XƏBƏR LENTİ
21 Oktyabr 2020



HƏYAT HƏQİQƏTLƏRİNİN ORİJİNALPOETİK AYNASI
YAZARLAR 17:00 / 29.09.2020



(İstedadlı şair Fəxrəddin Teyyubun yaradıcılığı haqqında qeydlər)

Ənənəvi poeziya müstəvisində həyat həqiqətlərinə, ədəbi-bədii mətləblərə özünəməxsus orijinallıqla, yüksək fikir tutumu və poetik təravətlə yanaşan istedadlı şairlərdən biri Fəxrəddin Teyyubdur. Onun yaradıcılığı ideya-mənəvi axtarışların siqləti, obrazlı düşüncə zənginliyi ilə yanaşı, həm də milli-mənəvi və etik bütövlüyün poetik məxsusiliyini özündə ehtiva edir. Fəxrəddin Teyyubunbədii nümunələrində mövzu və forma dolğunluğu, emosional ifadə tərzi, poetik vasitələrin rəngarəngliyi, onun sənətkarlıq bacarığının mühüm elementləri kimi təzahür edir. O, səciyyəvi poetik nəfəsə, məxsusi intonasiyaya və seçilən dəst-xəttə malik istedadlı qələm sahibidir. Ərsəyə gətirdiyi poetik əsərlər öz istinad obyektinə, düşüncə miqyasına və bədii qaynaqlarına görə milli lirikamızın maraqlı nümunələri sırasındadır. Şair mövzunun poetik həllində lirik ovqatın səmimiyyətinə, təsvir və ifadə vasitələrinin orijinallığına, hadisələrin dramatizmindən doğan gərginliyə və bədii ümumiləşdirmənin fəlsəfı mahiyyətinə böyük önəm verir.

Sənət müstəvisində ədəbi-bədii nümunənin mahiyyətindəki ictimai-fəlsəfi fıkrin dolğunluğu, poetik özünüifadənin, özünütəsdiqin yetkinliyinə dəlalət edir. Çağdaş poeziyamızda öz səmimi ahəngdarlığı, bədii-ictimai mündəricəsi, forma və məzmun tamlığı, həmçinin poetik ümumiləşdirməsi ilə diqqət çəkən sənət nümunələri sırasında Fəxrəddin Teyyubun"Mən göyün üzündə olaydım gərək” şeirini səciyyələndirmək olar.

Maraqlıdır ki, bu şeirin məzmununa yüksək poetik pafos hakim olsa da, onun ilk misrası kövrək, həzin və dərin fəlsəfı poetikaya xas olan dil estetikasını sərgiləyir.

"Bal dadır anamı gördüyüm yuxu” – bu misra şairin poetik nəfəsinin təravətini təqdim etməklə bərabər, həm də onun poetik ruhunun milli bədii düşüncəmizin ən dərin qaynaqlarından səmərəli bəhrələnməsinin göstəricisidir. Bu şeirin orijinallığı ondadır ki, burada poetik düşüncə çoxqatlı fəlsəfı kod altındadır. İlk baxışda pafoslu səslənən misraların poetik məğzinə varanda, şeirdəki bədii ümumiləşdirmənin fəlsəfi dərinliyi heyranlıq doğurur. Cəmiyyətin ictimai həyatdakı problemlərə mənəvi-əxlaqi aspektdən yanaşaraq, fərdin simasında cəmiyyətin, insanlığın ağrılarını bədii-fəlsəfı məzmunda ehtiva etmək həqiqi istedadın mahiyyətidir.

Demirəm qazancın cəmi mənimdir,

Əlimə keçəni bölüb gedirəm.

Elə bil kədəri, qəmi mənimdir,

Şəhid atasıyla ölüb gedirəm.

və ya:

Tanrının qəlbini oxumaq üçün,

Bilir hansı dağa yağdırır qarı.

Kisəsi boş qalar bir məmləkətin,

Olsa mənim kimi xəzinədarı.

Fəxrəddin Teyyubunyaradıcılığında çox vaxt yığcamlıq, lakonizm əsas ideyanın, ədəbi qayənin açılmasında bədii vasitə kimi çıxış edir. Onun bir çox şeirlərində bədii dil orijinal və gözlənilməz fıkir tutumu, yeni ovqatı, təzə rəng çalarları, həmçinin emosionallığı və obrazlılığı ilə yadda qalır.

