XƏBƏR LENTİ
30 Oktyabr 2020
29 Oktyabr 2020



Vəliyulla NOVRUZ: Şeirlərimi bir daha kədər notları üstündə köklənməsini istəməzdim
Gündəm 13:34 / 24.09.2020

Vəliyulla Novruz mənim uşaqlığımın şairidir. Kəndimizdən olan ziyalıların içərisində özünəməxsusluğu ilə tanınan, seviln, seçilən tanınmış şair Vəliyulla Novruzu lap erkən yaşlarımdan tanımışam. O zaman o, Bakıda ali təhsil alır, mən isə orta məktəbin 4-cü sinfində oxuyurdum. Qardaşımla dostluğu, rəhmətlik atası Əyyub müəllimin müəllimim olması və digər səbəblər var idi ki, onu tanıyaq və kəndimizdən olan digər tələbələrlə birlikdə onunla da fəxr edək. O vaxt mənə elə gəlirdi ki, bütün Bakı bu tələbələrə görə bizim kəndi tanıyır bə şəhərdə azsaq istənilən adama onlardan birinin adını versək, bizi düz ünvanına çatdırarlar. Vəliyulla müəllim isə adını daima hörmətlə biz uşaqların çəkdiyimiz tələbə gənclərdən biri və birincisi idi. Nə idi onda olan bu keyfiyyət? Əlbəttə ki, onun şeirlər yazması. Mənim ətrafımda olan uşaqların, sinif yoldaşlarımın əksəriyyəti onun şeirlərini əzbərdən bilərdik. Bu tələbə şairin misraları dəftərlərimizin, kitablarımızın səhifələrinə yazılardı. İndi dörd kitab müəllifi olan Vəliyulla müəllim yenə də həmin hörmətin sahibidir. Amma bu dəfə ona olunan hörmətin coğrafiyası da genişdir. Respublikada tanınan imza sahibidir. O mənim dostumdur, özümə ustad biləcək qədər yaxınımdır.

Onunla söhbəti oxuculara təqdim edirəm.

-Salam Vəliyulla müəllim, necəsiz? Səhhətinizdə bir balaca problemlər var idi, gümanımız həqiqət olsun, hər şey yaxşıdır, inşallah?

– Çox sağ ol müəllim, səhhətimdəki problemlər yavaş-yavaş düzəlir, hələ də müalicəmi davam etdirirəm. Allahın köməkliyilə hər şey yaxşı olacaq.

-Vəliyulla müəllim, sizi mən lap kiçik yaşlarımda tanımışam vəxatirinizi əziz tutub hörmətinizi saxlamışam. Siz təkcə özünüzün,bizlərin ailəsinin yox, bütöv kəndimizin sevimlisi idiz və bu bugündə belədir. Hardandır Sizə qarşı olan budoğmalıq?

-Bu doğmalıq hissi mənim el-obaya bağlılığımdan irəli gəlir. Bu hər

şeydən öncə kəndimizin adamlarına bəslədiyim dərin hörmət və

məhəbbətə bağlıdır. Mən öz şeirlərimin birində kəndimə olan sevgimi

aşağıdakı misrarlarla bildirmişəm…

Nədəndir bu qədər sevgi etibar

Mən Sənin qoynunda dünyaya gəldim

Səndən ayrı düşüb yaşasamda mən

Yenə səni andım, sənə güvəndim

A doğma kəndim.

-İnsani keyfiyyətləriniz, ürəyinizin paklığı, yurda, kəndə bağlılıq yaradcılığınızda da əks olunur, bu elə indicə dediyiniz şeir parçasından da hiss olunur. Bu qədər olmuşlar, təbiət təsvirləri, kəndimizin ağsaqqalları yaddaşınızda necə də möhkəm yuva salıb, bu haqda xahiş edərdim danışasınız.

-Mən həyata göz açandan ağbirçək nənələrimizin şirin nağılları, bayatıları, laylaları və babalarımızın öyüd nəsihətlərilə böyüyüb başa çatmışam. Yaxşı yadımdadır…Uşaq vaxtı məktəbə gedərkən Musa dayı məni gördüyü zaman məni salamlayır, hal-əhvalımı soruşardı. Bu hadisə dəfələrlə təkrar olduğundan mən bunun səbəbini evdə böyüklərdən maraqla soruşdum. Məni gülümsəyərək başa saldılar ki, Musa dayını gördüyüm zaman ilk öncə mən ona salam verim… Doğrudanda kəndimizin ağsaqqalları müdrik adamlar idi… Sözlərini bəzən açıq deməz, ehmallarla başa salardılar

-Bədii yaradıcılığa erkən yaşlarınızdan başlasanızda, ədəbiyyata gəlişinizi bir qədər ləngitdiniz, niyə?

– Yaradıcılığıma fasilə verməyimin əsas səbəblərindən biri kimi dövrün, mühitin tələblərilə uyğunlaşa bilməmiyim idi. Məni yenidən yaradıcılığıma qaytaran övladlarım oldu. Onlar məndən xəbərsiz yubileyimlə əlaqədar olaraq arxivdə olan şeirlərimi toplayıb " Bu dünyada nə görmüşəm hələ mən” başlığı altında ilk şeirlər kitabımı çap etdirdilər. Bu mənim yaradıcılığımın dönüş nöqtəsi oldu. Və dostlarım məni yenidən şeirə, ədəbiyyata qayıtmağa sövq etdilər. Beləliklə, 4 şeir kitabım ard-arda çap olundu.

