XƏBƏR LENTİ
29 Oktyabr 2020



ƏSGƏR ANASININ ÇAĞIRIŞI
YAZARLAR 10:02 / 30.09.2020


Qədim tarixə, zəngin mədəniyyətə malik Azərbaycan xalqı əsrlər boyu öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb. Tarix boyu torpaqlarına göz tikən bədxahlar böyük quruculuq və yaradıcılıq keyfiyyətləri ilə hər zaman öyünə biləcək, şəhidlik zirvəsinə ucalmağa hazır şücaətli, qəhrəman övladları olan bir xalqı talamaq, əzəli torpaqlarını işğal etmək və digər məkrli niyyətlər güdmüşlər. Odur ki, tarixin bizə keçdiyi dərsləri daha yaxşı öyrənməli, dostu düşməndən yaxşı ayırd etməliyik.

Azərbaycan torpağı əzəldən çoxmillətli, müxtəlif dinli və multikultural bir diyar olub. Burada müxtəlif etnoslar, o cümlədən türk, Qafqaz, ərəb, fars, slavyan və digər etnik mənşəli əhali yaşamış, bu gün isə bir çoxları Azərbaycan Respublikasının bərabərhüquqlu vətəndaşlarıdır. Onlar hər zaman olduğu kimi bütün imkan və imtiyazlardan istifadə edərək, vahid azərbaycançılıq ideyasının formalaşması və inkişafında müstəsna xidmətləri olan insanlardır.

Lakin bir neçə onilliklər ərzində Azərbaycan torpaqlarına köç edərək məskən salmış ermənilər özlərinin uydurduğu "Böyük Ermənistan” xülyasını həyata keçirmək niyyəti ilə XX əsr boyu məqsədyönlü şəkildə Azərbaycan xalqına məxsus torpaqları, milli-mənəvi və maddi mədəni sərvətləri ələ keçirmək iddiası ilə özlərinin çirkin siyasətini gerçəkləşdirməkdədir.

1988-ci ildə Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinin Ermənistana birləşdirmək məqsədilə başlanan işğalçı siyasət, 32 ildir ki, erməni milliyyətçiləri və terrorçularının fəaliyyətində ana xətt kimi qalmaqdadır. Erməni milliyyətçilərinin işğal, təcavüz, qətliam, soyqırım, terakt və digər vandalizm hərəkətləri Azərbaycanın qəhrəman oğul və qızlarının şəhid olmasına, günahsız uşaqların valideynlərinin, anaların isə övladlarının itirməsinə gətirib çıxarmışdır.

Lakin xalqımız yenə də sarsılmadı. Qəhrəman analarımız yenə də Vətənə layiq oğullar dünyaya gətirir, onları Vətənə sevgi və hörmət ruhunda yetişdir.

Bu gün cəbhədə yenə də atəşkəs pozulub və şanlı Azərbaycan ordusu düşmənə layiqli cavab verərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün əlindən gələni edir.

Ordumuzda xidmət çəkən Azərbaycanın cəsarətli oğul analarının qulaqları səsdə, gözləri yoldadır. Belə bir analardan biri də Olqa Həşimovadır. Özündə Azərbaycan və Ukrayna soylarını birləşdirən Olqa xanım Bakı şəhərində dünyaya göz açıb, burada böyüyüb, təhsil alıb, Azərbaycan torpağına, xalqına, adət-ənənəsinə, milli mədəniyyətinə böyük hörmət və ehtiramla yaşayaraq, respublikasının mədəni və ictimai həyatında fəaliyyət göstərir. Peşəkar musiqi təhsili almış və hazırda Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas (kollec) təhsil pilləsinin direktor müavini çalışan O. Həşimova bu günlərdə həm qürurlu, həm də həyəcanlıdır. Çünki hazırda N saylı hərbi hissədə xidmət çəkən böyük oğlu çavuş Cavanşir Cahangir oğlu Həşimov komandir, zabit və öz əsgər yoldaşları ilə birgə cəbhədəki döyüşlərin iştirakçısı olaraq, Vətənin keşiyində dayanıb. Olqa xanımın gözlərində qürur və eyni zamanda həyəcan göz yaşları görmək mümkündür. Bu azmış, o, çox böyük fəxrlə ali baş komandan çağırış etdiyi təqdirdə kiçik oğlu Cavid Cahangir oğlu Həşimovun da cəbhəyə göndəriləcəyini qeyd edir.

Ölkə üçün bu tarixi məqamda bizimlə öz fikirləri ilə bölüşən əsgər anası Olqa xanım vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prezident seçildiyi ilk gündən Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirmiş və bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını üstün tutduğunu nümayiş etdirmişdir. Azərbaycan Prezidenti bütün xarici səfərlərdə, eləcə də, Bakıda keçirdiyi çoxsaylı görüşlərdə Ermənistanın hərbi təcavüzü məsələsini daim önə çəkərək Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman razılaşmayacağını, ehtiyac yarandığı halda hərbi əməliyyatların başlanmasına qərar verəcəyini vurğulamışdır. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın xarici siyasət kursunun mühüm tərkib hissələrindən birinə çevrilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınmasının tərəfdarı olduğunu bildirərək, beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin də zəruriliyini bəyan etmişdir. 30 il ərzində davam edən işğala gec-tez son qoyulmalı idi. Və həmin o tarixi zaman yetişdi. Biz hamımız cənab prezident, Azərbaycan Respublikasının Ali baş komandanı İlham Əliyevin ətrafında birləşərək, ön və arxa cəbhədə düşmənə layiqli cavab verməli, məsələni birdəfəlik həll etməliyik. Bu bir qürur və Vətən borcu məsələsidir.

Səfərbər olan və ordu sıralarında xidmət çəkən Azərbaycan oğullarının analarına müraciət edərək, Olqa xanım özünü bütün əsgər övladlarımızın anası hesab etdiyini, onları güclü olmağa, qələbə uğrunda baş verə biləcək hər bir hadisəyə hazır olmağa çağırış etdi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: "Qarabağ – Azərbaycandır və nida işarəsi!

Allah əsgərlərimizi qorusun. Amin!

Əbülfəz Babazadə

Bakı Xoreoqrafiya Akademiyasının İnformasiya

və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü



1602 oxunub

InvestAZ