XƏBƏR LENTİ
26 May 2022
25 May 2022
24 May 2022



Ö M Ü R - ADİL ŞİRİN yazır
Ədəbiyyat 09:23 / 26.08.2020

(Poema)

Azərbaycan qadınının parlaq siması, xanımlar xanımı

Mehriban Əliyevanın şərəfinə


Göy üzündə

nazlı-nazlı uçan durna,

uça-uça qanadları

bəyaz çiçək açan durna,

eşit mənim harayımı, duamı –

al məni qanadına.

Bir dastan başlayıram

Mən bir xanım adına.

* * *

Ömür bir enişli,

yoxuşlu yoldu

Bilirəm,

bu ömür çox azdır sənə.

Yalnız bir əqidən,

amalın oldu

Ömrünü həsr etdin Ana Vətənə.

Nəğmə tək səslənən,

dinən ömrünü

Ucaltdın,

daş qoyub daşın üstə

Alışan ömrünü,

yanan ömrünü

Məşəl tək qaldırdın

başının üstə.

XX əsr 64-cü il

26 avqust – bir yay səhəri

Yox, bunlar adicə rəqəmlər deyil,

Tarixə şərəfdir onun hər biri.

Tarixi şərəfdir

keçdiyin yollar,

Onlar zirvələrə

aparır, gedir.

Getdiyin yollarda

daş var, kəsək var

Tufanlar hay-haray

qoparır gedir.

* * *

Mən şairəm!

Zaman-zaman qapımı

Külək açıb, qar döyüb

Şairi cənnətə aparıblar,

ah, ana yurdum deyib.

Vətən gözümüzün ağı, qarası

Vətən şair ürəyinin cənnəti –

Ulu nurdan yoğrulub

Şairlərin xisləti...

Mən şairəm!

Bir gün qarışacağam

bu Vətən torpağına

Al qanım halal olsun

Üçrəngli bayrağıma.

Dağları Şah babamdı,

Alaçığı obamdı,

Çiçəkləri sevgilimdi,

bacımdı.

Şəfalı bulaqları

hər dərdə əlacımdı.

Uğrunda can qoymalı,

Sevdamızdı bu Vətən.

Hər gecə hilalına

dua eləyirəm mən.

Dua eləyirəm ulduzlarına

dua eləyirəm gülə-çiçəyə,

dua eləyirəm tutya torpağa,

dua eləyirəm bəyaz mələyə.

Dua eləyirəm,

şükür eləyirəm...

bir gün sona yetər bu qan, bu qada,

bu ruh bədəndə ikən

bu canım olsun Vətənə fəda!..

* * *

Hər zərrədə işıq,

hər zərrədə nur

Ocaq sönübsə də

od var kül altda.

Dünya nizam tapır,

cahan var olur

Tanrının əliylə

bu kainatda

Torpağa toxum ək, -

cücərib çıxar,

Zərrədə işığı

görə bilmirik.

İnsan var

aləmə zirvədən baxar,

Onun qiymətini

verə bilmirik.

Tufanlar içində

körpə bir pöhrə,

ucalar,

boy atar

üzü Günəşə.

Necə inanmayaq

bu sirrə, sehrə

Necə vurulmayaq

oda, atəşə

Necə inanmayaq

de necə, necə

Bir zərif qadının

gördüyü işə!..

Tanrının izniylə

Xalqınçün,

Vətənçün

Bir evdə doğuldun,

Millətin oldun.

* * *

Hər insanın göy üzündə,

parlayan bəxt ulduzu var.

O görklü bəxt ulduzundan

xəfif tale rüzgarları

Əsər hər bahar, hər bahar.

Hər ağızda bir dua,

hər ürəkdə bir məhəbbət.

Xoşbəxt ulduz altında,

doğulmusan sən əlbət.

Sən öylə bir məqamdasan,

Orda nə Şərq, nə də ki Qərb,

Nə Şimal, nə də Cənub var

Orda nə qış, nə də payız,

Orda daimidir bahar...

Orda – sonsuz mavilikdə,

Bir olan Tanrı var yalnız.