Tutun yarpağından öpüb gedirəm,

Yaşıl xatirədir ömrün hər günü.

Səhər gözlərimə təpib gedirəm,

Titrəyən yarpağın təbəssümünü.

FəxrəddinTeyyub aşağıdakı misralarda koronovirus dövrünün ən poetik səciyyəsini özünəməxsus və sənətkar kimi təqdim edir və bu təqdimatda obrazlı şair düşüncəsi çox maraqlıdır.

Sükut içindədir qəmli gecələr,

Nə olsun işıqdan hər tərəf ağdı.

Adama tamarzı, həsrət küçələr,

Elə bil anası ölmüş uşaqdı.

Pozulub min sevgi müqaviləsi,

Adamsız solubdur bağçalar, bağlar.

Gözləyir yolunu hər sevən kəsin,

Məhəbbət qoxulu oturacaqlar.

İstedadli şairin "Pəncərəmdən baxıram” adlandırdığı bu şeir öz bədii-fəlsəfi və çağdaş ruhu ilə dəyərli sənət indeksidir. Şair bu pəncərədən həm səhərə baxır, həm də dünyaya... Çünki "Dünya bir pəncərədir, hər gələn baxar gedər”. Hansı kontekstden yanaşsan, bu şeirin poetik enerjisi öz mükəmməlliyini qoruyur. Çağdaşlıq və yüksək poetik-fəlsəfi mündərəcə bu şeirin alın yazısıdır.

Bu misralar onun istedadının, səmimi şair ruhunun poetik özünütəsdiqi olmaqla yanaşı, həm də ümumən poeziyamıza yeni çalar, yeni təravət qatır. Bu misralar istedadlı şairin sənət uğuru kimi dəyərləndirilməyə layiqdir.

"Alver” adlanan şeirdə bir sıra sözlərindaşıdığı mənalarantiteza mahiyyətinə uygun qarşılaşdırılaraq, assosiasiya vasitəsi kimi bədü-fəlsəfi fikrin əyaniləşməsinə, həm də orijinal metaforanın yaranmasına vəsilə olmuşdur.

Hərənin bir yerdən çıxır çörəyi,

Ümidim arzuyla yola gedərmi?

Neynirəm sinəmdə köhnə ürəyi,

Hərraca çıxarsam pula gedərmi?

Şeirin məzmununu dolğunlaşdıran bubədii suallar,bədiiifadə vasitəsi kimi yerində işlənmiş və sənətkar yetkinliyinin ehtivasıdır.

Qeyd etmək lazımdır ki, Fəxrəddin Teyyubinşeirlərində mövzu rəngarəngliyi, müşahidə dərinliyi, bədii axtarış meyilləri və vətəndaşlıq keyfiyyətləri diqqətdən yayınmır. Bu baxımdan şairin "Ədəbiyyat qəzeti”nin 19 sentyabr 2020-ci il tarixli sayındaçap olunanşeirlərində canlı müşahidə dəqiqliyi, mövzuların bədii həllində poetik elementlərdən zövqlə istifadə etmək bacarığı və poetik təfəkkürün obrazlılığı uğurlu səciyyə daşıyır. Şairin poetik nümunələrində epitetlər, təşbehlər, metaforalar, həmçinin obraz zənginliyi qarşılaşdırılan məfhumların məna və məzmun genişliyində ehtiva olunur. Sadalanan bu bədii komponentlər şairin təlqin etmək istədiyi ideyanın, düşüncənin yüksək poetik ifadəsinə xidmət edir. Bu şeirlərin daşıdığı poetik enerji, bədii təravət, vətəndaşlıq qayəsi, forma və məzmun harmoniyası ədəbiyyatımızda özünəməxsus yeri və məqamı olan istedadlı bir şairin varlığını bir daha təsdiq edir. Şair poeziyanın ədəbiyyatdakı funksiyasını dərindən dərk etməklə bərabər, həm də sənətin ideya istiqamətini, vətənpərvərlik məramını düzgün müəyyənləşdirir.

