XƏBƏR LENTİ
25 Oktyabr 2020
24 Oktyabr 2020



Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyevin siyasi idradəsi bütün uğurlarımızın zəminidir”
SİYASƏT 15:27 / 13.10.2020
"Ölkə Prezidenti cənab İlham Əliyev humanitar atəşkəs rejiminə razılıq verməklə bu dəfə artıq ermənilərin siyasi-diplomatik mövqeylərinə də sarsıdıcı zərbə vurmuş oldu. Heç kim üçün sirr deyil ki, Ermənistan hakimiyyətində olan hərbi-siyasi rejim bu gün bütün dünyada olan havadarlarının köməyi ilə qurmağa çalışdığı siyasi oyunlar vasitəsilə cəbhədəki uğursuzluqlarının əvəzini çıxmağa səy göstərir. Bu oyunların qarşısı isə yalnız qəbul edilən düzgün siyasi qərarlar və atılan məqsədyönlü diplomatik addımlarla alına bilər.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində millət vəkili Aqiyə Naxçıvanlı demişdir.

Azərbaycan tərəfindən humanitar xarakterli atəşkəs rejiminin qəbul edilməsinə münasibət bildirən millət vəkili bu addımın tamamilə düzgün olduğunu və ölkəmizin xeyrinə işlədiyini vurğulamışdır: "Sentyabr ayının 27-dən başlanan hadisələrin gedişi bir daha bütün dünyaya Azərbaycan dövlətinin başında möhkəm siyasi iradəyə malik, qətiyyətli bir liderin durduğunu və bu liderin rəhbərliyi altında Azərbaycan xalqının ən qısa zamanda öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu nümayiş etdirdi. Düşmənin təxribat xarakterli hücumlarına cavab olaraq başlanılmış əks-hücum əməliyyatları ilk növbədə münaqişənin hərbi yolla həllinin olmaması barədə illər boyu bəslənən mifi darmadağın etdi. Dövlət başçımızın qətiyyəti və düşünülmüş addımları nəticəsində status-kvo aradan qaldırıldı və indi həm hərbi, həm də siyasi şərtləri artıq Azərbaycan diktə edir.Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu diplomatik gedişləri Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsini gözümüzün önündəcə dəyişməkdədir. Heç şübhəsiz bu gedişlərdən biri də Rusiyanın vasitəçiliyi ilə təklif olunmuş humanitar atəşkəs rejiminin qəbul edilməsidir. Əminəm ki, erməni tərəfi hərbi uğurlarımızın fonunda bizim bu təklifi qəbul etməyəcəyimizə ümid bəsləyirdilər. Çünki belə olan təqdirdə düşmənlərimiz Azərbaycana beynəlxalq aləmdə daha çox təzyiq göstərilməsi üçün əlavə bəhanə əldə edə bilərdilər. Lakin dediyim kimi, Prezident İlham Əliyev onların bu cəhdlərinin də qarşısını düzgün qəbul edilmiş bir qərarla almış oldu. Dövlət başçımızın da dediyi kimi, artıq qarşı tərəfi sülhə məcburetmə əməliyyatlarının birinci fazası tam olaraq bizim üstünlüyümüzlə başa çatmışdır.”

Öz müsahibəsində dinc sakinlərin məskunlaşdığı yaşayış məntəqələrimizin artilleriya hücumlarına məruz qoyulmasını, o cümlədən Gəncənin raket atəşinə tutulmasını qətiyyətlə pisləyən professor Aqiyə Naxçıvanlı bu əməllərin hərbi cinayət olduğunu və təqsirkarların beynəlxalq hüquqa uyğun şəkildə mühakimə edilmələrinin zəruriliyini qeyd etmişdir: "Atəşkəsin elan olunmasından sonra cərəyan edən hadisələr növbəti dəfə Ermənistan rejiminin faktiki olaraq hərbi cinayətkarlardan ibarət olduğunu bir daha bütün dünyaya sübut etdi. Şanlı Azərbaycan əsgərinin, Azərbaycan silahının qarşısında duruş gətirə bilməyən düşmən hər zaman olduğu kimi, xaincəsinə hərəkət edərək dinc sakinləri hədəfə alır. Təsəvvür edin ki, hərbi əməliyyatların dayandırılması üçün az qala bütün dünyada yalvarmadığı bir ölkə lideri qalmayan ermənilər bizim razılığımızla elan olunmuş humanitar atəşkəs rejiminə belə bir neçə saat da olsa riayət edə bilmədilər. Artıq oktyabrın 11-də gecə saatlarında, insanların öz evlərində yatdıqları bir vaxtda Ermənistan silahlı qüvvələri cəbhə zonasından da kənarda yerləşən Gəncə şəhərini raket atəşinə tutdular.Ölkənin ikinci ən böyük şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları hədəfə alınaraq raket zərbələri nəticəsində dağıdıldı. İnsanlarımız, o cümlədən qadınlar həlak oldular. Aralarında azyaşlı uşaqlar olmaqla onlarca dinc sakin xəsarət aldı. Budur erməni xisləti! Bunu bütün dünya görməlidir, bilməlidir! Hərbi cinayətkarlar beynəlxalq məhkəmədə mühakimə olunmalı və layiq olduqları cəzanı almalıdırlar.”

Saytımıza verdiyi müsahibəsinin sonunda millət vəkili bir daha Prezident İlham Əliyevin hərbi uğurlarımızın siyasi müstəviyə daşınması istiqamətində atdığı addımları yüksək qiymətləndirərək əsil qələbənin də yalnız bu yolla əldə olunacağını vurğulamışdır: "Əgər biz bu gün hərb meydanında əldə etdiyimiz uğurları diplomatik əsaslarla da beynəlxalq ictimaiyyətə qəbul etdirə bilməsək, bu zaman qələbəmiz tam olmaz. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bunu hər kəsdən yaxşı bilir. Məhz bu səbəbdən də Ali Baş Komandanımız nə zaman əks-hücum əməliyyatlarının, nə zaman isə danışıqların aparılmasının lazım olduğunu çox böyük dəqiqliklə təyin edir. Bu gün məhz Prezident İlham Əliyevin siyasi iradəsi bütün uğurlarımızın zəminidir və bu siyasi iradənin sayəsində Azərbaycan tezliklə öz ərazi bütövlüyünü tam olaraq bərpa edəcək!”
1462 oxunub

InvestAZ