Adilə Nəzər - PAYIZ – XƏYALLARIN FƏSLİ
Bax, qızılı yarpaqlar yaş yollara səpilir,
Payız yeli saçımı daraqlayır birbəbir.
Ətrafda sərçələrin təlaşlıdır nəğməsi,
Uzaqlardan yol gəlir göyün sirli pərdəsi.
Yayla payız döyüşür – gərilir, üz-üzədir.
Bu nə fəsildir, Allah, hər nəfəs möcüzədir.
Durub yenə gəlmişəm –
Nizami parkındayam,
ayağımn altında xəzəl xışıltısı var.
Mənim tək xumarlanır alaq-çayır, çöl-bayır
şeh damlaları sanki gülüş kimi parlayır..
Havadasa sərinlik –
şirin bir xəyal kimi...
Günəş qürub çağında –
tale, istiqbal kimi.
Axşam düşür, Ay çıxır –
nazik, gümüşü bir tac,
Ətrafdakı gənclərin gülüşü dərdə əlac..
Çinarın yarpaqları üz-gözümə toxunur,
ruhumdasa ən gözəl şirin nəğmə oxunur.
Buludlara çökübdü göy Xəzərin mavisi,
Varlığımı büsbütün qucaqlayır musiqi...
Odur ağac altında
Doğum Günü qutlanır,
əllərimin ürəyi sənə doğru atlanır.
Varsan, elə bilirəm alınmaz bir qalam var,
Daldığım xəyallardan
çəkir məni bu ana yandan ötən salamlar...
Yadıma düşür o gün,
hər şey günün layiqi..
Bax elə bu andaca
xatırladım “O bağı”,
xatırladım Müşfiqi...
Yenə hər şey gözəldir,
Hər şey gerçək - əsildir…
Uyu, gözlərim, uyu,
payız xəyal fəslidir.
04.10.2025