qımışdı:

  • O arvaddı da...

Qadın onu qınadı:

  • Haqsız olma...
  • İndi də, bu vəziyyətdə də kefimə dəyirsən?..

Gecənin bir aləmində arvad ona yaxınlaşıb, kişinin könlünü xoş eləmək istəsə də, mümkün olmadı. O əsl mənada odlu kürəyə dönmüşdü. Özünü saxlaya bilməyib dedi:

  • Deyəsən, səni tərs xəstəlik tutub.
  • Bu necə olur ey?..
  • Məhəbbət xəstəliyidi də... Qızdırma ilə gəlir...

Ancaq gecənin bir aləmində kişinin hədsiz qızdırmadan sayıqladığını görüb, daha dözə bilmədi... Nə qədər dava-dərman, türkəçarə etsə də, qızdırma düşmək bilmədi.

Gileyləndi:

  • O gün səsnə deməkdən yoruldum ki, bu soyuğun altında az işlə...
  • ...
  • Bu da axırı... Cavanlıq həvəsinə düşmüşdün...
  • ...
  • İndi nə edək?.. Başımıza nə daşın salaq?..

O, özünü itirməyib, həyətdəki atı yəhərlədi. Onu lap alaçığa tərəf çəkdi. Kişi zığıldayaraq soruşdu:

  • Nə etmək istəyirsən?
  • Səni həkimə aparacağam...
  • Belə vəziyyətdə?..
  • ...
  • Belə havada?..
  • ...
  • Yenə bir maşın olsaydı...
  • İndi nə edək, yoxdu da...
  • Mən o ata minə bilmərəm...
  • Minərsən...

Bir azdan onlar ata tərkləşmiş halda obadan uzaqlaşdılar. Qurd basar it xeyli müddət hürə-hürə arxalarınca gəldi. Cığatel arvad ona acıqlandı:

  • Kəs!
  • ...
  • Qayıt fermaya!..
  • ...
  • Qoyunları sahibsiz qoyma!..

Kişi dərdi, canı hayında olsa, gözləri yaşarsa da, bir söz demədi. Pıçıldadı: “Dağlar, a dağlar... Məni yetim qoyan dağlar... Həqiqətən də, onu bu qarlı dağlar yetim qoymuşdu. Uşaqlıqdan. Ata-anası qar uçqununa düşüb, həlak olmuşdular. Cəsədlərini ayılar yemişdi.

Əslində bu məsələ hələ də mübahisəli idi. Kimi deyirdi ki, onlar ayıdan qaçanda bu vəziyyətə düşüblər. Kimisi də deyirdi ki, ayılar onlara hücum edib... O vaxtdan bəri Kərimulla kişinin ayı görməyə gözü yox idi. Bir neçəsini də vurub ətindən yemişdi.

Boz qurdları isə sevirdi. Xüsusilə onların ustalıqla heyvan ovlamasını. Bir dəfə iri bir maralı köməkləşib elə yerə yıxdılar ki, yeyib-doyandan sonra, sanki onun üçün də pay saxladılar. İri bir budunu kəsib evə gətirdi. Arvadı onu görcək səsləndi:

  • Bu haradan?
  • Canavarlar ovlamışdı, maral ətidi.
  • Deyirsən ki, bir də quduraq?!.
  • Heç nə olmaz...

Doğrudan da, onda onlara heç nə olmasa da, indi kişi belə qızdırıb, haldan-hala düşməsinin səbəbini elə onda görürdü...Bu barədə söhbət salanda qadın dedi:

  • Daha sus da... Heç olmasa dinmə...
  • ...
  • Onda mən sənə dedim də, bəlasını çəkəcəyik...
  • ...
  • Elə bilirsən ki, hər şey o an bilinir?!.

Bu an at ürkən kimi oldu. Arxaya baxanda səsləndilər:

  • Aman Allah!..
  • Canavarlar!..

Onlar bir deyildi, beş deyildi. Ona yaxın idilər. Aylı-ulduzlu, buludlu, qaranlıq gecədə solğun ay işığında kölgə tək hərəkətdə idilər. Hərdən də qorxunc səsləri eşidilirdi.

  • U...
  • U...Oooo...
  • U...Ooo...U...

Onlar atı bu qarlı-şaxtalı, çovğunlu yolda nə qədər sürətlə sürsələr də, faydasız oldu. Birdən qadının əlindən atın yüyəni çıxdı. Atın üstünə sıçrayan canavarın dırnaqları qartal caynaqları tək kişinin dizinə sancıldı... Kişi bağırdı:

  • Ah!.. Öldüm!..