Sənin bəxt ulduzundu

O sonsuz mavilikdə -

yanan ən parlaq ulduz.

O sonsuz mavilikdə,

hardan baxsan görünür

Taleyin öz yelkəni.

Səninçündür bu şeir,

Səninçündür bu dua, -

Tanrı hifz etsin səni,

Səni və bu Vətəni!..

* * *

O sadədən sadə,

adi insanın

Başladı ömründə

İnamlı günlər

Ona qiymətliydi

Ömrün hər anı,

Sevgili, sevdalı –

İlhamlı günlər.

Həyatı məktəbdir

Ulu öndərin,

Mehriban o evin

gəlini oldu.

Öyrəndi,

düşündü dərindən dərin,

gördü bir doğru yol, -

Heydər yoludu...

Heydər bu millətin

güman yeriydi,

Xalqın qüruruydu,

Xalqın səsiydi.

Ellərin inamı,

İman yeriydi

Azadlıq,

həqiqət təntənəsiydi.

Keçdi o, şərəflə

Heydər yolunu,

Sanmayın yollarda

tufan var ancaq

qar-çovğun qorxutmaz

yolda yolçunu.

Bilir ki, bu yolun sonunda bir gün

Günəş doğacaq.

* * *

Dədəm Qorqud öyüd verib,

Sənə Banu Çiçək kimi

Hər könüldə bir ümidsən,

Ağ qanadlı mələk kimi.

Mən haliyəm hər sirdən,

Sözdən, səsdən, sehirdən...

Xəyalım uçur birdən,

uçur kəpənək kimi.

Sən kimsəsizlər kimsəsi,

Millətimin vicdan səsi,

Ürək səsi, qan səsi,

Arzu kimi, dilək kimi.

Sən bir yaşıl sərv ağacı,

Kimə ana, kimə bacı...

Qədəmlərin ətir saçır

gül kimi, çiçək kimi...

* * *

Ata da alimdi,

ana da alim.

Hər biri bir dahi,

hər biri düha.

Tutdular yolunu

təhsilin, elmin

Çıxdılar işıqlı,

Nurlu sabaha.

İki Ay parçası,

İki adi qız

boy atdı, böyüdü

sadə, mehriban.

Hər biri təhsildə

parlaq bir ulduz,

Birisi Nərgizdi,

biri Mehriban.

* * *

Axşam havası yasəmən qoxuyur

Sahil bağında,

Yasəmən qoxulu axşam havası

qəlbimə dolur.

Hər insanın bir bəxt ulduzu,

bir də ömür ağacı olur.

İndi könlümün bu ovqatında,

bu halımda

Min illik

bir çinar ağacı var xəyalımda –

kökləri həm o tayda rişə atıb,

həm də bu tayda,

O tay Vətən, bu tay Vətən.

Ömür adlı bir yük var çiynimdə,

gün olur bəzən.

Bu yükü daşıya bilmirəm mən.

gün olur bəzən.

Hamı kimi yaşaya bilmirəm mən.

Şairəm ağzı dualı,

haqq yolundan azmadım.

Mən könülsüz bir şeir,

bircə misra yazmadım.

* * *

Gəlir xəyalına

babası hərdən,

Qüdrətli sənətkar,

Dahi Mir Cəlal.

Gümüşü saçları

durardı dən-dən

Süfrəsi açıqdı,

çörəyi halal.

O nurani kişi,

O qoca insan

Daim əl tutardı

Kimsəsizlərə.

Xeyirxah niyyətli

o uca insan,

Könül sevindirib

bəlkə min kərə.

Kimsən, haralısan

heç vaxt sormadı.

Saf oldu,

düz oldu əqidəsində.

Yaxşılıq elədi

üzə vurmadı.

Yoxsulun, yetimin əhatəsində.

Yaddaşda nə qədər

xatirələr var,

yadında Günəşli

ilk bahar qalıb.

O nurlu insandan

ona yadigar, -

Məhəbbət,

Sədaqət,

Etibar qalıb.

