XƏBƏR LENTİ
22 Oktyabr 2020
21 Oktyabr 2020



Barıt qoxusu gələn Vətən torpağı - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 10:35 / 14.10.2020

Erməni yalanı, riyakarlığı olan yerdə atəşkəs mümkündürmü?

2020-ci ilin oktyabr ayının birinci ongünlüyü arxada qaldı. Moskvada Rusiyanın iştirakı ilə əldə edilən humanitar atəşkəsdən bir gün belə keçməmiş erməni faşistləri müharibə bölgəsindən uzaq Gəncə, Mingəçevir, Beyləqan, Tərtər, Daşkəsən, Goranboy, Bərdə və sair rayonlarımızın dinc sakinlərini, infrastruktur obyektlərini ağır artilleriyadan, qadağan olunmuş uzaqmənzilli raketlərlə atəşə tutaraq yeni hərbi cinayət törədirlər. Erməni silahlı bölmələrinin atəşkəs barədə razılaşmanı kobud şəkildə pozaraq törətdiyi qətliam beynəlxalq konvensiyaların tələblərinə tamamıilə zidd olsa da, BMT kimi mötəbər təşkilat başda olmaqla dünya birliyi hələ ki susur. Dünənə kimi Azərbaycanın dövlət başcısına sülh və atəşi dayandırmaq barədə ardıcıl zəng edən dövlət rəhbərləri humanitar rejim zamanı Gəncə şəhərinin mərkəzində ermənilərin törətdiyi vandalizmə göz yumurlar. Bütün dünyada, eləcə də MDB məkanına daxil olan dövlətlərin rəhbərləri Ermənistanın Azərbaycan xalqına qarşı son 30 ildə hansı mövqe tutduğunu yaxşı bilirlər. Lakin nə onlar, nə də beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərirlər. Bu, çoxlu sual doğurur. Görəsən 30 ildən çox davam edən münaqişə boyu baş verən müharibədə və ya sülh danışıqlarında qazanan və ya itirən hansı tərəflərdir?

Axı müharibə yalnız döyüş meydanında getmir

Qədim Yunanstanın məşhur natiqi Demosfen müharibələri ədalətli və ədalətsiz olmaqla iki yerə ayırırdı. Demosfenə görə, "ədalətli müharibələr doğma vətəni yad tapdağından qorumağa xidmət edir, ədalətsiz müharibələr isə qarət etmək, gəlir əldə etmək məqsədilə aparılır.”

2016-cı ilin Aprel döyüşlərində, bu ilin iyulunda Tovuz istiqamətində və sentyabrın 27-də düşmən təxribatının qarşısını əks-həmlə ilə alan Azərbaycan Ordusu döyüş meydanında birmənalı şəkildə üstünlük əldə edib. Çünki Azərbaycanın Silahlı Qüvvələrinin işğal olunmuş torpaqlarımız uğrunda ədalətli müharibə apardığı göz qabağındadır. Lakin Ermənistan həmişə məğlubiyyətin acısını dadanda Azərbaycana qarşı apardığı ədalətsiz müharibənin forma və metodlarını ağlagəlməz dərəcədə dəyişir. Dünya hələ elə bir müharibə tanımır ki, işğalçı ordu qarşı tərəfin böyükdən-kiçiyədək son nəfərinə kimi hamısını məhv etmək niyyətini nümayiş etdirsin. Yaşayış yerlərini, mədəni-tarixi abidələrini, qəbiristanlıqlarını, hətta təbiətini xarabazara çevirsin. 1992-ci ilin fevralında Xocalıda, 2020-ci ilin oktyabrında Gəncə şəhərində dinc əhaliyə qarşı törətdiyi hərbi cinayət faktları erməni faşizminin alman faşizmindən daha qorxunc olduğunu göstərir. Dünya Xocalı harayını eşitmədiyi kimi, Gəncə qətliamına ciddi reaksiya vermir. Gəncə şəhərinin mərkəzinə atılan raket Ermənistanın hərbi-siyası rəhbərliyinin düşünülmüş surətdə törətdiyi cinayət və soyqırımdır.

Cənubi Qafqazda sülh xəyalı gerçək ola bilərmi?

Daşnak törəmələrinin qanlı əməlləri qəddarlıq dərəcəsinə görə bənzərsiz olsa da, Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunması barədə status-kvonun uzun müddət davam etdirilməsinin birbaşa xeyrini görən ölkələr də var. Elə götürək ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunan üç ölkəni. Bunlardan biri - hərbi-müdafiə sahəsində Ermənistanla əməkdaşlıq edən Rusiyadır. Görəsən belə bir ölkə Cənubi Qafqazda sülhün bərqərar olmasını gerçəkdənmi istəyir? Axı 115 il əvvəl də Çar Rusiyası Türkiyədən, İrandan və digər ölkələrdən Qafqaza köçürdüyü erməniləri silahlandırıb azərbaycanlı-müsəlman əhaliyə qarşı müharibəyə qaldırdı. Üstəlik bu gün biz Rusiyada mövcud kütləvi informasiya vasitələrinin –xüsusilə telekanalların Azərbaycana qarşı əks - təbliğatının şahidi oluruq. Eləcə də Minsk qrupunun həmsədrliyində təmsil olunan ABŞ-da və Fransada bu ölkələrin dövlət qurumlarına əhəmiyyətli təsirə malik olan erməni lobbisi mövcuddur. Minsk qrupunun strukturu və formatının dəyişdirilməsi həlli çoxdan çatmış, fəqət bilərəkdən yubadılan ciddi məsələdir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, "Biz, şəxsən mən Minsk qrupunun belə tərkibdə olmasına görə cavabdeh deyilik. Sözsüz ki, əgər biz sülhə şərait yarada biləcək hər hansı kontakt qrupunun tərkibi ilə bağlı bu gün qərar versəydik, əlbəttə, tərkib tamamilə fərqli olardı.” Bax, belə olan təqdirdə niyə də Azərbaycana dost olan Türkiyənin Cənubi Qafqazda maraqları, mövqeyi və sülhə verə biləcəyi töhfələr nəzərə alınmasın?! Axı Qarabağ təkcə Azərbaycanın deyil, eyni zamanda Türkiyənin də qanayan yarasıdır...

