XƏBƏR LENTİ
27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020



Ələfsər Şəkilinin 90 illiyi - Çingiz Ənvəroğlu yazır
Ədəbiyyat 12:30 / 10.08.2020

Azərbaycanda milli musiqimizin yaşadılması və inkişaf etdirilməsində xüsusi rolu olan tək- tək sənətkarlar vardır. Onlar heç vaxt unudulmur. İyirminci əsrin ikincı yarısında məşhur olan böyük sənətkarlar, Xalq artistləri tarzən Əhsən Dadaşov, kamançada Habil Əliyev, müasirlərimizdən qarmonda Aftantil İsrafilov kimi ustad sənətkarlar həm ifaçılıq məharətlərinə görə, həm də şəxsiyyətlər kimi çoxlarından fərqləniblər. Belə sənətkarlar sırasında mahir zurna ifaçısı Ələfsər Şəkilinin də adı həmişə iftixarla çəkilir. Qara zurnadan danışanda zəmanəmizin böyük şairi Vaqif Aslanın "Aydın"poemasında Ələfsərin zurnasına həsr etdiyi şeir yadıma düşdü.


Gələ-gələ düşünürdüm yol boyu,

Bir il mənsiz çalınıbdır kənd toyu.

Qara zurna, həsrət idim səsinə,

Bir hava çal, bu dünyanın yarımayan kəsinə.

O havanı çalsan, bir sən çalarsan.

Bu dünyadan alıb məni, o dünyaya salarsan.


Zilə qalxsan, gözlərimə Alp Ər Tonqa görünər.

Bəmə ensən, Türk dünyası qızıl qana bürünər.

Hərdən-birdən sızlayırsan, dil deyirsən elə bil.

Səndən özgə kimdə vardır, belə ləhcə, belə dil.

Qara-qara pərdə vardı başımda.

Mən bu sehri görməmişdim yaşımda.

Hər zəngulən bir pərdəni əridir,

Min illərin sevincini, qəmini yaddaşıma yeridir.

Xəyalıma kimlər gəlir ?-Qazan xan.

Yenə ona asi düşüb Alp Aruz.

Ey Türk oğlu, ağıllı ol, bir dayan!

Sən yediyin çörəkdə heç yoxmu duz?...


Neçə Kərəm ayrı düşüb kökündən,

Heç indiki Kərəmlərə yanan yox.

Dodağında quru odun parçası,

Nələr deyir nəfəsiylə Ələfsər!

Türkün böyük oğlunu da qanan yox...


Min illərdən sədası gələn qara zurnanın mahir, ustad ifaçısı Ələfsər Şəkilinin bu il- yəni 2020-ci ildə anadan olmasının 90 illiyi qeyd olunmalıdır. Lakin bütün dünyanı lərzəyə salan COVİD-19 pandemiyası ölkəmizdə də bir şox sahələrdə olduğu kimi mədəniyyət tədbirlərinin təşkili işlərində durğunluğa səbəb olmuşdur. Hər halda böyük sənətkarın xatirəsini yad etmək üçün bir yazı yazmaq məqsədilə Şəkinin mədəniyyət fədaisi, Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi” Vaqif Kərimova müraciət etdim. Vaqif müəllimə müraciət etməyimin səbəbi odur ki, O, təkcə Şəkinin yox, ölkəmizin ən azı son 100 ilinin mədniyyət tarixini əzbər bilən canlı ensklopediyasıdır. Bu məqsədlə Vaqif Kərimovla görüşdüm və Ələfsər Şəkili haqqında müsahibə verməsini ondan xahiş etdim. Vaqif müəllim çox böyük həvəslə söhbətə başladı.

