" Bir qadına..." silsiləsindən
Dayanıb baxıram, yol həmən yoldu
Gedən də, gələn də nisbətdə eyni...
Burda işarə var - nə sağ, nə soldu -
Sən demə mənfi də, müsbət də eyni...
Çəkirəm yaxamı özümdən uzaq ,
Qarışmaq niyyətim yoxdu heç nəyə...
Nə izn işarəsi , nə də ki yasaq -
İmkan yaradılıb sanki, seçməyə...
Fikir cilovunu buraxıb əlim,
Tərəddüt edirəm yolun üstündə...
Bilmirəm özümə heç necə gəlim -
Yerim görünmürsə qolun üstündə...
Tikanmı, ya daşmı kürəyimdəki
Nədisə incitmir - rahat ağrıdı...
Nəsə pıçıldayır ürəyimdəki -
Çatdığım ... bir adsız yolun axrıdı...