Aləmzər Sadiqqızı -  Olmadın...

Ədəbiyyat 14:16 / 05.10.2025 Baxış sayı: 2749

 

 

Bilirdim ki, yaxşı adam deyilsən,

Sevdim səni bilə-bilə gör necə...

Gülə-gülə həyatıma gətirdim,

Ölə-ölə unuduram hər gecə.

 

Nağıl-nağıl oxumuşdum mən səni,

Şeir-şeir bitirirəm ürəkdə.

Hekayələr axı belə yazılmır,

Bir son olur, söylə onu bilək də...

 

Sənmi doğru, mənmi yalan bilən yox,

Niyə sevdim heç özüm də bilmirəm.

Hər günümü son gün kimi yasayıb,

Hər sabahı doğuluram ölmürəm.

 

Sevə-sevə sevdiyini unutdun,

Bahar olub ürəyinə dolmadın.

Bu dünyanın ən bəxtəvər adamı,

Sən olardın, nə yazıq ki, olmadın!