Əbülfət Mədətoğlu : - Gedirəm, dərdimin üstə
![](/uploads/img/posts/2024/07/17/abu1jpg-1712643430jpg-1721195867.jpg)
Gedirəm, dərdimin üstə
Təzə dərd qoyub ucaldım...
Sonra da boyunu sevdim -
Sevə, sevə də qocaldım!..
Ürəyim üz tutduğu səmt
Başımı da dəvət edir...
Bir-birinə olandan bənd -
Başım ayağına gedir!..
Fikrimin atı nalsızdı,
Dərdim də çapır durmadan...
Yenə gözümə qan sızdı -
Yolu axıra vurmadan!..
Nə yaxşı hörgü bacardım,
Nə dərdə divar hörməyi...
Gəlim sən açan məktəbə -
Öyrət mənə, yeriməyi!