-Şərqin böyük sənətkarı Ələfsər Məmmədrəhim oğlu Rəhimov 1930-cu il May ayının 5-ində Şəki şəhərində dünyaya göz açıb. Hələ uşaqlıq illərində balaban çalmağı özü öyrənən Ələfsər oyun havalarını sərbəst ifa etdiyinə görə musiqiçilərin diqqətini cəlb edib. Vaxtıilə dəbdə olan həyət toylarında Ələfsərin ifasını eşidən ustad sənətkarlardan həmyerlilərimiz Həbibullah Cəfərov və Qacay Mustafayev ona zurna çalmağı öyrədirlər. O, az vaxtda zurnanı da məharətlə çalmağı öyrənir. 14-15 yaşında rayonda tanınan Ələfsər 1946-cı ildə Respublika özfəaliyyət Olimpiadasında iştirak edir və orada ölkəmizin tanınmış musiqiçilərinin diqqətini özünə cəlb edir. Deyilənlərə görə Ələfsər hər gün səhərdən axşama qədər zurna çalmaqdan yorulmazdı və öz ifalarını gündən-günə təkminləşdirirdi. O, az vaxtda klassik aşıq havalarını, oyun havalarını, təsnifləri öyrəndikdən sonra muğamları öyrənməyə başlayır. Ələfsər gənc yaşlarında xalq mahnılarından "Koroğlu”, "Pəhləvani”, Misri”, "Gənci”, "Şəki yallısı” və başqa mahnıları, hən də "Segah”, "Şur”, "Çahargah”, "Bayatı kürd” muğamlarını öyrənmiş və gözəl ifa məharətinə görə dillər əzbəri olmuşdu.

Vaqif müəllim Ələfsər Rəhimovun yaxşı zurnaçı kimi yetişməsində ustad sənətkarlardan kimin təsiri, rolu daha çox olmuşdur?

Mahir zurna ifaçıları bizim regionda çox olub. Ələfsər uşaq yaşlarında toylarda onların musiqilərini dinlədikcə onda bu alətə istək yaranıb. Özünün dediyinə görə onda zurnaya həvəsi ustad sənətkarlardan Həbibullah Cəfərov və Qacay Mustafayev oyatmuşdur. Ələfsər onların çaldıqları toylara gedib heyranlıqla qulaq asar və ağzı ilə çalıb onları yamsılayardı. Sonralar O, İsmayıllının Kalva kəndində yaşayan mahir zurna ifaçısı Əli, ona Əli kalvalı deyirdilər və Kürdəmir rayonunda yaşayan Həsrət Hüseynovdan bu sənətin incəliklərini mənimsəyib. Ələfsər muğam ifasında əsasən Əli kalvalının üslubunu götürmüşdü. O, həm də muğamları Cabbar Qaryağdıoğlunun, Zülfi Adıgözəlovun, həmyerlimiz Böyük Ələsgər kimi tanınan Ələsgər Abdullayevin qramafon vallarından öyrənirdi. Bütün bunlardan sonra üstünə gəl Ələfsərin özünün fitri istedadını və son nəticə bu olub ki, Ələfsər Şəkili Azərbaycan musiqi tarixinə bir nömrəli ustad sənətkar kimi düşüb.

Vaqif müəllim Ələfsər Rəhimov Respublika səviyyəsində nə vaxtdan tanınıb?

