Ələsgər ƏLİOĞLU ŞEİRLƏR

QARA YAĞIŞ
Odla ki, oynayır bu qədər məmləkətlər,
Tüstülər qıvrıla-qıvrıla üzü göyə qalxar.
Xəritəyə düşməyən
İrili-xırdalı tüstü çayları,
Üzü yuxarı axar...
Axar bu tüstü çayları
Xəritəyə düşməyən
Nəhəng Tüstü okeanına...
Hopar bir ucdan
Yerə bərəkət gətirən
Buludların canına...
Buludlar da nəfəs alar
Ağır-ağır...
Hələ sinoptiklər bir yana,
Heç yağışların özləri də bilməz
Hara düşür,
Hara yağır...
Yağar qara yağışlar,
Qara günə qoyar təbiəti...
Əsrimiz qalar
Bu dünyaya yas tuta-tuta...
Qara yağışdan
Yer dönər özü boyda bir qara tabuta...
Olmaz üstündə bir ağlayanı da,
Bir saç yolanı da!..
Tapılmaz
Bir matəm marşı çalanı da!..
2024
GÖYƏRÇİNLƏR
Havaya qalxın, uçun, uçun göyərçinlər,
Qanadlarınızı geniş açın göyərçinlər.
Alnınıza SÜLH yazılıb,
Bilir bunu bütün bəşər;
Gəlib qarşı-qarşıya dayanıb
Bu gün Xeyirlə Şər...
Uçun!.. Uçun!..
Bir dəstəniz qonsun
Kremlin divarlarına,
Bir dəstəniz də
Ağ evin dəmir barmaqlqlarına...
Qanadlarınızı yelləyə-yelləyə
Elçi düşün sülhdən ötrü.
(Bir az da qanadlı olun,-
Ləngiməyin vaxt ötürüb!..)
Hardan alım indi axı Pikassonu,
Əlində fırça
Meydana atıla.
Bu dünyamızda
Sizin sayınlzı bir az da artra!..
Havaya qalxın, uçun, uçun göyərçinlər,
Qanadlarınızı geniş açın göyərçinlər!..
2024
QARIŞQA YUVALARI
Qarışqa yuvaları böyür-böyürə,
Qırtək qara-qara qarışqaların
Hərəsi öz iş-gücündə..,
Əmin-arxayınca yaşayırlar,
Dünyanın hər bir küncündə...
Allah yaratdığı
Bu qarışqalar
Başını aşağı salıb işləyir,
Gəlmir bir-biriylə kəllə-kəlləyə...
Biri yedəkləmir başqa birini,
Çəkmir fitnə-felə,
Çəkmir kələyə...
Hər biri də bilir öz iş-gücünü,
Qışı gözü altda alıb işləyir...
Biri apardığı dənə-
Bir baxın,
Burda başqasının nəfsi düşməyir...
Qarışqa yuvaları
Bu təbiətin
Həyat dərsliyidir bəşərə bəlkə...
Burda yuvaların hər biri də,
Bir məmləkət...
Bir ölkə...
Burda nə embarqo qoyulur,
Nə də nota verilir,
Yuvalar hərəsi də öz işindədir.
Hərəsi də öz yolunu-izini yaxşı bilir...
Kaş ki, qan axıdan prezidentlər,
Görə bu qarışqa yuvalarını...
Bir az dərs alalar bu təbiətdən,
Bir az dəyişələr havalarını...
25.10.2024
KƏPƏNƏKLƏRİN ÖMRÜ
Sizin taleyiniz elə gətirib,
Gül-çiçəkli çəmənlərə bağlısız.
Dünyaya gələn gündən,
Yaz ünvanlı,
Yaz soraqlısız...
Ömrünüz-gününüz
Bu dünyada bir ay çəkər, ya çəkməz;
Yaşayarsız gözəlliklər içində...
Yaxasına qonduğunuz
Çiçəklərin hər biri də
Bir görkəmdə, bir donda, bir biçimdə...
Doxsan-yüz il yaşayan var...
Gözəlliklər qoynunda
Tapanmayıb özünü...
Belələri bircə kərə
Gözəlliyin görənməyib üzünü...
Doxsan-yüz il yaşayan var...
Gözəlliyin qapısından girməyib.
Sizin bu bir ayda gördüyünüzü,
Ömrü boyu görməyib!..
2024
ANAKONDALAR
Nəhəng anakonda ilanları,
Yaşayır Amazonka sahillərində...
Bəzən suya baş vurur,
Ov axtarır dayazda, dərində...
Udur balıqları...
Cəngəlliklərdə də var-gəl eləyir;
Nə ov tutsa buraxmır,
Dişlərini də salmır işə,-
Sığıya-sığıya udur,
Mədəsində həll eləyir.
Udur...udur ovunu,
Ağına-bozuna da baxmır...
...Bu anakondalar daha
Yayılıb neçə-neçə məmləkətə...
Özlərinə məxsus menyu tuturlar;
Meyil salmırlar balığa,
Başqa-başqa ova ...
Hərisliklə var-dövlət,
Mal-mülk udurlar...
29.10.2024
MƏNDƏN BİR AĞ ATLI OĞLAN ÇIXMADI...
Eşidildi qara zyrnanın səsi,
Oldum həsrətimin, oldim əsiri...
Bununla da çökdü ilk eşqin qəsri...
Bir də hörülmədi,
Bir də qalxmadı...
