XƏBƏR LENTİ
30 Oktyabr 2020
29 Oktyabr 2020



Təbəssüm diləkli şeir - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 09:03 / 24.09.2020

"Bir qadına..." silsiləsindən

Bir su içimidi məni ovutmaq -
İynə ucu boyda təbəssüm ilə.
Könlündən keçəndə məni yovutmaq -
Onda , üz-gözünə təbəssüm çilə...

Bu inanc qalıbdı uşaq yaşımdan,
Sanmışam təbəssüm, Allah nurudu...
Hələ də çıxmır ki, mənim başımdan -
Təbəssümlü gözün dibi durudu!..

Sən də gözlərinə gözlərimlə bax,
Gör necə isinir sinəndə ürək...
Qollarım ruhuna sarılan bir tağ -
Səninsə əllərin hürkəkdi, hürkək...

Payız axşamının sərinliyində
Təbəssüm həniri şam idi sanki...
Günəş tək ruhumun dərinliyində -
Mən ONU görürdüm, ONU , inan ki!

...Şair pozasında çəkildi şəklim -
Gözümün üstünə "Təbəssüm..." yaz , at...
Qoy bir az gözünə yaxın çəkilim -
Başqa təbəssümlər yaddı mənə, yad!


979 oxunub

InvestAZ