Bumeranq : - İlkin MİRƏLƏMOV

Ədəbiyyat 10:04 / 08.08.2022 Baxış sayı: 9991

 

                                                      

Bəzən ən böyük intiqam bağışlamaqdır.

                                             Viktor Hüqo

 

 Bu gün həmişəki kimi Sahib iş yerinə doğru ayaqlarını sürüyə-sürüyə yol aldı. Həyat onu çox sıxmış, çox yormuşdu. Özünü illərin yorğunluğunu daşıyan yolçu kimi hiss edirdi. Enişli-yoxuşlu, sərt döngəli ömür yolunun sadəcə otuz altı ilini addımlasa da, altmış yaşlı qoca kişilərə bənzər bir siması vardı onun.

 O, heç bir ali təhsil almamışdı. Nə də vəzifəli yaxını yoxdu ki, onu hansısa bir işə təyin etsin. Sahib ölkənin əksəriyyətinin olduğu qara fəhlə kimi çalışırdı.

Qədim Romada qulların emalatxanalarda, kənd təsərrüfatı və digər sahələrdə bir qarın yemək qarşılığı əməyinin istismar olunduğu kimi o da, kiçik əmək haqqı ilə daş karxanalarının birində, yəni bizim dünyamızın cəhənnəmində çalışırdı. Onun Romadakı "danışan əmək alət”lərindən tək fərqi "azad” qul olması idi. Hər gün səhər saat altıdan axşam saat səkkizə qədər işləməkdənsə, məncə, birinci versiya daha rahatdır. Çünki ən azından qulların özündən başqa baxması, dolandırması vacib bir ailəsi olmurdu...

Sahibin altı yaşlı Afiq, on yaşlı İlyas adlı iki oğlu vardı. Həyat yoldaşı Səbinə evliliklərinin altıncı ilində rütubətli, soyuq evdə ağciyər xəstəliyinə yoluxmuşdu.

Balaca, ikiotaqlı evin damının təmirsiz olmasından qış ayları onlar üçün olduqca əzab-əziyyətli keçirdi. Soyuq hava, damdan evə sızan yağış damlaları, rütubət, vəziyyəti olduqca acınacaqlı duruma gətirib çıxarmışdı...

Qan donduran qış aylarından biri idi. Hava küləkli və soyuqdu. Qara buludlar səmada bir-biri ilə sanki mübahisə edirdilər. Səbinə saat yeddinin yarısı öskürə-öskürə yerindən yarıyuxulu şəkildə ayağa qalxdı. Sahib həmişəki kimi işə getmişdi. Ev çox soyuq olduğu üçün o, dərhal sobanı yandırmağa cəhd etdi. Qaz, deyəsən, kəsilmişdi.

”Lənət şeytana, əcəb işə düşdük”, – deyə, – Səbinə soyuq evdə isti yorğanını üstündən kənara atan Afiqin üzərini örtmək istədi.

Sonbeşiyi Afiq şirin sima, arıq və cılızdı. Körpəliyindən fiziki cəhətdən zəif olduğuna görə tez-tez xəstələnirdi. İndi də havanın soyuq olmasına baxmayaraq, üstünü açmasından Səbinə şübhələnmişdi. Əlini onun alnına qoydu. Afiq indicə sobanın içindən çıxmışdı, elə bil. Səbinə onu astaca oyandıraraq: "Qalx, balam, deyəsən, hərarətin var. Baxaq, görək anasının qəhrəmanının qızdırması nə qədərdir”, – dedi.

 Uşağın hərarəti otuz səkkiz dərəcəyə yüksəlmişdi. Səbinə təlaşlanmağa başladı. Lakin axşama qədər yoldaşını gözləməkdən başqa çarəsi də yoxdu.

Afiqin hərarəti çox yüksəkdi. Özü də əslində ondan geri qalmırdı. Mütəmadi şəkildə öskürürdü, halsızdı. Lakin onun otuz iki yaşı vardı və qadındı.