* * *

Bir ömür ağacı

canlanır xəyalımda,

öz şəcərəsinin kölgəsində

oturub,

"Bir gəncin manifesti”ni yazır.

Şəcərəsi halal

yazıçı Mir Cəlal.

Gözlərinin səmasında

Ana Yurdun göyləri,

alnında hilal.

"Bir gəncin manifesti”

vərəq-vərəq,

yarpaq-yarpaq sallanır

Ömür ağacının yaşıl budaqlarından

və xəfif bir rüzgar əsir

Məmləkətimin boz dağlarından...

Gözəl bir roman kimi

səhifə-səhifə

vərəqlənir xəyal –

Budur, Şəhidlər Xiyabanından

keçir professor Mir Cəlal...

Qırmızı qərənfillərin

ləçəkləri nəmli,

Mir Cəlalın gözlərində

buludlar qəmli...

Bir səhifə çevirirəm

Mir Cəlalı Fəxri Xiyabanda

Ulu öndərin

abidəsi önündə

xəyala dalmış görürəm...

* * *

Elə bir zamanda

gəldin dünyaya,

Öyrənməklə keçdi

hər anın sənin.

Uca zirvələri

fəth elədikcə,

Yayıldı ellərə

sorağın sənin.

Bir oğul böyütdün –

qorxmaz, hünərvər

Bir oğul böyütdün –

cəsur bir əsgər.

Öndərin adını

yaşadır Heydər,

Kökünə bağlıdı

budağın sənin.

Gözündə qalmasın

istəyin, arzun.

Sənin davamçındır

Leylanla, Arzun...

Ey Ana Yurdumun

bəxtəvər qızı,

Günəşdən nur alır

çırağın sənin.

Heç vaxt toxunmasın

taleyin daşa,

Ucal zirvələrə

İlhamla qoşa.

Ellərin qəlbində

əbədi yaşa.

Daha da gur yansın

ocağın sənin.

Al-əlvan şəfəqə,

nura boyansın

Əngin səmalarda

hey dalğalansın.

Başının üstündə

möhkəm dayansın,

Vətənin üçrəngli

bayrağı sənin.

* * *

Biz göylərdən gəlmişik

gözəlim Yer üzünə

Biz bilirik bu dünyanın

yalanı nə, düzü nə...

Bu Yer üzü bizimdir,

Havamız, suyumuz bəlli.

Siz tarixdən sormayın,

Kökümüz, soyumuz bəlli.

Bu dünya yaxşı bilir,

Kimik, nəyin nəsiyik...

Biz Türkük, Göy Tanrının

Yer üzündə qutlu nişanəsiyik.

Göy Tanrı, bizi

hifz elə hər bəladan.

Qanımızın səsi gəlir

Altaydan, Kərbaladan...

Adəm gəldik bu dünyaya,

Adam gəldik – İNSAN olduq.

Biz dünyanın varisiyik,

Kim deyir ki, mehman olduq?..

Dünya yurd yerimizdi,

Dünya dar gəldi bizə

Bu dünyanın hər yerində, -

Qəriblik ar gəldi bizə.

Qanad açıb uçduq yenə,

Uçduq havalı könül.

Yerə, Göyə, Tanrıya,

Yurda vəfalı könül.

Bu dünyanı bilə-bilə

göz yaşını silə-silə

Hər çiləni gülə-gülə

Çəkdin vəfalı könül.

* * *

Uzaq ölkələrdə

təmsil elədin,

Doğma yurdumuzu –

Azərbaycanı.

Uca kürsülərdən

Nitq söylədin,

Elimin Sarası,

Burla Xatunu.

İSESCO-nun tarixində

ilk dəfə

Xoşməramlı

Səfir qadın sən oldun.

İnamın çatdırdı

səni hədəfə.

Ürəklərdə

şərəfli adın oldu.

Səninlə fəxr edir

Anamız vətən,

Səsin Romadan,

Parisdən gəlir.

Savab işlərinin

əksi-sədası,

Ən uca zirvədən, -

Everestdən gəlir.