O qızın yanağı oda bələndi,
İçində nə çəkdi, kim nə biləndi...
Gözlərindən yağış necə ələndi,
Axı göy dinmədi, şimşək çaxmadı...
Ayağım yığıldı daha bulaqdan,
Eşqim uzaq düşdü gözdən, qulaqdan..
Boylana-boylana qaldım qıraqda,
Qismətim üzümə dönüb baxmadı.
Özümü vursam da oda, közə mən,
Dedilər gözləmə, getdi gözləmən...
Gətirdim eşqimi yoxsa gözə mən,
Məndən bir ağ atlı oğlan çıxmadı!?
2024
GÜL-ÇİÇƏK DƏRMƏYİ YADIRĞAMIŞAM
Aylar, illər ötüb ömrümdən, ürək,
Tutmazsan sevgidən bir də dən, ürək!
Alıb yaddaşımı duman-çən, ürək,
Bilmirəm səhərdir, yoxsa ki axşam;
Gül-çiçək dərməyi yadırğamışam.
Günəşlə qol-boyun qayıdıb bahar,
Çölləri-düzləri ayıldıb bahar...
Ayrılıb... sevgimdən ayrıdır bahar,
Dönmüşəm boranda, qarda qalmışa...
Gül-çiçək dərməyi yadırğamışam.
Sərt cığırlar məni bərk yanısa da,
Ömrü-günü ölçür əlim əsada...
Gül-çıçək çəməndə vağanısa da,
Taleyin işinə necə qarışam,
Gül-çiçək dərməyi yadırğamışam.
2024
YAZAĞZI BİR ETÜD
Gəlib düşsə gül-çiçəkli yaz yada,
Bir yarpaq da umma quru səhradan...
Vaxt öldürmə, balıq gəzmə dəryada,
Sən yön çevir, yağış yağan səmtə get.
Buludları qoy göy üzü kişləsin,
Dəli şimşək şahə qalxsın, kişnəsin.
Yaz yağışı iliyinə işləsin,
Yavaş-yavaş günəş doğan səmtə get.
Nəfəsini dər yoxuşda bir hovur,
Boş qalmasın hisslərinin tilovu...
Onda bax gör sinən necə söz ovur,
Təbin çaytək coşub axan səmtə get!..
Sən yön çevir, yağış yağan səmtə get!..
02.10.2024
DAHA
Zənnim ay-ay, il-il qəddimi əyir,
Bilə də bilmirəm nədir istəyi...
Huşumun mənimlə arası dəyir,
Deyir ki, başını get girlə daha.
Şeirimdən bir həsrət boylanıb-baxır,
Tüstüsü hələ də fikrimdən qalxır...
Söz çömçəm əlimdən sürüşüb çıxır,
Başımı qatıram kəfgirlə daha.
Dönürəm bir sönmüş ocaq yerinə,
Qəlbimi açıram qucaq yerinə...
Zaman məni qoyur uşaq yerinə,
Ovundurur "əkil-bəkil"lə daha.
Hər kəlməm yozulur hey ora-bura,
Kimiyə ağ gəlir, kimiyə qara...
Üzümü tuturam cansız divara,
Dinib-danışıram şəkillə daha.
30.10. 2024
NEYLƏSİN
Əgər bəxtin ensə üzü aşağı,
Arxasınca sən ha atıl, ha şığı...
Taleyinin haqdan sönsə işığı,
Buna şam neyləsin, çıraq neyləsin?
Acgöz olan varı, yoxu seçməsə,
Əməlini yüz yol ölçüb-biçməsə,
Boğazından halal tikə keçməsə,
Axı diş neyləsin. damaq neyləsin?
Eləsi var gəzər kişi sayağı,
Himcimlədi qaşı, gözü, qulağı...
Qeyrətsiz kəs yerə vursa papağı,
Papaqçı neyləsin, papaq neyləsin?
Qızıldan da qoysan əgər baş tacı,
Yaxşılıqdır yenə onun əlacı...
Gövdəsindən tutub kəssən ağacı,
Yarpaq hara qaçsın, budaq neyləsin?
Dünya çox qarışıb,sən ay ürək, döz,
Qurumuş bir ağac heç tutarmı göz...
İçindən gəlmirsə beşcə kəlmə söz,
Buna yazıq qələm, varaq neyləsin?
Əlioğlu,haqqı əl-əl axtarar,
Yollar yorar ,orman keçər, çay yarar...
Əgər əcəl səni çəkib aparar,
Üstündə gəzdiyin ayaq neyləsin!?
2024
KEÇMƏMIŞƏM KEÇDİYİNİZ KÖRPÜDƏN
(..."Öyüd-nəsihət" verən bəzi məddahlara üç-dörd kəlmə)
Acqarına durub Aya hürənlər,
Bircə anda minbir dona girənlər...
Ömrü-günü yaltaqlıqla hörənlər,
Hörgünüzü hələ gendən seçmişəm.
.
Azalanda ağzınızın yalı da,
Azmısınız yolunuzu yarıda...
Çox ox atıb gizləmisiz yayı da,
Sınamışam, bunu ölçüb-biçmişəm.
Qarnınızı siz köpürdə-köpürdə,
Dərs almısız ilan yeyən kirpidən...
Keçməmişəm keçdiyiniz körpüdən,
Cumub iti axan çaydan keçmişəm...
04.10.2024