Qadınlar həmişə kişilərə nisbətən daha dözümlü, daha güclü olurlar. Söhbət mənəvi gücdən, möhkəm iradədən gedir. Özü çətinliyə sinə gərər, hətta ölümə razı olar, amma övladının dırnağına belə zərər gəlməsinə dözə bilməz qadın...

Afiqin qızdırması pillə-pillə qalxaraq atası gələnə qədər qırx dərəcəyə yüksəldi. Uşağın halı çox pis idi. Sayıqlayaraq ağlayır, tir-tir əsirdi. Bayırda şiddətli şəkildə yağış yağır, külək əsirdi. Əsl fırtına havası idi. Sahib evə özünü birtəhər yetirdi.

        Salam. Axşamınız xeyir.

Səbinə yavaş və kövrək səslə: " Hər vaxtın xeyir”, – dedi.

        Nolub, niyə Afiqin başı üstə dayanıbsınız? – deyə, – Sahib sual dolu nəzərlə İlyas və Səbinəni süzdü.

Səbinə: "Uşağın qızdırması qırx dərəcədir, Sahib, – öskürə-öskürə ağlamağa başladı. Həkim çağırmasaq, sudurğa keçirə bilər”.

        Zəhrimara qalmış pulu on gün olar almışıq. O da kommunala, ərzağa filan getdi. Nə edim mən bədbəxt balası indi?! – Sahibin rəngi qaçdı.

        Sahib, oğlumuz ölür. Nə edəcəksən tez elə, həkim çağır, nə bilim nəsə et, – Səbinə, daha ucadan ağlamağa başladı.

Sahib əynini geyindi və çölə çıxdı. Hara gedəcəyini, kimdən kömək istəyəcəyini bilmirdi… Əvvəl, ağlına qardaşı Mustafa gəldi. Düzü, uzun müddətdi araları yox idi. Belə baxanda onu özünə qardaş da hesab etmirdi. Çünki Mustafanın özünə görə maddi imkanı genişdi və doğma qardaşı Sahibdən sırf kasıb olduğu üçün utanırdı... Amma indi vəziyyət fərqli idi. Nə qədər pis olsa da, qardaşından kömək istəməyə məcburdu.

"Məcburiyyət” deyilən nifrət olunası bir hiss, məcburiyyət adlı bərbad bir "fəlsəfə” var ki, insana hər şeyi etdirməyi, təəssüf ki, bacarır...

Sahib Mustafanın evinə doğru qaça-qaça özünü çatdıra bildi. Qapının zəngini çaldı. Təsadüfən qapını elə qardaşı açdı, salamsız- kəlamsız:

        Oo, Sahib bəy, nə xoş oldu sizi burda görmək deməyi çox istərdim, amma... Nə lazımdır? – dedi.

        Mustafa, mənə indiyənə kimi qardaşlıq etməmisən. Bu günə kimi də sənin qapına pul üçün gəlməmişəm. İndi isə on gün olar ki, maaşımı götürmüşəm, aldığım qəpik-quruş da evin xərclərini, borclarımı güc-bəla ödəyib. Afiq xəstədi, qızdırması çox yüksəkdi. Xahiş edirəm, heç olmasa onun xətrinə mənə otuz manat borc ver, həkim aparım evə. Xahiş edirəm... –  Sahibin gözləri doldu.

Mustafa istehza ilə qımışaraq:

        Sahib bəy, əfsuslar olsun ki, itimizə sabah yem almalıyam. Eləcə, otuz manatı da ona ayırmışam. Başqa pulum yoxdur, – dedi.

        Bağışla, yanlış evə gəlmişəm. Sən qardaşım yox, heç insan deyilsən! Tfu! – deyərək, Sahib oranı tərk etdi.

Sonra işlədiyi karxananın müdirinə zəng vurub vəziyyəti başa salmaq istədi. O da zəngi cavablamadı. Dostları ilə əlaqə saxlamağa çalışdı. Amma kasıb adama kim, niyə borc versin ki?! Üstəgəl kasıbın dostu da özü kimi imkansız olur. Xülasə, lənət olası pulu tapa bilmədi... O, çarəsiz halda xəstəxanaların birinə yaxınlaşdı. Oğlunun ölümlə göz-gözə qaldığını, heç olmazsa bəzi dərmanların ona verilməsini xahiş etsə də, onu ciddiyə alan olmadı.