Paşinyanı əsla döyüş meydanında qalan erməni əsgərlərinin cəsədləri maraqlandırmır

İnsan özü də dünya içində kiçik bir dünyadır. O – övladdır, ərdir, qardaşdır, oğuldur. Hümanitar atəşkəs dövrü başı "dabanını yaladıqları” himayədarları tərəfindən sığallanan Ermənistan hakimiyyətini döyüş meydanında qalan nə erməni əsgərlərinin cəsədləri, nə də onların valideynləri maraqlandırır. Bu acınacaqlı faktın özü də erməni faşizminin hətta öz xalqının taleyinə laqeydliyinin aşkar göstəricisidir. Dəfələrlə Kremlə, Parisə zənglər edən erməni baş nazir istədiyinə "nail” olandan sonra qondarma "Dağlıq Qarabağ Respublikası”nın danışıqlarda tərəf kimi təmsil olunmasına yönələn cəhdlərini davam etdirməsi həm siyasətçi adına, həm erməni xalqının adına, həm də insan adına böyük ləkədir. Hələ ötən il Ermənistan müdafiə nazirinin müavini David Tonoyan Azərbaycanla sülh qarşılığında "yeni ərazilər üçün yeni müharibələr" şüarı, Paşinyanın "Qarabağ Ermənistandır" populist bəyanatı və yeddi şərti, qondarma "DQR” rəbərliyinin Şuşada "andiçmə mərasimi” keçirməsi, nəhayət, Azərbaycana qarşı hərbi təxribatlar münaqişənin yenidən alovlanmasına səbəb oldu. Milli Ordumuzun qarşısında aciz qalan erməni faşistləri məkrli siyasət apararaq üçüncü tərəfi müharibəyə cəlb etməyə səy edir ki, həmin tərəf onun maraqlarını müdafiə etsin. Əgər doğrudan da ermənilərə sülh lazım idisə, onda niyə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin döyüş bölgəsinə gələn maşınlarını atəşə tuturdular? Xatırladaq ki, ötən əsrin əvvəllərində də ermənilər məğlubiyyət ərəfəsində belə hiylələrə əl atıblar. M. S. Ordubadi "Qanlı illər” əsərində yazır ki, daşnak erməniləri başladıqları müharibədə məğlub olduqlarını görüb avqustun 19-da erməni arximandriti və qubernator Baranovski məscidin həyətinə gəldilər. Arximandrit müsəlmanlara yalvarmağa başladı: "Amandı müsəlmanlar, Şuşada ermənilər müqəssir olsalar da, daha erməni qalmadı. İndi bir ovuc əlsiz - ayaqsız erməni qalıbdır, onlara rəhm ediniz!” deyib, ağlaya-ağlaya sülh təklif etdi. Müsəlmanlar sülh sözünü eşidən kimi güllə atmağı dayandırıb sakit oldular. Ermənilər isə evə qayıdan qubernatoru atəşə tutdular.”

Bu gün Gəncədə və başqa şəhərlərimizdə dinc əhalini atəşə tutan erməni terrorçuları əcdadlarının yolunu davam etdirirlər. Çox təəssüf ki, bir neçə ölkə istisna olmaqla, dünya mətbuatı Azərbaycanda baş verən hadisələri ermənipərəst mövqedən işıqlandırır... Elə dünən Parisdə ermənilərin Gəncə şəhərində qətlə yetirilən uşaqların, günahsız insanların faciəsini bayram etməsi də onların faşist xislətinin bariz nümunəsi idi. Onu da qeyd edək ki, humanitar atəşkəsdən sonra Ermənistanın növbəti hərbi təxribatları və Gəncə şəhərində dinc sakinlərə qarşı qətliamı həm də bölgədə Rusiya diplomatiyasının nüfuzuna sarsıdıcı zərbədir.

Azərbaycan xalqı ordumuzun düşmən üzərində qələbəsinə inanır

Bu gün Qarabağın azadlığı hər bir sıravi Azərbaycan vətəndaşının qeyrət borcudur. Şir ürəkli oğullarımız Vətən savaşı apardığı dövrdə biz - arxa cəbhədə olan insanlar həm də düşmənlə informasiya savaşında ölkəmizin haqq işini dünyaya çatdırmaq uğrunda çalışmalıyıq . Biz öz həmrəyliyimizlə ruhu qələbəyə köklənən igid əsgər və zabitlərimizə dəstək olmalıyıq. Qələbə bizim olacaq!

Bu gün barıt qoxusu gələn Vətən torpaqlarımz sabah gül-çiçəyin ətrinə bələnəcək!

12.10.2020.


1114 oxunub

InvestAZ