Fəxrəddinin bütün şeirləri öz həyatiliyi, səmimi və orijinal poetikası ilə seçilir. Dərinmüşahidə qabiliyyəti, zəngin təfəkkürü, bədii sözün təravətini duymaq bacarığı onun fərdi şair obrazının əsas atributudur. Müasirlik onun şeirlərinin lokomatividir. O, həyatdakı reallıqlarınbədii mənzərəsinin rəsminiöz poetik rəngkarlığı iləsözün yaddaşında canlandırır. Onun "Bu mən deyiləm” şeirindəki səciyyəvi məqamlara diqqət edək.

Mətləbi qanıram başıma görə,

Necə də dünyanı qarışdırdılar.

Cəzamı almışam yaşıma görə,

Məni taleyimlə barışdırdılar.

Göylər ki, səxavət cuvalı deyil,

Payına nə düşüb kimin bəsidi.

Sinif otağıdı dünya elə bil,

Hamının keçdiyi Tanrı dərsidi.

Şair niyə dünyanı sinif otağına bənzədir? Çünki "Tanrı dərsi”ni hamı keçməlidir, hamı ilahi varlığın qüdrətinə şəhadət gətirməlidir, bu sadəcə öyrənmək deyil, həm də fəhm etməkdir. Çünki bu bir irfani mətləbdir və sair bu mətləbi modern üslubda bədii-fəlsəfimüstəvidə ehtiva edir. Böyük Füzuli demişkən: "Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz” – bu mənada, dəyərli şair Fəxrəddin Teyyubun poetik düşüncələri Füzuli irfanından su içib desəm, yanılmaram.

Fəxrəddin Teyyubun şeirlərində poetik təravətlə yanaşı, həm də yaşından, həyat təcrübəsindən doğan bir müdriklik, könül oxşayan məna zənginliyi də diqqət çəkir. İstisnasız demək olar ki, onunbütün şeirlərində həyat həqiqətininbədii həqiqət müstəvisindəsənətkarlıqla canlandırılmasının şahidi oluruq. Zaman və insan amilinin poetik mənzərəsi "Məzuniyyət” şeirində səmimi poetik detallarlavə ahəngdar intonasiya ilətəqdim olunur. Bu şeiri həm də həyat məktəbindən poetik fraqmentlər kimi də səciyyələndirmək olar. Bu şeirdən tənhalıq qoxusu gəlir və misralar unudulmağın bədii mənzərəsidir.

Zəng edib kimisə dəng eləmirəm,

Gileyli misrayla doludu masam.

Daha doğmalara zəng eləmirəm,

Məni axtaran kim, mən axtarmasam.

Gərəkli günlərim qaldı arxada,

Sevinci sevincə qatardı hamı.

Olsaydı bir medal, orden yaxada,

Mənim kandarımda yatardı hamı.

Dostun dar günündə qəmə batmışam,

Vermişəm ömrümü xoş ünsiyyətə.

Özüm öz əmrimə imza atmışam,

Çıxmışam özümdən məzuniyyətə.

Bu şeirin bədii ümumiləşdirməsiçoxorijinal poetik tapıntı kimi yadda qalır.

İctimai mündəricəli bu şeirin bədii ümümiləşdirilməsinin poetikasındakı pafos, publisıstik çalar şairin aşılamaq istədiyi ideya-məzmunun tamlığına, vətəndaşlıq qayəsinin dolğunluğuna xidmət edir.

Bu misralar milliözünüdərkə, mənəvi təkamülə çağırışın poetik əks-sədası olmaqla yanaşı, həm ədəbi, həm də ictimai-fəlsəfı əhəmiyyətə malikdir.

İnamla demək olar ki, Fəxrəddin Teyyubunpoeziyası vətəndaş qayəli, vətəndaş silqətli poeziyadır. Bu poeziya özündə böyük ictimai təbəddülatları, lirik qəhrəmanın mənəvi dünyası ilə onu əhatə edən dünyanın problemləri arasındakı uyğunsuzluğun inikası olan konfliktləri əhatə edir.