Dost elləri gəzir

şöhrətin sənin,

Sonsuzdur düşmənə

nifrətin sənin,

Xalqına bağlıdı

ülfətin sənin.

* * *

Gecə ruhum darıxar

Göy qübbəsi altında.

Kimsə keçir uzaqdan,

yel qanadlı atında.

Ay salavat çevirir

Göyün yeddi qatında –

Bu dünya nədir yahu,

gerçəkdi, yoxsa yuxu...

Burda gecə yarıdır,

hardasa dan sökülür.

Ağacdan yarpaq kimi

Göydən günah tökülür.

Mələklər yas içində,

Şeytanın üzü gülür.

Bu dünya nədir yahu,

gerçəkdi, yoxsa yuxu.

Bizim dağlar görünmür,

hava sisdi, dumandı.

Atlı, məni də apar,

Burda qoyma amandı, -

Qəriblər qəribiyəm,

Qıyma mənə amandı –

Bu dünya nədir yahu,

gerçəkdi, yoxsa yuxu...

* * *

Muğama can verdin,

yaşatdın onu

Xalqımın qanına hopubdu muğam.

Yoxdur nəğmələrin

əvvəli, sonu

Elə bil

Göylərdən qopubdu muğam.

Qaytardın özünə

xalqın sərvətin

Neçə istedadı

çıxardın üzə.

Sözündə qətiyyət,

işində mətin

Sən ki, dəyər verdin sənətə, sözə.

Sən ki, dəyər verdin

sənətkarlara.

gəncliyin muğama artdı həvəsi.

Yayıldı dünyanın

dörd tərəfinə,

Arifin, Alimin, Mənsumun səsi.

Muğam mərkəzindən

pərvazlanıbdı,

Dünyanı dolaşıb

neçə istedad.

Elin sərvətini

qoruyanların,

Adını

Əbədi yaşadır həyat.

* * *

Parisdən yayıldı

bütün dünyaya,

Millətimin haqq səsi.

Havalandı, YUNESCO-da

Qarabağ şikəstəsi...

Xanımlar xanımı

Mehriban xanım

Bir millətin adından

danışırdı Parisdə.

Buludlar axıb gedirdi,

Eyfel qülləsi üstündən.

Eyfel qülləsi Parisin rəmzi,

Eyfel qülləsi dumanda, sisdə.

Qarabağ rüzgarları

Əsirdi Yelisey çöllərində.

Haqq səsimiz

yayılırdı dünyaya

bütün dillərdə.

Bütün dillərdə, -

Q A R A B A Ğ ! ...

... Bir durna harayı uçur səmada, -

göy səmada ağ buludlar.

lələk-lələk,

qanad-qanad...

... Rahat uyu,

Ömür boyu

Çox çilələr çəkmiş şair babam,

Məhəmməd Hadi,

Ruhun şad olsun, ustad!

Millətimin imzası var bu gün

İmzalar içində, -

Üçrəngli bayrağımız dalğalanır

Amerikada, Fransada...

Əl-cəzairdə, Çində...

Sülhməramlı səfirim,

Qədəmlərin mübarək!

Millətimin imzasıdır

Sənin haqq səsin.

Bir tale yazısıdı,

Sənin bəyaz səsin.

Sənin ağ səsin...

Yenə könlüm havalandı, -

bəzən dünya dar gəlir

Şairlərin əyninə.

Xanımlar xanımı Mehriban xanım!

Sülhməramlı səfirim mənim,

Pikassonun göyərçini

qonub sənin çiyninə...

* * *

Məhkumluq ömürü

yaşayanların,

Bağlı qapısını

açdın üzünə.

Ata, oğul dərdi

daşıyanların,

Sanki

nur çilədin

nəmli gözünə.

Bitsin bu ayrılıq,

bitsin bu hicran

Dəyərini bilək

hər bir saatın.

Almasın qəlbləri

nə çən, nə duman

Silinsin ömürdən

Məhbəs həyatı.

Silinsin ömürdən

Mənasız illər,

Verək hər bir anın

Öz qiymətini.