1955-ci ilin May ayında Azərbaycanın tanınmış bəstəkarları Soltan Hacıbəyov, Səid Rüstəmov və baletmeyster Əlibala Abdullayev milli folklor nümunələri toplamaq məqsədilə Şəkiyə gəlmişdilər. Onlar Şəkidə olarkən "Şəki toyu” rəqs kollektivinin yeni qruluşda bərpa edilməsi üçün öz tövsiyyələrini bildirdilər. Eyni zamanda Ələfsəri bu qrupa cəlb edilməsini məsləhət gördülər. Həmin qrupun repertuarı xeyli zənginləşdirildi və az vaxtda populyarlaşdı. 1955-ci ilin ortalarında onlar Ələfsər Rəhimovu də Bakıda keçirilən Özfəaliyyət olimpiadasına dəvət etdilər. O, olimpiadada çox uğurla ifalar etdi. 1956, 1957 və 1962-ci illərdə Respublikamızın paytaxtında keçirilən Gənclərin musuqi festifalında Ələfsər Şəkili hər üç festifalın qalibi oldu, festifalın birincı dərəcəli diplomuna və Qızıl medalına layiq bilindi. Bundan sonra Ələfsər Şəkili kimi bütün ölkə miqyasında tanındı. 1959-cu ilin May ayında Moskvada keçirilən Azərbaycan İncəsənəti və Ədəbiyyatı 10 günlüyündə Ələfsər Rəhimovun rəhbərlik etdiyi zurnaçılar ansamblı "Şəki toyu” folklor rəqs kollektivi də iştirak etmişdir və çox uğurlu çıxışları ilə ölkəmizdən kənarda da tanınmağa başladı. O, ifaçılığını daha da təkminləşdirmək üçün 1963- 1967- ci illərdə Şəki musiqi texnikumunda təhsil alıb. Bu onun inkişafında xüsusi əhəmiyyət kəsb edir. Ələfsər musiqi nəzəriyyəsini, notları öyrəndikdən sonra hiss edir ki, zurnada muğamlarımızın ifasında çətinlik var. Yəni zurnada muğam ifası üçün imkanlar texniki cəhətdən məhdud olub. Burada sanki, bir not yeri boş qalır. O, çox düşündükdən sonra həmin boşluğu doldurmaq üçün zurnada min illər istifadə edilən 7 barmaq yerinə birini də əlavə edir və onun zurnası Azərbaycanın musiqi tarixində ilk olaraq 8 barmaq yeri ilə ifa olunur. Bunun effekti tezliklə öz səmərəsini verir və Ələfsər bir çox muğamlarımızı asanlıqla və böyük məharətlə ifa etməyə başlayır. Beləliklə də Ələfsərin zurnasının imkanları sayəsində onun ifası və zurnasınin səs tembri başqalarından tamamilə fərqlənir. 1967-ci ildən başlayaraq ümumittifaq festifalında, 1968- ci ildə Moskvada SSRİ- Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində, 1977-ci il də daxil olmaqla Ələfsər Şəkili iştirak etdiyi bütün festifallarda və müsabiqələrdə qalib olub.

Vaqif müəllim, Ələfsər Rəhimov öz sənətini gənclərə öyrətməkdə maraqlı idimi? Bəzən tanınmış sənətkarlar kiməsə sənətin sirlərini öyrətməkdən yayınırlar.

Bu çox yerində verilən sualdır. Adətən böyük sənətkarlar öz sənətlərinin incəliklərini gənclərə öyrətməkdən həqiyqətən müxtəlif bəhanələrlə yayınirlar. Amma Ələfsər Rəhimov öz ömrünün çox qısa olacağını elə bil hiss edib sənətinin bütün incəliklərini musiqiçi həmkarlarına da gənclərə də həvəslə öyrədirdi. Ələfsər Şəkili 1962-ci ildən 1978- ci ilə qədər şəhər mədəniyyət evinin bədii rəhbəri və sonra direktoru vəziyfəsində çalışmışdır. Eyni zamanda 1971- ci ildən 1984- cü ilə qədər Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbində nəfəs alətləri müəllimi işləmişdir. O, həmin dövrdə sənətini çox gənclərə həvəslə öyrətmişdir. İyirmincı əsrin axırlarında və müasir dövrümüzdə Respublikamızda tanınan ən yaxşı zurna ifaçılarından Rasim Ələsgərov, Baxşəli Abdulrəhimov, İlham İbrahimxəlilov, Xurşud İbrahimxəlilov və başqaları Ələfsər Şəkilinin şagirdləri olublar.

Vaqif müəllim, Ələfsər Şəkilinin xarici ölkələrə olan qastrol səfərləri haqqında nə deyə bilərsiniz?

