XƏBƏR LENTİ
22 Oktyabr 2020
21 Oktyabr 2020



RUHUN TƏNTƏNƏSİ - HEYRƏT - Şahnaz Şahin yazır
YAZARLAR 12:59 / 22.09.2020

Esse


Mən, bitirə bilmədiyim işlərimçün şəhərdəyəm, o iş ki, karantin vaxtının tətbiqinə qədər yekunlaşdıra bilmədim. Beləcə də qoyub getdim kəndə.. Əlbəttə, belə bir gündə kəndin təbiəti, İlahi əl ilə çəkilmiş və baxdıqca doymadığın mənzərələri şəhərin indiki miskin halıyla müqayisə olunan deyildi. Kəndimizin arxa tərəfindən dolanıb keçən Dəli Kürün o dəliliyi olmasa da yenə çay çaydı! Səhər tezdən, ya axşamçağı arın-arxayın, eləcə sadə ev geyimində, ruhun azadlıq təntənəsini burda bayram eləməyə tam səlahətliyəm. Düşüncələrimin başını açıb buraxıram azad səma altındakı göy çəmənliyə, yonca sahələrinə, taxıl zəmilərinə... Hər tərəfdən yamyaşıl otla qarışıq sarı çölçiçəklərinin ətri təpilir burnuma, keçir qanıma, bir andaca yayılır ruhuma.., artıq özüm də bilmədən dönüb oluram Sarıçiçək! Bir an uşaq olmadığıma heyfslənirəm, ah, bu saat heç nəyə baxmadan itərdim bu zəmidə.. 

Düşündüklərimi eşidibmiş kimi mənimlə gələn yeddi yaşlı oğlan qaça-qaça özünü vurur az qala böyüyə də boy verməyən taxıllığa, bələnir sapsarı güllərə, yerdən torpağın, havadan da güllərin ətri qarışır uşaq saflığına... Təbiət də bu saat elə bu oğlan qədər xoşbəxtdi!

Bu da şəhər, qoruq qaytağıyla, karantiniylə, tanımadığın qayğılı-qayğısız insanlarıyla, quru asfaltıyla dayanıb məyus-məyus baxır üzümə... İnsan gec-tez anlayır, başa düşür ki, nə varsa təbiilikdədir, düzlükdədir, saflıqdadır. Təbii nə varsa gözəldir, məhəbbət də, həqiqət də, ilk, son, bütövlük, tamlıq.. Bütün yazılarında təbiiliyi qoryub saxlayaraq həm də təbliğ edən xalq şairimiz Cabir Novruz bu sətirləri bəlkə də indi mənim əhvalımda olduğu zamanda yazıb :


Neçə cür qalstuk vursaq da bu gün,

Böyük şəhərlərdə xumarlansaq da..

Ya həkim, ya şair olsaq da bu gün,

Yüz cür geyinsək də, tumarlansaq da.


On beş mərtəbədə yaşasq belə,

Akademik adı daşısaq belə

O palçıq evlərdə oturmalıyıq,

O dəcəl çaylarda çimməliyik biz...


...Nəfəs almalıyıq göy zəmilərdə,

Gərək dağln, daşın gedək yanına,

Gedək ömrümüzün ilk ünvanına...


Ayağln altında torpaq varsa güclüsən... Bir vaxt kəndlə şəhər arasında fərqlərin aradan götürülməsi mərhələsi başlamışdı ölkədə, kəndin şəhərə yaxınlaşması, yəni ona bənzəməsi məsələsi sosializmin siyasəti idi. Bu yaxınlaşma əslində daxili, mədəni yaxınlaşma, şəhər mədəniyyətinin kəndə gətirilməsi olmalıydı, amma zahiri oxşarlıq meyli daha güclü oldu. Kəndimizin mərkəzində klub var idi, anadangəlmə lal-kar olan Seyfəli rayondan hind filmləri gətirib axşamlar burda göstərirdi.Tamaşaçılar da yalnız kişilər olurdu, uzaqbaşı yaxınlıqda yaşayan qadınlar gedib pəncərədən xəlvəti baxa bilirdilər. Amma indi şəhərdən kəndə dövlət tərəfindən mədəniyyət nümayəndələrinin qosrtol səfərləri təşkil olunur, konsertlər verilir, kənd camaatı, hətta qadınlar belə böyük sevinclə bu tamaşa və konsertlərə baxmağa gəlirdilər. Onda kənd yolları yayda torpaq, qışda palçıq olardı, qar, yağış yağanda adamlar uzunboğaz rezin çəkmələrsiz çölə çıxa bilmirdi. Elə o vaxtlar yollara asfalt döşənməsi, kənd içi yollara da çınqıl döşənməsi baş tutdu. Bu əlbəttə yaxşıdır, axı mədəniyyət yoldan başlayır. Daha sonra tikilən evlər öz formasını, quruluşunu dəyişdi, daha müasir, daha yaraşıqlı, daha rahat şəraiti olan evlər tikməyə başladılar. Amma sonra kənd adamları bir az da müasirləşmək istədilər və bu kampaniya halına, kütlə psixologiyasına çevrildi! Adamlar yaşadıqları həyətin yamyaşıl çəmənliyini məhv edərək yerinə beton tökdülər. Bir az maddi imkanı artıq olanlar isə bunun üstündən cürbəcür daşlar döşədilər... Kənddə demək olar ki, ən kasıb adam da qarnından, əynindən kəsib verdi quma, sementə, qarışdırdıb tökdü həyətinə. Mən, diri-diri basdırılan o yaşıl otların insan kimi ağladığını gördüm, yalvarışlarını eşitdim onda, sonralar hər yaz gələndə beton altından zülmlə bir yol tapıb ara-sıra günəşə çıxan bu zərif və güclü canlıya acıdım... Bax onda mən imtina etdim belə şəhərləşməkdən, mədəniləşməkdən, ayağımı torpağa qoymağı, şehli çəmən üzərində yeriməyi üstün tutdum. Heç demə bu da səbəbsiz deyilmiş, daxili orqanların hər birinin mərkəzi ayaların altında yerləşir axı ! Və yayda ayaqyalın yumşaq torpaq, göy çəmən üzərində gəzmək sağlamlıq üçün olduqca faydalıdır...

Təbiət heç nəyi unutmur, uşaq kimidir, saf və təmizdir, yaddaşı da elə uşaq yaddaşı kimi möhkəm. Burdakı gözəllik ani və əlçatmazdır, təbiətə sahiblənmək arzusu isə absurddur. Onu sadəcə oduğu kimi sevmək, qəbul etmək və ona minnətdar olmaq lazımdır. Zaman keçir, bir çox dəyərlər dəyişir, amma dəyərli fikirlər, ağıllı sözlər zamansızdır, elə R. Taqorun söylədiyi fikirlər kimi:

" Ey xırdaca ot yarpağı, sənin addımların çox kiçikdir, amma bu addımlarınla sən yer üzünü bürüyürsən.” İnsanın ən çox ehtiyacı olduğu söz və hiss HEYRƏT dir, sevgi də, eşq də heyrətdən doğur, heyrət edə bilmirsənsə səadətini tapa və xoşbəxt də ola bilməyəcəksən...

P.s: O sarı çıçəkləri torpağa heç kim əkməyib, amma bütün təzə əkin sahələrində toxumu illərlə diri qalır. Əkinlə birgə cücərib çıxır, sürətlə böyüyür və çiçəkləyir... Hərdən o çiçəklərə də yazığım gəlir, insafsız adamların onu da məhv etməyin yollarını tapacaqlarından qorxuram...


1323 oxunub

InvestAZ