AZADLIQ eşqiylə

Çarpan könüllər,

Sayənizdə alar

düz qiymətini.

Gördüyü əməldən

peşman olanlar,

Sizə minnətdardı

hər zaman, xanım.

Hər eldə, obada

Doğma bir ad var,

Hamıya əzizsən,

Mehriban xanım...

* * *

Dörd divar arasında

neçə gözü yaşlının

Ümid yeri sən oldun.

Elə sanıram hərdən –

Sən nurlardan doğuldun, -

Tanrı sənə kömək olsun!

Məzlumların,

məhkumların

Kimsəsizlərin kimsəsi.

Əziz, doğma diyarımda

Həqiqətin, haqqın səsi, -

Tanrı sənə kömək olsun!

Ey yurdumun iftixarı,

Ey xalqımın ümid yeri!..

Sənin ilə qarşılarıq,

Al şəfəqli bir səhəri –

Tanrı sənə kömək olsun!.

* * *

Ana Yurdum – Azərbaycan!..

Torpağından çəkiləcək,

Yox olacaq bulud, duman

Doğma diyar, Ana Vətən,

güləcəkdir üzün, gözün.

Lüğətlərdən birdəfəlik

Silinəcək qaçqın sözü,

köçkün sözü.

Kəsəcəyik torpağıma

Uzanan o yad əlləri

yuvasına qovacağıq

yad elliləri!..

Alacaqdır öz payını,

O dinsizlər,

O qansızlar.

Vətənsizlər,

İmansızlar.

Uzaq deyil, yaxındadır

O gün, o an

Vətən, üzün güləcəkdir

O qələbə, zəfər günü

Tezlik ilə gələcəkdir.

Gözləyirik əmrini biz

Hər an Ali Baş Komandan, -

Sizin ilə fəxr eləyir,

Qürur duyur – AZƏRBAYCAN!

Sizinlədir Ana Vətən,

Sizinlədir Azərbaycan!..

Qarabağın başı üstə,

dalğalanar –

Üçrəngli bayrağımız.

Hər obada,

hər bir eldə

Daha da gur yanacaqdır

Alovlanan ocağımız.

* * *

Müqəddəs məkana

uçur durnalar,

Əzan səsləriylə

oyanır səhər.

Qəlbində xalqına

sonsuz dualar,

yuxusuz gözündə

açılır səhər.

Gör necə müqəddəs

Məkan dolaşdın,

Ürəkdə qətiyyət,

səsində qürur.

Məbədlər tikdirdin,

Məktəblər açdın

Qaranlıq qəlblərə

nur çilədin, nur.

Əqidən, amalın

yaşadar səni,

Tomrissən, ya

Banu Çiçəksən bəlkə

Hər qəlbdə, ürəkdə

yerin var sənin,

Tanrı göndərdiyi

Mələksən bəlkə.

Keçər qərinələr,

Ötər zamanlar

Ellərin qəlbində

daim yaşarsan.

Nə qədər xalqım var,

Azərbaycan var

Bu Vətən mülkündə

Əbədi varsan!

* * *

Xanımlar xanımı

Mehriban xanım,

Bir insan ömrünün dörd fəslində

yumruq boyda planetdə - ürəkdə

İlk bahar çiçəkləri

açmalıdır əslində.

Bir ömrün hər fəslində

Ürəkdə ilk bahar olsa əgər

həyat gözəldir demək.

Demək bu ürəklə

Yüz il yaşamaq olar.

Bu ürəklə dünyanın

Ən ağır yükünü daşımaq olar.

Bir dua eləyərsən

Sənin odana ulduzlar dolar.

Gecələr göy üzü ilahi bir tamaşadı, tamaşa

Xanımlar xanımı

Mehriban xanım,

Xalqınla qoşa

Əbədi bir ömür yaşa!

Üzü dan yerinə sarı bir dua elə,

Sən dur bir dua elə

Qızılgüllər açılsın ürəyində hər səhər...

Hər səhər sənin qapını döysün,

Xoş müjdəli bir zəfər...


9629 oxunub

InvestAZ