Onun əsərlərinin lirik qəhrəmanı tənasübü pozulmuş dünyanın ağrı-acıları ilə yaşayır və həqiqi vətəndaş kimi buna etiraz edir, narahatlığını poetik sözün ictimai pafosu ilə bəyanə gətirir. Məhz bu xüsusiyyətləri, həm də vətənpərvərlik və ideya-estetik amillərin geniş inikası, onun poeziyasına yüksək bədii vüsət, ictimai dəyər, fəlsəfi mahiyyət aşılayır.

Poetik məzmun öz bədii ifadəsinə, estetik gözəlliyinə, məhz uyğun bədii formada nail olur. Məzmun həyəcanı ilə ritm, intonasiya həyəcanının harmoniyası və orijinal düşüncənin səmimi poetikası dəyərli sənət nümunəsinin önəmli məziyyətlərindəndir. Çağdaş poeziyamızı zənginləşdirən bədii sənət faktorları arasında Fəxrəddin Teyyubundigər poetik nümunələri kimi, bu şeiri də heyranlıq doğuran orijinal poetikaya malikdir. Milli poetik düşüncənin bədii təravəti bu şeirin ("Dedim qəm eləmə”) hər misrasına hopub.

Meh nədi, əsəndə əs külək kimi,

Qoşul göydən yağan yağışa ağla.

Durna qatarından düş lələk kimi,

Duyğular payıza qarışa, ağla.

Hardadı ünvanı görən sükutun,

Hər yanan ulduzdan hikmət, sirr soruş.

Yapış yaxasından göydə buludun,

Niyə kölgə salır Aya, bir soruş.

Və yaxud, başqa şeirin bu misraları:

Bağımda gəzəndə darıxmıram mən,

Ağaclar dostumdu, var həmsöhbətim.

Hər biri oxuyur məni gözümdən,

Heyva dayan deyir, nar həmsöhbətim.

Bu şeirlər "təpədən-dırnağa” sənətkarlıq məziyyətlərinin bütövlüyü, obrazların, poetik detalların zənginliyi, milli koloritin təbiiliyi ilə məxsusi sənət keyfiyyətlərisərgiləyir.

Fəxrəddin Teyyubun rəvan və təbii üslubu, şeirlərinin vəzn, bölgü, qafiyə və poetik strukturun digər elementlərindən məharətlə istifadə etmək bacarığı onun yaradıcılıq yetkinliyini şərtləndirən keyfiyyət kimi önəmli səciyyə daşıyır. Poetik yükündən bədii mahiyyətindən asılı olmayaraq, Fəxrəddininbütün şeirlərindən vətəndaşlıq sevgisi boylanır, səmimiyyətətri gəlir, nəciblik, məhəbbət, halallıq qoxusu duyulur. Bu şeirlərdə insanın insanlar qarşısında, bəşəriyyət qarşısında insanlıq borcunun və ləyaqətinin vicdanla, ədalətlə, namusla icrası məsələsinə böyük diqqət verilir. Bu xüsusiyyətlər onun şeirlərinə ictimai dərinlik, geniş vüsət və məzmun bütövlüyü gətirir. Şairin bir çox şeirlərinin ifadə tərzindəki məxsusilik, fıkrin misra-misra incələnməsindən yaranan dolğunluq, incə lirizm, sakit və təmkinli ahəng, bədii-ictimai düşüncələrin doğurduğu poetik sanbal onun yaradıcılıq fərdiyyətinin keyfiyyət göstəricisidir.

Lirik əsərlərdə yenilik ruhu o vaxt diqqət kəsb edir ki, orada həyati müşahidə bədii materialın, poetik obyektin yeni cizgilərinə, görünməmiş tərəflərinə nüfuz etmiş olur. Fəxrəddininşeirlərində ictimai, mənəvi, əxlaqi tamlıq və təbiətindən doğan halallıq mövzusu geniş yer tutur və onun dünyagörüşünün, bədii-estetik idealının müəyyənləşməsində, formalaşmasında əhəmiyyətli rol oynayır. Bu poeziyanın ən səciyyəvi xüsusiyyətlərindən biri onun müasirliyidir, yəni şair müasir həyatımızın təzadlarını, onun insanlara səadət bəxş edən məqamlarını və eyni zamanda, insanları əzab məngənəsində sıxan anları poetik məzmunda ehtiva edərək, onu yeni-yeni məna çalarları ilə zənginləşdirir.

