Əbülfət Mədətoğlu : -  Dünyanın xoşbəxti

Gündəm 13:19 / 07.11.2024 Baxış sayı: 3899

 

Üç gündür ki, əlimdən düşməyən və gözümün önündən uzaqda qoymadığım bir kitabın aurasındayam və o auradan çıxa da bilmirəm. Xüsusilə kitabın arxa üz qabığındakı misralar məni özünə elə çəkib ki, sanki o xoşbəxtlik gözümün önündə, hətta az qala çevrəmdədi. Mən də ondan yararlanıram, ondan dadıram… Və elə bu hisslər də həmin misraların dilimdə təkrarına səbəb olur. Yəqin siz də bu kitabı əlinizə alsanız, həmin misraları oxusanız və onun müəllifi ilə ruhən bağlantı qursanız elə mənim indiki anda yaşadıqlarımı yaşayarsınız. Çünki sadə və qeyri-adi bir məntiq var bu misralarda. Xüsusilə:

 

Hamı bilməz ki,

Dünyanın xoşbəxtidi

Vətəni olan adam.

Doğma Azərbaycan,

Mən o adamam – O adam.

 

Bəli, Kəmalə həqiqətən o Adamdı – Vətəni olan Adam!

Deməli, dünyanın ən böyük xoşbəxtliyi Vətəni olmaqdı. Mən 30 il Vətəndə Vətənsiz yaşamışam. Elə bu səbəbdən də Vətəni olanlara həmişə həsəd aparmışam. Amma Kəmalənin dediyi gerçəyi mən onda yox, məhz indi dərk edib bütünlüklə qəbul etmişəm. Və bir də təkrar edirəm ki, Vətəndə Vətənsiz olduğum anların ağrısını, acısını indi Vətənim olanda unutmaq dəstəyini Kəmalə verdi mənə. Dedi ki, xoşbəxt adamsan, Vətənin var!!!

Mən Kəmalə Abıyevanın yenicə işıq üzü görmüş «O adam» kitabı ilə bağlı içimdən gəlib keçənləri yazmaq istəyirəm. Amma kitabın arxa üz qabığındakı şeirin ruhu məni elə tutub ki, digər şeirlərə tərəf hələ də boylana bilmirəm. Ona görə yox ki, orda nə isə xoşagəlməyən bir məqamla qarşılaşa bilərəm. Xeyr, əsl həqiqətdə mən bu şeirlərin böyük əksəriyyətini sosial şəbəkədə oxumuşam. Mənə tanışdı, doğmadı hamısı və onlara münasibət də bildirmişəm. Sadəcə indi bir qom bənövşə kimi qarşımdadır o şeirlər. Bənövşə ətri də hər zaman sevdiyi və ruhumu məst edən bir ilahi zəriflikdi mənim üçün...

Bəli, bu kitabda oxuculara təqdim edilən şeirlərin mövzuları rəngarəngdi. Yəni burda şəhiddən də, şəhid anasından da, Qarabağdan da, sevgidən də, həsrətdən də və bütövlükdə Kəmalə Abıyeva yaradıcılığının əhatə etdiyi bütün sahələrdən nümunələr var. Mən onun poeziyasının pərəstişkarı olduğundan oxuduğum şeirlərin ruhumla səsləşməsinə heç də təəccüb etmirəm. Xüsusilə ona görə ki, bu ruh doğmalığı yaradıcı insanın sözlə işləmək məharətini də büruzə verir. Yəni Kəmalə Abıyeva adi sözü də o qədər yerində və xanım incəliyi ilə təqdim edir ki, dinləməmək, onu özününküləşdirməmək qeyri-mümkündür. Məsələn, o:

 

Ömür kitabına hələ görüşlər,

Xatirə yazmamış gəldi ayrılıq.

Sevgimi özümdən gizlədim elə,

Sirrimi yaman tez bildi ayrılıq.

 

Bir bəndini təqdim etdiyim bu şeirin ilk misraları həsrətin, ayrılığın nə qədər güclü olduğunu, necə deyərlər, fürsətçil olduğunu büruzə verir. Daha doğrusu, bu ayrılığın namərdliyini daxili bir sarsıntı ilə sözə çevirir. Çünki hələ görüşə başlamamış, görüş yerini yaddaşına köçürməmiş ayrılığın sərt rüzgarı səni özündən alıb yerə çırpır. Və sən nə xatırlayacağını, nə üçün göz yaşı tökəcəyini belə düşünməyə fürsət tapmırsan. Deməli, ayrılığın öldürmək yox, daha ağır duruma salmaq istəyi -  hardasa əbədi ağrılar yaşatmaq gücü bax beləcə çıxır ortaya.

Kitabın adında özünü oxucuya birbaşa təqdim edən «O adam» şeirində isə müəllif yazır:

 

Mən sənə ana dedim, səni balatək sevdim.

Mən səni balam bildim, səni anatək sevdim.

Sənə ən xoş günləri, ən uca zirvələri,

yaşatmaqçün çırpındım.

 

Zənnimcə yazımın əvvəlində vurğuladığım xoşbəxtliklə bağlı fikirlərimi burda təkrar etmək hardasa özümün özümə vurğunluğum olar. Amma şeirin ifadə etdiyi həqiqəti isə qeyd etməyə bilmərəm və düşünürəm ki, siz də mənimlə razılaşarsınız. Razılaşarsınız ki, o adam xoşbəxtdir ki, öz xoşbəxtliyini dərk edir!

Və nəhayət mən Kəmalə Abıyevanın üç gündür təkrar-təkrar oxuyub özümünküləşdirməyə çalışdığım şeirlərinin dalğasında bir köhnə adam da xatırlayıram. O köhnə adam sizin üçün kimdirsə deyə bilmərəm, amma mən elə özüm özüm üçün köhnə adamam. Və:

 

Əşyalar kimsəni köhnəltməz,

təzə don təzələməz.

Təzə adamlar köhnəldər…

təptəzə adamlar…

Təzə payız ömrün payızını təzələməz,

hər təzə payızla bir az da köhnələrsən…

Təzə payızda köhnə adam

bircə qışı gözlərsən…

 

Bəli, yazının bu yerində «O adam»la söhbətimə fasilə verirəm. Bilirəm ki, bu söhbət bitib-tükənən deyil və mən  də  köhnə adam kimi o söhbətə hələ çox qayıdacam.