Mən, sözümün əvvəlində bir yerdə qeyd etdim ki, Ələfsər Rəhimov 1968-ci ildə Moskvada SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisində rəhbərlik etdiyi zurnaçılar ansamblı ilə çıxış edib. Bundan başqa o vaxtkı Sovet respublikalarının çoxunda qastrol səfərlərində olub. 1983- cü ilin noyabr ayında Fransada keçirilən Beynəlxalq Folklor Festivalında Ələfsər Şəkili çox böyük uğurla çıxışlar edib. Həmin Festivalda nümayəndə heyətinə rəhbərlik edən SSRİ Xalq artisti Rəşid Behbudov Ələfsər Şəkilinin ifasına heyran olduğunu deyirdi. Festivalda Azərbaycan Dövlət mahnı Teatrının kollektivi, xalq artistləri Mübariz Tağıyev, Ramiz Quliyev, Səkinə xanım İsmayılova və başqaları iştirak ediblər. Folklor festivalında milli rəqsləri Ələfsərin zurnaçılar dəstəsi müşayət etmişdir. Bundan başqa Ələfsər "Heyratı” ritmik muğamını və "Qarabağ şikəstəsini” ifa edib. Konsertin bədii rəhbəri bəstəkar Həsən Adıgözəlzadə olmuşdur. 1984-cü ilin Aprel ayında Rəşid Behbudovun rəhbərlik etdiyi Dövlət Mahnı Teatrı Belçikaya qastrol səfərinə gedəndə Rəşid Behbudovun təkidi ilə Ələfsər Şəkili nümayəndə heyətinin tərkibinə salınmış və Ələfsər yenə öz uğurlu ifaları ilə alqışlarla qarşılanmışdır. Bundan sonra Ələfsər Şəkilinin ifaçılıq məharətinə valeh olan SSRİ Xalq artisti, Maestro Niyazi Ələfsəri Dövlət Simfonik Orkestrində işləməyə dəvət edir, amma Ələfsər Rəhimov Şəki mühitindən ayrılmaq istəmədiyi üçün bu təklifi qəbul etmir.

Vaqif müəllim, Ələfsər Şəkilinin hazırda ifalarından əldə qalan nümunələr haqqında nə deyə bilərsiniz?

Mən müsahibənin əvvəlki hissəsində qeyd etdim ki, Ələfsər Rəhimov bir çox Dövlət tədbirlərinin bədii hissəsində, Beynəlxalq və Respublika Festivallarında iştirak edib və təbii ki, bu tədbirlərin lent yazıları Dövlət səviyyəsində arxivlərdə saxlanılır. Bundan əlavə həmyerlimiz , "Əməkdar İncəsənət xadimi” Cavanşir Quliyev Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində musiqi verilişləri şöbəsində baş redaktor işləyəndə 1974-cü ilin axırları olardı. O vaxt Cavanşir müəllim Ələfsər Şəkilini komitəyə dəvət etmişdi və radionun qızıl fondu üçün "Qatar”, Segah”, "Bayatı kürd”, Şur”, muğamları, "Heyratı”, "Qarabağ şikəstəsi” ritmik muğamları, eləcə də bir neçə xalq mahnıları və rəqslər ifa olunaraq lentə alınmışdır.

Vaqif müəllim, Ələfsər Şəkilinin həyatda xobbisi nə olub?

Onu deyə bilərəm ki, Ələfsər çox ağır xasiyyətli, abırlı, tərbiyəli adam idi. Bəzi musiqiçilər kimi içkiyə meyli yox idi. O, səhər durandan axşama qədər öz işləri, ailəsi və sənəti ilə məşğul olurdu. Xobbi kimi də ova getməyi xoşlayırdı. Mən də dəfələrlə onun ov mərasimlərində iştirak etmişəm. Onun ov yoldaşları Allahyar Əlibalayev, İsmayıl Tağıyev, Əziz Səmədov və başqa bir neçə sənət dosları olub. Bunun adı ov idi. Hədəfi əsasən dovşan idi. Deyirdi ki, dovşan əti yeyən adamın əlləri əsməz. Qırqavul atmaq bütün ov komandasına qadağan olunmuşdu. Deyərdi ki, təbiətin bu gözəlliyinə silah qaldırmaq olmaz. Yola çıxanda lazım olacaq qədər yemək, içmək götürülürdü. Onun ov günü təbiətin qoynunda, bir sərin bulaq başında istirahət etmək və istədiyi qədər zurna çalmaq, bir də musiqi dinləmək idi. Həmişə vurğulayırdı ki, evdə çox çalıb ailə üzvlərini və qonşuları bezdirmək istəmirəm. Hər işin həddi olmalıdır. O, həqiyqətən çox alicənab insan idi.

Vaqif müəllim, mənim bildiyimə görə ölkəmizdən də çox –çox uzaqlarda tanınan Ələfsər Şəkiliyə böyük ustad kimi şairlər şeir həsr ediblər. Bu haqda nə deyə bilərsiniz?