Qadın özünü itirməyib, çiynindəki qoşalülə tüfəngi onlara tuşlasa da, birdən sanki havada uçduqların gördülər... At yarğandan üzü aşağı yuvarlandı. Güllə açılmadı...

Onlar hərəsi bir tərəfə düşsə, salamat qalsalar da, at qaya daşına dəyib parça-parça olmuşdu. Ətraf al-qan içində idi. Canavarlar görünmürdülər. Qadın hədsiz qorxu içində soruşdu:

  • Bunlar necə oldular?
  • Yaxınlıqda olarlar...

Hava həddən ziyada şaxtalı, soyuq idi. Aramsız qar yağırdı. Donub ölə bilərdilər. Tərs kimi at ora-bura qaça-qaça, səmti, istiqaməti də onlara itizdirmişdi. Əlacsız qalıb, atın cəmdəyinin altındakı çuxura girdilər. Bütünlüklə qarın içində olsalar da, buranı sərt külək görmür, hənirli idi...

Kişi orada, bu ağır anda da dəcəlliyindən qalmır, deyirdi:

  • Sən istisən...
  • ...
  • Xüsusilə kündən...

Qadın ona acıqlandı:

  • Bəs sən... Yenə qızdırma içindəsən?..
  • Yox...
  • Allaha şükür...
  • Eşitməmisən deyirlər ki, parı parla çıxarırlar da... Qorxu hər şeyi unutdurdu...
  • Elə bir xoxan vardı...
  • ...
  • At da öldü...
  • ...
  • Yaxşı, nə dingildəyirsən?.. Kefin durub?!.

Əslində isə kişi ilə yanaşı, atın cəmdəyi də tərpənirdi.  Bu anı qadın onun canavar olduğunu görüb, əvvəl sussa da... Sonradan nişan aldı... Ölmüş atın cəmdəyini gəmirir, basmarlayıb yeyirdilər...

Kişi əvvəl buna imkan vermək istəmədi. Əli ilə arvadın əlini, ağzını tutdu. Arvad isə bu həyasızlığa dözə bilmədi. Az qalmışdı ki, canavarlar onlara çatsınlar. Çaxmaq səsinə canavarlar duruxdular... Yenidən öz işlərinə başlamaq istəyəndə tüfəng guruldadı...

Onlardan biri yaralı halda qarın içində top kimi yuvarlandı. Ətrafa qan səpələndi. Kişi ona acıqlandı:

  • Ay bədbəxt, nə etdin?!.
  • Niyə ki?
  • Bundan sonra biz burada necə qalacağıq ki?..
  • Mən nəyin dərdini çəkirəm, bu nəyin dərdini çəkir.
  • Onlar sürüdən əl çəkməyəcəklər...
  • ...
  • Ziyanlıq verəcəklər...
  • ...
  • Heç nədən bizi bəlaya saldın da...

Canavarlar xeyli uzaqda dayanmış halda ulaşır, cırmaqlaşır, bir-biri ilə boğuşurdular. Yaralı yoldaşları isə görünmürdü... Səhərin açılmasına isə lap az qalsa da, hələ də uzaqdan onların türkürpərdici səsləri eşidilirdi:

  • U...
  • U... Ooo...
  • U... Ooo...U...

Onlar geri qayıdanda həmin yaralı boz canavarın öldüyünü gördülər. Qadın onun başına çatı salıb, kəndə tərəf sürüyəndə kişi acıqlandı:

  • İş tapmırsan da...
  • Niyə ki?.. Bəs sən hara?..
  • Mən atla vidalaşacağam...

Qadın da gəlib əri kimi atın qanlı başını qucaqladı, onun üzündən öpərək dedi:

  • Nə edək... Belə alındı da...
  • Çox sağ ol... Bizi ölməyə qoymadın... Yaşatdın...
  • Özün ölsən də...

Onlar obaya çatanda çox acı bir mənzərə ilə qarşılaşdılar. Kişi atın yəhərini hirslə yerə tullayıb, yaralı Qurdbasar itini oxşadı, sığalladı, soruşdu:

  • Səni onlar bu günə qoydu?

Qadın ağlamsındı:

  • A kişi, gör hələ neçə mal-qara, qoyun-quzu tələf ediblər.
  • Cəhənnəm onlar... Heç olmasa itə qıymayaydılar...

Qadın qeyzləndi:

  • Hamısı sənin bəlandan oldu da, xəstələnməyə vaxt tapmadın.
  • Sən də özünü göstərməyə. İndi bunların sahibinə nə cavab verəcəyik.