Fəxrəddin Teyyubun şeirlərində milli kolorit qüvvətli olduğu üçün böyük maraq doğurur. Bu cəhət şeirlərin mövzusunda, mütəmadi müraciət olunan qoşma janrının ahəng və ritmində, bədii təsvir vasitələrində nəzərə çarpır. Məlumdur ki, poeziyamızda qoşma janrı həmişə öz xəlqiliyini və müasirliyini qoruya bilmişdir. Qoşmada şirinlik, axıcılıq, səmimiyyət və sadəlik vardır. Qoşma lakonikdir, yığcamdır, şairi sözə məsuliyyətlə yanaşmağa, sözə qənaət etməyə məcbur edir. İstedadlı şair qələmində qoşma mənalı, ahəngdar musiqiyə, gözəl nəğməyə çevrilir. FəxrəddinTeyyubunyaradıcılığında belə poetik nümunələr çoxdur. İstedadlı şairin "Sükut” qoşması öz bədii təravəti, poetik sanbalı ilə fikrimizi təsdiq edir. Bu poetik nümunədə sükutun səsi eşidilir, rəngi duyulur, bunu yalnız orijinal şair qələmi yarada bilər, necə ki, yaradıb.

Yola salıb necə cığır, iz məni,

Təbim qaynar, demə çəkib söz məni.

Axtarmayın, aramayın siz məni,

İstəyirəm bir mən olum, bir sükut.

Çox almışam salam kimi dərdimi,

Ucaltmışam qalam kimi dərdimi.

Qarşıladım balam kimi dərdimi,

İstəyirəm bir mən olum, bir sükut.

Ömrün, günün hesabı var sükutda,

Neçə vicdan əzabı var sükutda.

Hər sualın cavabı var sükutda,

İstəyirəm bir mən olum, bir sükut.

Bəd söz deməz, desə dilim qurusun,

Öz evini Tanrı özü qorusun.

Üzü dönsün bu koronavirusun,

İstəyirəm bir mən olum, bir sükut.

Səhvim varsa, desin mənə üç adam,

Doğmasından inciyərmi heç adam?

Mən yol kəsən deyiləm ki, keç, adam,

İstəyirəm bir mən olum, bir sükut.

Kimdi səni salan yada, yetmişim,

Qismətə bax, düşdü oda yetmişim.

Axır gəlib çatdı, bu da yetmişim,

İstəyirəm bir mən olum, bir sükut.

Şair klassik qoşmanın ən yaxşı xüsusiyyətlərindən, məzmun vəhdətindən, obrazlılıqdan məntiqi ardıcıllıqdan, dil və ifadə oynaqlığından məharətlə istifadə edərək, gözəl nümunələr yaratmışdır. Fəxrəddin Teyyubdilimizin zəngin və rəngarəng təhkiyələrindən, bədii təsvir və ifadə vasitələrindən ustalıqla bəhrələnərək, mövzunun bədii həllini, poetik ümumiləşdirməni məxsusi ovqatda təqdim edə bilir.

Şair bəzən bir bənddə lakonik poetik detallarla oxucu xəyalında orijinal lövhələr canlandıra bilir. Onun bir sıra şeirlərində mürəkkəb psixoloji vəziyyətlər, anlar və duyğular, hisslər aləmi çox zərif və dəqiq ifadəsini, bədii həllini tapmışdır. O, bədii dilin estetik gözəlliyinə, emosionallığına məsuliyyətlə yanaşaraq, məzmuna uyğun forma rəngarəngliyindən səriştəylə istifadə etməyi bacarır. Fəxrəddinin yaradıcılığında mənəvi-əxlaqi zənginliyin harmoniyası vardır.

Bu mənada o, daim inkişaf edən həm forma və məzmun əlvanlığı, həm də poetika baxımından kamilləşən bir sənətkardır.

İstedadlı şair dostumömrünün və sənətinin dolğun çağlarını yaşayır.Mənalı ömrünün 70-cimərtəbəsində dəyərli sənətkara can sağlığı və daha zənginyaradıcılıq nailiyyətləriarzulayıram!

Balayar SADİQ,

şair-publisist


1210 oxunub

InvestAZ