XƏBƏR LENTİ
20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020



Arzu Hüseynin şeirləri
Ədəbiyyat 10:08 / 16.09.2020

Qorxma


Qorxma, daha bir kimsəni sevmirəm,

İsidən yox fəsillərin qışında.

Qorxma, daha gücüm də yox gəzdirəm,

Başqasını ürəyimin başında.


Qorxma, daha telefonum hey susur,

Gizlətmirəm zənglərimi birindən.

Qorxma, qəlbim həsrətinə uduzur,

Bağlanmıram adamlara dərindən.


Qorxma, indi soluxubdur bənizim,

Kim tanıyar məni belə görəndə?

Qorxma, gülüm, gecə kimi səssizəm,

Gülüşümü itirmişəm dünəndə.


Qorxma, hələ bəriyədir yollarım,

Səfərimi uzaqlara salmıram.

Qorxma, hələ sağalmayıb qollarım,

Özgəsini ağuşuma almıram.


Qorxma, gözüm açılmır ki, gün görəm,

Göz yaşımı şeirlərə sıxıram.

Bax beləcə hər gün biraz ölürəm,

Hər gün biraz həyatından çıxıram...


Sevməsən də, unutma


Yoxdur daha baxışında doğmalıq,

Xəyanətlər sildi səndə izimi.

Adam kimi sevgili də olmadıq,

Adam kimi nə olduq ki..,

düzdümü?


Unutdunmu qoxladığın telləri?

Darıxdımı gözlərində uzaqlar?

Gəlirsənsə, yarı yoldan dön geri,

Qollarımda bir gecəlik qonaq var!


Boğazıma dirəndikcə yalanlar,

Qabığımdan soyuluram, çıxıram.

Yastığımda uyuyurlar ilanlar,

Yastığıma baş qoymağa qorxuram.


Nə qalıbdı dünənindən əlində?

Xatirələr qan gölüdür, uzaq dur!

Bilirəm ki..,

bilirəm ki, sənin də

Yatağında elə həmin sazaqdır.


Mən vüsalı gətirmirəm dilə də,

Demirəm ki, qaranlıqda çıraq var.

Qarşılaşsaq, ürəyimdə hələ də,

Üşüməyə ikimizə otaq var...


Bundan sonra alınmaz

İçkilərdə ovudursan qəlbini,
Duman-duman siqaretdə itirsən.
Min bir dəfə qayıdırsan yanıma,
Min bir dəfə üz çevirib gedirsən.

Yollar daha əzbərləyib izini,
Telefonun zənglərimə qapalı.
Hələ məğrur aparırsan özünü,
Hələ səndə ürəyimin açarı.

Məktublarım giley dolu fikirlər,
Məktublarım ürəyimin qisası.
Aramızda məsafələr tikilər,
Xəbərimiz olmaz belə, qadası.

Heyrətimnən yıxılmısan heçliyə,
Ümüdümün qanadı yox uçmağa.
Ürəyində küçə yoxdur keçməyə,
Ürəyinin qapısı yox açmağa.

Bizim üçün bitib daha kəlmələr,
Hisslərimiz min vüsalla ovunmaz.
Çox çalışdıq, bu qədəri bəs edər,
Bundan sonra alınmaz e, alınmaz.

Nikotin

Bütün əvvəllərin yolu sonadır,
Bitəcək həvəsi görüşlərinin.
Ayrılıq azacıq nikotin dadır,
Tərkibi qətrandır öpüşlərinin.

Mən ki, ta əvvəldən ürəyi qırıq,
Axı nə biləsən, hardan biləsən?
Sən vüsal donunda gələn ayrılıq,
İndi həsrətinlə nəfəs-nəfəsəm.

Yığıldı köksümə dərd yumaq-yumaq,
Əsən külək mənəm, yağan qar mənəm.
Axı necə olur həmişə, ancaq,
Bütün səbəblərə günahkar mənəm?

Qürurum ucuzmuş, vüqarın baha,
Böyük duyğuların ruhu kiçilib.
Qorxma, çıxmayacam qarşına daha,
Qorxma, yolsuzluqda qapı açılıb...

Adımı dəli qoy, ya da sərsəri,
Min bir bəhanə tap qınağa, kinə.
Bütün kədərimin yolu sənədi,
Bütün qəzəbinin ünvanı mənəm...

Daha əvvəlki tək gətirmirəm tab,
İndi ahlarıma mücrüdü sinəm.
Hayandan baxsan da, bəllidir cavab,
Bu eşqin uduzan tərəfi mənəm.

Darıxanların şeiri

Yaddaşının dərd yerində azarsan,
Həsrət olub gözlərində durulsam.
Bircə kəlmə gəl görüşək, yazarsan,
Mənim üçün darıxmaqdan yorulsan.

Nəyə gərək vüqarına sığınmaq?
Bəlkə bir gün sıfırlayaq dünəni?
Uduzursan, uduzursan, ay Axmaq,
Qüruruna uduzursan sən məni.

Qayıtmağa nə cığır, nə yol qalar,
Ayılanda bu qaramat yuxundan.
Aramızda bir görüşlük ümüd var,
Gəl darıxaq adam kimi yaxından.

Daha səbrim qaya deyil, sınama,
Düzəlmərəm bircə dəfə qırılsam.
Bir səbəb tap qayıtmağa yanıma,
Mənim üçün darıxmaqdan yorulsan.

Olmazları aşacayıq güman et,
Qurban olum təkliyinə sarılma.
Mənim üçün darıxmağa davam et,
Mənim üçün darıxmaqdan yorulma.


1892 oxunub

InvestAZ