Qadın hönkürdü:

  • Elə lap yaxşı olur. Nazirdi gedib nazirliyini eləsin də... Onun ferma saxlamağı nəyinə lazımdı?!.

Kişi vatsındı:

  • Bax da... Çörək verənə də belə deyirlər...
  • Sənə də dəyirman atı...

Kişi hiddətləndi:

  • Bu nə sözdür?!.
  • Eşitmişəm də...
  • Axı bunun mənası nə deməkdi ey?..
  • Demələrinə görə, guya sən də elə dəyirman atı kimi ancaq elə fırlanır, dəyirman daşını hərəkətə gətirirsən. Öz fikrin, məqsədin yoxdur.

Kişi hirslə çanağını yerə qoydu:

  • Onu deyənin lap atasına lənət. Bu ölkənin neçə başçısı olmalıdı?! Günəş də birdi axı...
  • İki olanda nolar?..
  • Aləm qarışar...
  • Sənin üçün...

Qadın bu sözləri məzəliliklə desə də, kişinin dərdi özünə bəs idi. İndi bu bəd xəbər kəndə çatan kimi tökülüşüb gələcəkdilər...Elə birinci çoban dostları Cəbrayıl gəldi:

  • Ə, bu nə həngamədi.
  • Canavarlar hücum etmişdi də...
  • Güllə ata bilmirdiniz?!
  • Patronlar nəm çəkib... Yaxşı açılmadı...
  • İndi kişiyə nə cavab verəcəyik?
  • Cəhənnəmə hamısı... Axşam özüm ölmüşdüm...
  • Bəs at hanı?
  • O da getdi...
  • Kimi inandıra biləcəksən?..
  • Leşi uçurumun yanındadı...

Kişi bic-bic həmkarına baxdı:

  • Ay xatakar... Başım qarışıb, canavarlar da istədiklərini ediblər.
  • Bəs Qurdbasar?!.
  • Onun da görünür yalını az eləmisən də...
  • Bəlkə, sənin?!.

Heç nədən beləcə mübahisələşdilər. Birdən çoban Cəbrayıl həyəcanlı halda dilləndi:

  • Aman Allah, onlar buradadırlar...
  • Özü də gör necəsi...
  • Yəqin köməyə gəliblər də...

Birdən səs-küyə, ferma tərəfə yüyürəndə, yerlərində donub qaldılar. Tövlənin üstünü eşib içəri girmiş canavar, xeyli qoyunu boğub öldürsə, yaralasa, parçalasa da, içəridən çıxa bilmir, tullanıb düşə-düşə qalmışdı. Kərimulla kişi səsləndi:

  • Hə, yaxşı əlimə düşmüsən...

Bu an yaralı Qurdbasar it heç kimin gözləmədiyihalda irəli cumub onu boğazladı. Qadın səsləndi:

  • Çəkilin!..
  • Nə edəcəksən?..
  • Vuracağam onu!..
  • Əl saxla, iti öldürərsən!..

Canavar açıq qapıdan çıxıb qaçmaq istəyəndə Cığatel arvad onu nişan aldı... Ancaq güllə onu tutmadı... Kişi baməzəliklə dilləndi:

  • Səninki də daha korşalıb...
  • Sus!..
  • Gözlərini deyirəm də...
  • Sənin kimi kişinin gözləri görməyəcək də.
  • Niyə, sənin gözlərin pis deyil axı...
  • ...
  • İstəsən, həkimə apararam...
  • Mənim kimi...

Onun bu sözlərinə istər-istəməz gülümsədilər, gülüşdülər.

Ancaq o gündən Cığatel arvad tüfəngi əlindən yerə qoymadı. Hesabında yeddi ölü canavar vardı. Nazir onun üçün xüsusi mükafat elan etmişdi. Hər bir canavar üçün bir cöngənin pulu! Bu da qadını həvəsləndirmiş, dağ-dərəni gəzib, gözünə sataşan qurd-quşları vururdu. Bir dəfə iri bir ayını vuranda kişi dedi:

  • Daha bunu yox da... Bu mənim monopoliyamdı...
  • Yoxsa, sən də camaata ayı əti verib, milyoner olmaq istəyirsən?..
  • Hə... Olsam nolar ki?!.
  • Kişi ağlın olsun...Onda ferma müdirliyi ilə vidalaşarsan. Elə nazir kimi... Çörəyi elə ye ki, həmişə yeyə biləsən...