XƏBƏR LENTİ
05 Dekabr 2020
04 Dekabr 2020



Şuşanın dağları bizi gözləyir... - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 10:54 / 20.10.2020

Sinəsi ay-ulduzlu üçrəngli bayrağımız tezliklə Qarabağın mənəvi paytaxtı Şuşanın qədim qala bürcündə dalğlanacaq

Sentyabrın 27 –də düşmənin növbəti təxribatına əks-həmlə ilə cabab verən Milli Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda zəfər yürüşünə başladı. Azərbaycan xalqının: "Tərlan oylağında sar ola bilməz” atalar məsəli də sərrastlığı ilə milli ruhumuzun bir daha dolğun ifadəsi oldu. Bəli, özü boyda mədəniyyət məbədi olan Şuşa şəhərində "andiçmə mərasimi” keçirən qondarma "dqr” rejiminin başçısı da Milli Ordumuzun uğurlu hərbi əməliyyatları qarşısında duruş gətirə bilmədi. Azərbaycan Ali Baş Komandanının vurğuladığı kimi, gizlənmək üçün "siçan deşiyi” axtarmağa məcbur oldu. Eləcə də Xankəndidə "yuva” salan torpaq birələri - erməni separatçıları də anladılar ki, hər pozduqları atəşkəs bir yeni yaşayış məntəqəmizin, şəhərimizin, yüksəkliklərin azad olunması və yüzlərlə erməni əsgərinin, hərbi texnikasının məhv edilməsi deməkdir. Suqovuşanda, Ağoğlanda (Hadrud), Cəbrayılda, Xudafərində, Fizulidə dalğalanan Azərbaycan bayrağının rəngləri bu gün Qarabağ səmasına işıq saçır.

İndi keçmiş günlərin intizarını çəkən Şuşa da ayrılığın son günlərini yaşayır. Qədim Qala bürclərinin yuxusu ərşə çəkilib, Qırxqız səmtindən Cıdır düzünə sərin mehlər əsir. İsa bulağı daha gür çağlayır. Şuşanın qədim Qurdlar məhəlləsindən qurd ulayır. "Qurd üzü mübarək olar” deyiblər. Çaqqlların, tülkülərin canına vəlvələ düşüb. Bağrıqan dağının zirvəsindən qara buludlar getdikcə dağılmaqdadır. Ağzıyastı kaha nigarançılıqla Şuşa qalxan yollara boylanır. Bu nə möcüzəydi ilahi!.. Elə bil qayalar at çapır; dağlar yallı gedir, dərələr yırğalanır. Qələbəmizin addım səsləri daha aydın duyulur.

Efirdən Azərbaycan Prezidentinin tez-tez və əminliklə təkralanan gur səsi eşidilir: "Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır."

... Dünya kinosuna "Arşın mal alan”, "O olmasın, bu olsun” kimi musiqili komediyalar bəxş edən Üzeyir Hacıbəylinin, xeriyyəçi-şairə Xan qızı Natəvanın, Azərbaycan xanəndəsi, dünyanın virtuoz sənətkarı Bülbülün erməni vandalları tərəfindən güllələnən büstləri hazırda Bakıdadır. Bu güllələnmiş cansız heykəllər erməni-daşnak faşizminin alman faşizmindən nə qədər qəddar olduğunu göz önündə canlandırır.

Adolf Hitler müharibə apardığı dövrdə bir müsəlman məscidini belə dağıtmamışdı, əksinə kəlmeyi -şahətəti əzbər söyləyən minlərlə musəvi, xaçpərəst faşizmin ölüm düşərgəsindən xilas olmuşdu.

Çox təəssüf ki, küçə itlərinin, pişiklərinin hüququnu müdafiə etməsi ilə "öyünən müasir dünya” Şuşa başda olmaqla Qarabağda erməni təcavüzünə məruz qalan tarixi abidələrimizə əhəmiyyət vermədi, Topxanada təbiətin yaşıl soyqırımına göz yumanlar, Xocalının dəhşət saçan fəryadını da eşitmədi, 30 ilə yaxın Azərbaycanı nə duydu nə də dərk etdi. "Şərqin konservatoriyası” adlanan bu şəhər Azərbaycanın itirdiyi qammaya, Qarbağın köksünün başında simləri qırılmış rübaba bənzəyirdi. Allah bu şəhərin 28 il faşist xislətli murdar düşmənin tapdağında qalmasını xalqımı necə rəva gördü?!

Şuşa yadıma düşəndə

sınır qəlbim şüşə kimi

Görərsən görərmiyəm,

Şuşanı bu qışa kimi...

İnşallah, görəcəyik, o günlərə sayılı günlər qalıb, bu misraların müəllifi şair Fikrət Sadığın nigaran ruhu da şad olacaq. Şanlı Azərbaycan Ordusu xalqımıza Şuşa boyda sevinc bəxş edəcək. Dövlət başçısının Türkiyənin "A haber” televiziya kanalına müsahibəsində dediyi kimi: ”Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur...”

Şuşa yenə saçları şehlə yuyulmuş gözəllər gözəlinə dönəcək. Ad gününü Şuşada, Qələbə paradını Bakıda keçirmək arzusuyla yaşayan əsgər və zabitlərimizə Allah yar olsun! Qarabağ Azərbaycandır!


2179 oxunub

InvestAZ