XƏBƏR LENTİ
22 Oktyabr 2020
21 Oktyabr 2020



Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir və buna nail olacaq - Deputat
SİYASƏT 13:41 / 28.09.2020

Azərbaycan Ordusunun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması və düşməni yerində oturtması, həmçinin işğal altındakı bir sıra kəndlər və əlverişli əraziləri azad etməsi bir daha təsdiq etdi ki, ölkəmiz öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir və buna nail olacaq.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı hər zaman qətiyyətlə bəyan edir ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və işğal altında olan torpaqlarımız azad olunacaq:

"Dövlətimizin başçısı BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edərkən də ölkəmizin prinsipial mövqeyinin dünyanın ən ali kürsüsündən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı və Ermənistanın təcavüzkar mahiyyətini, işğalçı siyasətini və planlarını ifşa etdi. Həmçinin Prezident İlham Əliyev sentyabrın 27-də xalqa müraciəti zamanı qətiyyətlə bəyan etdi ki, "Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!". Təqdirəlayiq haldır ki, bu gün xalqımız öz Ali Baş Komandanına və müzəffər ordusuna birmənalı dəstək nümayiş etdirir, torpaqlarımızın işğaldan azad olunacağına dair yüksək inam ifadə edir. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayması, həmçinin ölkəmizin qeyri-hökumət təşkilatlarının Birləşmiş Millətlər Təşkilatı, ATƏT, ATƏT PA, Avropa Şurası, AŞPA, NATO, NATO PA Avropa Komissiyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, TÜRKPA, eləcə də bütün digər beynəlxalq təşkilatlara müraciət ünvanlamaları milli həmrəyliyin bariz nümunəsidir. Hazırkı tarixi mərhələdə ən mühüm məsələlərdən biri həm də düşmənin informasiya təxribatlarının baş tutmasına imkan verməməkdir. Bunun üçün hər bir sosial şəbəkə istifadəçisi, elektron informasiya resursu dəqiqləşdirilməmiş məlumat yaymamalı, daha dəqiq desək, yalnız rəsmi mənbələrə etibar etməlidirlər. Mövcud durum ondan ibarətdir ki, təcavüzkar ritorikasını gücləndirən və yeni işğal, müharibə planları quran Ermənistan qüdrətli Azərbaycanın, şanlı ordumuzun gücü qarşısında aciz vəziyyətdədir. İnanırıq ki, rəşadətli silahlı qüvvələrimiz torpaqlarımızı azad etmək kimi ali missiyanı uğurla yerinə yetirərək yeni qələbə müjdəsi verəcəklər. Qələbə bizimlədir, eşq olsun qüdrətli Azərbaycan dövlətinə, yenilməz Azərbaycan Ordusuna!


711 oxunub

InvestAZ