– Ovçuluğa meyilli olmanızı Sizi tanıyanlar hamısı bilir. Bu doğrudanmı ovçuluq idi, yoxsa hay – küydən, qayğılardan bir qədər uzaq olub, təbiətin ilkinliyinə, saflığına dönmək, hisslərinizlə baş-başa qalmaq idi?

– S. Vurğun necə də gözəl yazmışdı: təbiət ilhama çağırır məni!

Mənim ovçuluğa marağım uşaqlıq çağlarımdan olub. Ovçuluq mənim ikinci sənətim idi. Təbiidir ki, mən təbiətin qoynuna ov ovlamaq üçün getmirdim. Çox vaxt mən söz ovuna çıxırdım. Əsl həqiqətdə bu belə idi. İnsan bəzən təbiətin qoynunda olmaq istəyir. Təbiət sehrli bir qüvvətək həmişə insanı özünə çəkmişdir. O bizə ilham verir, ruhumuzu oxşayır. Bugün mən ova getməsəm də həmin yerlərə gedərkən o yerləri seyr edirəm. Hətta şeirlərimin birində belə yazmışdım:

Çoxdan bu yerlərə gəlməmişdim heç

İlahi, bu yerlər necə gözəlmiş.

Tanış cığırlardan, döngələrdən keç

Bu dilbər guşələr bir cənnət imiş.

İnsan təbiətin qoynunda olanda bütün yorğunluğunu, dərd-qəmini unudur, dünyanı qayğısız pak təsəvvür edir.

Mənim özümdən yaşda böyük adamlarla dostluğumun ilkinliyi sizinlə olub. Mənim böyük qardaşım Yaşar müəllimlə yaxın dostsunuz, bu dostluğunuz mənə də sirayət etmişdi. Yaş fərqini aradan qaldırıb bizim yaşda olurduz, hamının dilində danışırdınız. Şeirlərinizdə də bu var.

-Bu mənim xarekterimdən irəli gəlir. Alman filosofu İ. Kantın gözəl bir sözü var: İnsanlar arasındakı rəsmiyyət soyuqluq əlamətidir. Yaxşı yadımdadır 45 il bundan öncə mən Sizə qonaq gəlmişdim, Siz pencərənin qarşısında əyləşmişdiniz. Əlinizdə qalın bir kitab var idi. Səhv etmirəmsə İ.Əfəndiyevin " Dağlar arxasında üç dost” romanı idi. Siz onu böyük həvəslə oxuyurdunuz. Mən Sizdən neçənci sinifdə oxuduğunuzu soruşdum. Siz onda mənə 5-ci sinifdə oxuduğunuzu söylədiniz. Mən çox təəccübləndim. Bu yaşda bu romanı oxumaq mənə qeyri adi göründü. Bu yaşda bu əsəri oxumaq o vaxtlar çox çətin idi. Aramızda müəyyən yaş fərqinin olmasına baxmayaraq biz bir-birimizlə yaxından ünsiyyət qura bildik.

Vəliyulla müəllim, yaradıcılığınız və şəxsiniz haqqında ölkənin tanınan ziyalıları, alimləri, tənqidçiləri söz deyib. Şair əməyinizə yüksək qiymət veriblər. Sizin bəs özünüz öz yaradıcılığınız haqqında kənar adan kimi yazsaydınız nəyə xüsusi diqqət verərdiniz?

-Mərhum şairimiz Bəxtiyar Vahabzadə şeirlərinin birində belə yazmışdı:

Özgəsinin gözünü

Taxaydım öz gözümə

Mən dayanıb kənardan

Baxaydım öz – özümə

Onda mən mən olardım

Düşünürəm ki, bir insanın özü haqqında rəy bildirməsi doğrudan da çox çətindir. Çünki heç bir insan doğru dürüst öz- özünü qiymətləndirə bilməz. Kənardan baxanlar səni düzgün qiymətləndirə bilər….

Birinci növbədə çalışardım şeirlərimi bir daha kədər notları üstündə köklənməsin…

-Vəliyulla müəllim, istərdim yaradıcılığınızla bağlı, yəni oxucularınızlanövbəti görüşləriniz, arzularınız haqda da məlumat verəsiniz.

-Bir şairi şair edən onun oxucularıdır. İlk olaraq bütün oxuculara cansağlığı, uzun ömür arzulayıram. Çünki, elə bir zamanda yaşayırıq ki, indi pandemiya dövrüdür. İnsanların çoxu bir-birlərilə uzaqdan uzağa məsafə saxlamaqla ünsiyyət qururlar. Arzum budur ki, dünyanı cənginə almış bu dərd bəla tez ötüb keçsin. Və yenidən oxucularla görüşlər təşkil edib ünsiyyətdə olaq.

Müsahibəyə görə çox sağ olun.

-Siz də çox sağ olun!

Söhbət etdi: Faiq Balaabəyli


1180 oxunub

InvestAZ