Deyə bilərəm ki, görkəmli şairlərimizdən Bəxtiyar Vahabzadə, Vaqif Aslan, Nəbi Xəzri, Cabir Novruz, Məmməd Aslan, Qurtuluş Süleymanov və başqaları böyük sənətkar Ələfsər Şəkiliyə layiqli şeirlər həsr ediblər. Bu özü çox mühüm hadisədir. Ələfsərin ifasını dinləyən hər kəs ona valeh olurdu və təbii ki, bu məqamda şairlər coşub ona şeirlər həst edirdi. Belə məclislərin birində coşub daşan Ələfsərə Vaqif Aslanın bir şeir yazdığının şahidi olmuşam. Təsəvvür edin Ələfsər zurna çalır Vaqif Aslan da ona şeir deyir.


Zurna çalınanda


Elə dayanır ki, qoca dağlarım,

Deyirsən dünyanın gücü var onda.

Bir boyda ucalır uca dağlarım,

Ələfsər zurnası havalananda.


Qurbanı olduğum o qara zurna,

Taleyi taleyə bağlayır indi.

Gözləri yol çəkən ağbirçək ana,

Bəxtiyar- bəxtiyar ağlayır indi.


Xınalar yaxılır ayağa, ələ,

Hərə bir şey tutur öz niyyətində.

"Hə”, "yox da bilinir baxışlar ilə,

Hər qəlb bir toy çalır toy həyətində.


Açılır dünyanın qaşı, qabağı,

Yer- göy səadətə bürünür, Allah!

"Şəki yallısı”nda vətən torpağı,

Nə qədər müqəddəs görünür, Allah!


Çəkilir qızların göyə insafı,

Qoymurlar hal qala gəncdə, cavanda.

Ay zalım, onsuzda yanıram, axı,

Ələfsər zurnası havalananda.


" Cəngi”də yerindən oynayıb bədən,

"Dəli Koroğlu”da qızışmışam mən.

Mənə yaxın durma, amandı qardaş,

Mən ki, od almışam "Yanıq Kərəm”dən!


Yetdi sona, yetdi həsrətli aylar,

Çəkir karvanını qəm də, hicran da.

Evə sözlə gəlir sözlü subaylar,

Ələfsər zurnası havalananda!


Vaqif müəllim, Ələfsər Şəkili deyirlər dostluqda da çox etibarlı adam olub?

Bəli, doğrudur. O, ən çox sənət adamları ilə daha yaxın dostluq edirdi. Çoxları sənətin sirlərini başqalarına öyrətməmək üçün sənət adamlarından qaçır. Amma Ələfsər əksinə sənət yoldaşları məşqlər zamanı nə isə ifa edəndə Ələfsər bəzən onu saxlayıb daha yaxşı, şirin barmaqlar vurmaq yolunu göstərirdi. Ona görə də çox sənətkarlar onunla dostluq etməyə həvəs göstərirdilər. Əsas dostları isə mən tanıyanlar, ei sənətkarları Zakir Məmmədov, Rəcəbalı Əliyev, Ağasəf Musayev, Bünyat Kərimov, Bəhram Məmmədov, Əmrah Mustafayev, Yaqub Rəhimov və Adışirin Mustafayev olublar.

Ələfsər Şəkilinin sənətkarlığı öz sağlığında neçə qiymətləndirilib?

