Əbülfət MƏDƏTOĞLU : - BU ÜRƏK

Gündəm 08:44 / 19.08.2022 Baxış sayı: 686

 

Yenə havalanıb, almır eyninə -

Yatmır ipə- sapa, yatmır, bu ürək...

Baş vurur ağrının dərinliyinə -

Hələ ki, boğulmur, batmır , bu ürək...

Şeh yoxdu, kirpiklər bəs niyə yaşdı?!

Çox çəpər tapdadı, çox bərə aşdı...

Ovcunu tərlədən bir qara daşdı -

Gəzdirir içində - atmır, bu ürək...

Kədərin xəmiri hazır kündədi,

Ümid əl çatmazdı, xeyli öndədi...

Görün bu Əbülfət , hansı gündədi -

Onun harayına çatmır, bu ürək!