XƏBƏR LENTİ
01 Oktyabr 2020
30 Sentyabr 2020



PANDEMİYAYA QALİB GƏLƏN MUSİQİ - Əbülfət MƏDƏTOĞLU yazır
YAZARLAR 10:04 / 16.09.2020

O, tamaşaçıları ayağa qaldırdı

Azərbaycanın gənc pianoçuları arasında özünü təsdiq etmiş və təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarında da tamaşaçı, dinləyici auditoriyası toplamış Nərmin Nəcəfli özünün hər yeni uğuru ilə ailəsini, doğmasını deyil, onu izləyən hər kəsi sevindirir. Bu mənada mən Nərmin Nəcəflinin barmaqlarının və ürəyinin cazibəsi olan ifasını "Ədalət”in oxucularına sözlə çatdırmağa hər zaman maraqlı olmuşam. Burada da iki səbəb xüsusilə önəmlidir. Onun birincisi Nərminin istedadı, ikincisi isə Nərminin aid olduğu ailəni yaxından tanımağımdı. Belə demək olar ki, mən də Nərmin Nəcəflinin aid olduğu ailə üzvləri arasındakı fanatlarından biriyəm.

Bu günlərdə Nərmin Nəcəfli Almaniyadan, bir az da dəqiq ifadə desəm, Berlindən qayıdıb. Təbii ki, bu xəbər mənim üçün gözlənilməz oldu. Çünki dünyada tüğyan edən COVİD-10-la əlaqədar olaraq kütləvi tədbirlər demək olar ki, dayandırılıb, adamların hərəkəti məhdudlaşdırılıb. Bax, belə bir vaxtda Berlində məşhur Kulrutstuftnug Schloss Brits Mədəniyyət Mərkəzində Nərminin konserti təşkil olundu. Sentyabr ayının ilk günündə konsertin təşkilatçıları, yəni Berlin Brits sarayının mədəniyyət fondunun nümayəndələri Nərminlə əlaqə saxlayıb bildirdilər ki, sentyabr ayının 12-ə onun konserti planlaşdırılıb. Və onu da əlavə etdilər ki, pandemiya ilə əlaqədar olar konsert məhdud tamaşaçı kütləsi üçün nəzərdə turulub, biletlər də məhdud sayda satılacaq.

Mənimlə konsert təəssüratını bölüşən Nərmin Nəcəfli bildirdi ki, cəmi bir-iki gün reklam olan bu konsert mənim üçün həqiqətən gözlənilməz idi. Ona görə gözlənilməz idi ki, bütün biletlər satılmışdı və konsertin də fasiləsiz keçiriləcəyi bəyan edilmişdi. 90 dəqiqə tamaşaçı qarşısında çıxış etmək həm böyük həyəcan, həm də böyük uğurdu.

Bəli, Nərminin konserti Berlin Brits klubunda alqışlarla yekunlaşdı. Konsertdə onun səsləndirdiyi musiqilər hər kəsin ürəyini oxşadı. Özü də bu, Almaniyada, indiki pandemiya zamanında təşkil olunan ilk qapalı şəraitdə keçirilən konsert idi. Bu konsertdə ölkəmizin Almaniyadakı təmsilçiləri də Nərmini alqışlayanlar arasında idilər.

Oxucuların diqətinə çatdırım ki, Nərmin 1996-cı ilin noyabr ayının 17-də Bakı şəhərində doğulub. O, hələlik Almaniyanın Honnever Musiqi, Dram və Media Universitetinin II kurs tələbəsidir. Yəni Nərmin burada professor Bernd Goetzkenin sinfində magistr təhsili alır. Onu da əlavə edək ki, Nərmin Prezident təqaüdçüsüdür. Gənclər üçün prezident mükafatının, gənclər mükafatının laureatı və beynəlxalq müsabiqələrin qalibidir. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl” kitabına yazılıb. dünyanın böyük paytaxtlarında – Moskvada, Parisdə, Vilnusda, Riqada, Berlində, Polşada, Estoniyada, İtaliyada, Böyük Britaniyada, ABŞ-da, Tbilisdə, Finlandiyada, bir sözlə, öz musiqisi ilə dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini, eləcə də dünya bəstəkarlarının əsərlərini ustalıqla səsləndirmişdi.

Bu gün də onun ifası hər kəs üçün sevilən və arzu ediləndi. Elə Berlindəki son konserti də bunu bir daha təsdiq etdi. O, öz ifası ilə dinləyicilərini, musiqisevərləri pandemiya xofundan çıxara bildi. Yəni Nərmin Nəcəflinin ifası, səsləndirdiyi musiqi pandemiyaya qalib gəldi.


1140 oxunub

InvestAZ