Kor-peşman evə qayıdan Sahib həyat həmdəminin ümid dolu baxışlarla ona gözünü dikdiyini gördü.

Səbinə hıçqırtı ilə ağlayaraq: "Sahib, bəs həkim hanı?” – demişdi ki, Afiq qucağında sayıqlaya-sayıqlaya can verdi. Son sözləri: "Ana, çox soyuqdur, üşüyürəm” – oldu...

Sahib dizləri üstə çökdü. Səbinə isə oğluna sarılaraq acı bir fəryad qopardı. Saçlarını yola-yola: "Oğlum, sən ölə bilməzsən, hələ çox balacasan, ölmə oğlum, nə olar, ölmə, qurban olum, ölmə” – deyərək Afiqin üz-gözünü öpməyə başladı. Ancaq hər şey üçün çox gecdi, uşaq artıq tapşırmışdı canını.

Afiqin tək günahı imkansız bir ailədə doğulması idi. İlyas isə şok olmuş, sarsılmışdı. Qardaşının ölüm səbəbinə heç bir əsas yoxdu uşaq düşüncəsinə görə.

 "İnsanlar niyə görə ölür, öləndən sonra yox olurlarmı? Yoxsa ölüm hər şeyin sonumu idi?” – İlyas bu suallara heç cürə aydınlıq gətirə bilmirdi...

Sahib oğlunun ölümündən sonra daha da dalğınlaşmış, sanki yaşının üstünə biraz da yaş gəlmişdi. Otuzca manatı olsaydı, indi Afiq yaşayırdı. O heç nəyə pis olmurdu. Sadəcə insanların bu qədər vəhşiləşməsindən dəhşətli dərəcədə sarsılmışdı. Heç kəs ona borc vermədi. Övladını ölümə tərk etdilər. Elə öz-özünə təkrarlayırdı: "Siz ölməyəcəksiniz?!”

Daş karxanlarında ani diqqətsizliyin bədəli çox ağır nəticələr verirdi. Baxmayaraq ki, Sahib buna məhəl qoymurdu. İş yoldaşları neçə dəfə onu daş altında qalmaqdan, cərəyandan, kombayndan xilas etsələr də, bir gün hər şey onun üçün faciəvi oldu...

Gecə növbəsində bəzən fəhlələr kombaynın gecikməsini fürsət bilib mürgüləyirlər. Sahib də, quru yerdə uzanmışdı kombayn gələr-gəlməz oyanmaq ümidi ilə...

Lakin ”ölüm maşını” çox hiyləgərcəsinə gəldi. Yoldaşları uzaqdan qışqır-bağır etsələr də, Sahib oyanmadı. Kombayn məsumca daş üstə yatan Sahibi peşəkar odunçu məharəti ilə ağac kimi iki yerə böldü...

Sahibin ölümündən sonra onsuz da çətinliklə dolanan ailənin vəziyyəti daha da ağırlaşdı. Hər şeyi qoyaq qırağa, Səbinə xanımın yaşadığı dərd, acı yükünü qaldırmaq hər kəsin işi deyildi. Üstəlik də o, xəstə idi.

Yoldaşının da ölümündən sonra o, tanınmaz hala düşmüşdü. Saçlarına dən düşmüş, gözləri isə quyunun dibindən işıldayan su kimi seçilirdi. Biçarə qadına ərinin necə öldüyünü də deməmişdilər. Sadəcə başına əhəng daşı düşdüyü yalanını uydurmuşdular...

Səbinə xanım xəstə halı ilə bir marketdə xadimə işləyib oğluna baxırdı. Bircə övladı üçün yaşamaq məcburiyyətində idi. Çətin olsa da, bunu etməliydi.

Düzdür, gecələr soyuq olanda İlyasla qucaqlaşıb yatırdılar. Tez-tez işıqları keçir, qazları gəlmirdi. Bəzən İlyas orta məktəbdə digər yoldaşlarının geyimləri, çantaları, kitab-dəftərlərinə baxıb kövrəlsə, utansa da, bunu anasına bildirmirdi. Onun tək çarəsi vardı: OXUMAQ...