Deyə bilərəm ki, Ələfsər Rəhimov sənətkarlığına və kamil şəxsiyyətinə görə çox böyük nüfuz sahibi idi. Həmişə, hər yerdə hörmətlə qarşılanırdı. Ələfsər heç vaxt özü üçün heç kimdən nə isə xahiş etməzdi. O, alicənab insan idi. Amma həmişə olduğu kimi Dövlət məmurları gözləyirdilər ki, ya özü, ya da onun əvəzinə kimsə mütləq xahişə gəlməlidir və ya hansısa formada ödənişi olmalıdır. Şair Cabir Novruz demişkən "Sağlığında qiymət verin insanlara”. Bu problem həmişə olub. Indi də var. O vaxt da Ələfsər Şəkili sağlığında layiq olduğu səviyyədə qiymətləndirilmədi. Gördüyü o oldu ki, layiqli təltiflər olmasa da 1980-cı ildə Şəki Dövlət Dram Teatrında anadan olmasının 50 illiyi böyük tən-tənə ilə qeyd edildi. Ələfsər Rəhimov 1984-cü ildə faciəli şəkildə dünyasını dəyişdi. Bundan sonra 1990-cı ildə 60 illiyi, 2000-ci ildə 70 illiyi və 2010-cu ildə 80 illiyi xüsusi qeyd edilib. 2010-cu ildə Ələfsər Şəkilinin xatirəsinə həsr edilmiş Milli Nəfəs alətləri ifaçılarının Respublika festivalı keçirilmişdir. Yaxşı olar ki, COVİD-19 pandemiyası zəifləyən müddətdə Şərqin böyük sənətkarı Ələfsər Şəkilinin 90 illiyi Bakıda və Şəkidə adına layiq təşkil edilsin. Yenə Ələfsərin xatirəsinə Milli Nəfəs alətləri ifaçılarının Respublika festivalı keçirilsın. On beş il işlədiyi Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbinə Ələfsər Rəhimovun adı verilsin. Bundan başqa Şəkidə bir küçəyə Ələfsərin adı verilsin. Mən inanıram ki, yeni təyin olunmuş Mədəniyyət Naziri Anar Kərimov cənabları Ələfsər Rəhimovun 90 illiyini layiq olduğu səviyyədə qeyd edilməsinə qayğı və diqqət göstərəgəkdir.

Vaqif müəllim, Ələfsər Şəkili haqqında maraqlı və əhatəli, dəqiq informasiyalarla zəngim olan həm də geniş məzmunlu müsahibəyə görə sizə təşəkkür edirəm, çox sağ olun.

Qeyd. Mən Səxavət Məmmədovun fanatıyam. Şəkidə radio verilişləri redaksiyasında böyük redaktor işlədiyim illərdə mərhum sənətkar Səxavət Məmmədovla dostluq münasibətimiz var idi. 1985-cı ilin yay ayı idi. Ustad sənətkar, Respublikamızın Xalq artisti Əlibaba Məmmədov "Humayım” ansamblı ilə Şəkiyə qastrol səfərinə gəlmişdi. Təbii ki, Səxavət Məmmədov da ansamblın üzvü kimi konsertlərdə iştirak edirdi. Həmin günlər mən səhərdən gecə yatana qədər Şəkini onlarla birlikdə gəzirdim və rayonumuzun tarixi abidələri, adət-ənənələri haqqında onlara məlumatlar verirdim. Mən Səxavətin xatirinə bütün kollektivi bizim studuyamıza dəvət edib bir xeyli mahılar, təsniflər lentə aldım. Ən çox da Səxavətin ifasında. Bu musiqiləri gündəlik proqramımızda tez-tez səsləndirirdim. Sonra Səxavət məndən xahiş etdi ki, sən mənə Ələfsər Şəkilinin ifasında nə imkan var lent yazıları ver. Mən onun xahişini nəzərə alıb Ələfsər Rəhimovu studiyamıza dəvət etdim və onun yeni ifalarını lentə alıb Bakıya gedəndə apardım Səxavətə verdim. O vaxtlar əl telefonu- mobil telefon yox idi və bütün musiqiçilər toy sifarişləri qəbul etmək üçün Filarmoniyanın bağına yığışırdılar. Mən hər dəfə Səxavətlə orada görüşəndə O, özünün sənət dostlarına görülməli işləri tapşırıb onlardan ayrılardı və biz Səxavətin qara Qaz-24 Volqası ilə Bakının küçələrini gəzərdik. Səxavət mənim ona verdiyim Ələfsər Şəkilinin lent yazılarını oxudub onun zurnada çaldıqlarını öz zəngulələri ilə təkrarlayırdı. Mənə deyirdi ki, Ələfsər Şəkili zurna çalmır, O, zurnanı danışdırır. Mən zəngulələrimdə yaratdığım yenilikləri Ələfsərdən öyrənirəm. Onun ifa etdiklərini səslə, zəngulə ilə təkrarlayıram. Doğrudan da Səxavətin zəngulələri həm tanıdığımız bütün xanəndələrdən orjinallığı ilə fərqlənib həm də qeyriadiliyi ilə seçilir və sevilir. Allah ona qəni- qəni rəhmət eləsin. Səxavət bu gün də mənim üçün əvəzolunmaz, ideal xanəndədir.



769 oxunub

InvestAZ