Aysel Xanlarqizi Səfərli  - GƏL

Ədəbiyyat 15:53 / 06.10.2025 Baxış sayı: 1588

Sən-

çilə otağımda

yuxusuz gözlərimin

xəyalına diz çökdüyü

zikir...

Sən,

Səcdələr boyunca

Sevgiyə ac ruhumu

Təslim etdiyim

Fikir...

Sən

Gecələdiyim xaraba

Dünyamın

Ən böyük imarəti,

Eşqinə dərviş

Könlümün hərarəti...

Mən,

Günlərcə hücrəmə

Qapanan bir münzəvi,

Laməkan ruhumun

qoynundur evi...

Xəyalını qoydum heybəmə,

Diyarbədiyar nə xarabalar

dolaşaraq...

Səyyah arzularım,

əlimdə əsa,

sənə qovuşmaq üçün

buludları aşaraq...

Sənə tələsirəm,

səssiz pıçıltıları dodağımda

nəğməyə dönən göz yaşlarıyla,

duaların ovcundan

daşaraq...

Gəl,

viranə ruhumun

verdiyi

bu İlahi eşq savaşının agahı ol.

Gəl,

səbrimə məlhəm,

divanə duyğularımın

xanəgahı ol...

Gəl!