Gecə yarısı anasının şiddətli öskürəklərinə oyanan İlyas ona yaxınlaşıb su verdi.

        Yaxşısan, anacan?

        Yaxşıyam, oğlum, – deyə, – Səbinə təngnəfəs cavab verdi.

O, İlyasın başına sığal çəkərək dilləndi:

        Oğlum, gözümün işığı, mən bir gün ölsəm, sən başqa analar, qardaşlar, atalar ölməsin deyə oxuyarsan və pulsuz xəstəxana açdırarsan, yaxşımı?

        Ana, demə elə. Sən yaşayacaqsan! Mən oxuyacam və səni sağaldacam. Nə qədər bizim kimi kasıblar var, onları da pulsuz müalicə etdirəcəm, sən narahat olma.

İlyas bu hadisədən bir neçə il keçmiş Bakı Dövlət Universitetinin  "Biznesin idarə olunması” fakültəsinə qəbul oldu. Tezliklə oranın Bakalavr və Magistr təhsil pillələrini uğurla başa vurduqdan sonra bir şirkətdə işə düzəldi. O, çox həvəslə və ağılla işlədiyi üçün uğurları da bir çərçivəyə sığmır, daim yenilənirdi.

Qazandığı pulla ilk iş kimi anasını müalicə etdirdi. O qədər sıxıntılara baxmayaraq, Səbinənin də artıq xoş gün görmək ən təbii haqqı idi.

Bir müddət sonra İlyas işini böyütdü. O, indi uğurlu bir biznesmen idi. Anasının arzusunu da, reallaşdırdı. Bir xəstəxana açdırdı, orada kasıb insanlara pulsuz-təmənnasız xidmət göstərilirdi.

Bu sabah xəstəxanaya saçları ağarmış, beli bükülmüş, gözləri çuxura düşən qoca bir kişi  gəlmişdi. Anası ilə birgə İlyas hərdən xəstələrin vəziyyəti ilə maraqlanır, onları ziyarət edirdilər. Bu gün təsadüfən həmin yaşlı adamla  rastlaşdılar. Səbinəyə o, suyu şirin gəldi, amma tam tanıya bilmədi onu. Kişi birdən-birə İlyasın dizlərinə sarılıb ağlamağa başladı:

        Oğlum, mən səni tanıyıram, amma sən məni tanımırsan. Mən illər öncə qardaşını ölümə tərk edən, atandan otuzca manatı əsirgəyən kor olası əminəm.

 O vaxtlar cavan idim. Düşünürdüm ki, həyat belə gəlib, belə də gedər. Heç vaxt sizə möhtac qalacağımı fikirləşməmişdim. Qardaşın və atanın ölümündən sonra vicdan əzabı məni daxildə ac qurd kimi yeməyə başladı. Yavaş-yavaş hər şeyim küləyə getdi. Bu gün isə heç nəyim qalmır. Yoldaşımı imkansızlq üzündən itirdim. Bircə qızım var, o da hepatitdir, nə zəhrimardı ona yoluxub. İndi onu buraya gətirməyə yol pulum belə yoxdur. Xahiş edirəm, qızımın ölməsinə icazə vermə, İlyas, yalvarıram sənə!

Səbinə bu hadisəni görüb ağlamağa başladı. İlyas əmisini ayağa qaldırdı: "Əmi, biz həyat xilas etmək üçün burada mübarizə aparırıq. Biz imkansızların yanındayıq, Allah da bizim yanımızdadır. Qızını xilas edəcəyik, narahat olma.”, – dedi.

Mustafa həm utancından, həm də vicdan əzabından başını aşağa dikmişdi.

O, heç zaman düşünməmişdi ki, həyat bir bumeranqdır. Bu gün etdiyin sabah sənə geri qayıdır...

  



Lənkəran Dövlət Universitetinin lll – kurs tələbəsi ~

Tarix: 06.07.2022