XƏBƏR LENTİ
22 Sentyabr 2020
21 Sentyabr 2020



“Böyük mərifət sahiibi” - Akif Cabbarlı yazır
Ədəbiyyat 18:17 / 06.08.2020

Həyat etüdləri


Beş-on il əvvəlin söhbətidir. Aran rayonlarının birində olduqca mehriban ailənin həddindən çox səmimi üzvlərinin arasına birdən-birə, heç Allahın da gözləmədiyi qanqaraçılıq düşür. Özü də heç nəyin üstündə. Nə var-nə var böyük qardaş öz əkin sahəsini qədərindən artıq suvarıb, kiçik qardaşın qonşuluqdakı torpağı isə gün ərzində bir qarış da su görməyib. Beləliklə, evdəki xanımların, ya da ki, "ürəyiaçıq”, "qəlbiyumşaq” qonşuların fətvası ilə hər bir işdə, davranışda çoxlarına nümunə göstərilən qardaşlar üz-göz düşürlər. İş o yerə çatır ki, kiçik qardaş səbrini basa bilmir, böyüyünün üzünə ağ olur və bu söz-söhbət, dava-dalaş arzuolunmaz sonluqla bitir. Böyük qardaş öz əlində-ovcunda böyütdüyü qardaşının əlindəki ovçu bıçağının "köməyi” ilə xəstəxanalıq olur.

Təbii ki, qohumlar, dostlar kiçik qardaşın üzünü it üzü kimi danlayır, onu necə var hörmətsiz edirlər. hövsələsiz qardaş təbii ki, dərhal polis şöbəsinə aparılır. Müstəntiq ilk dindirmədəcə kiçik qardaşın "mərifətinə” heyran olduğunu gizlədə bilmir. Onun "bir səbrin olaydı, hirslənmişdin, qəzəblənmişdin, bir siqaret odlayıb qoyaydın damağına, tüstülədəydin, hirsin də bəlkə soyuyub keçərdi” sözlərinə kiçik qardaşın cavbı nə olsa yaxşıdır:

-Sən də qəribə adamsan, mən o qədər mərifətsiz, qanacaqsız adamam ki, durub atam əvəzi böyük qardaşımın yanında yekəxanalıq edib siqaret çəkim? Bir danışığına fikir ver, cənab müstəntiq. Bizim nəsildə belə yekəbaşlıq ola bilməz! Ağlın başqa ailələrə getməsin.

Müstəntiq də ki, eşitdiyimə görə, bu fikrin qarşılığında deməyə söz tapmayıb, lal adamlar kimi sadəcə kəkələyib, sonra da bir siqaret odlayıb qoyub damağına.


"Niyə məni Əzrayılla düşmən edirsən...”

Ucqar dağ kəndlərinin birində baş verən bir əhvalatı qələm dostlarımdan biri tam təfərrüatı ilə elə danışdı ki, yazmaya bilmədim.

Deməli, şərti adı Məmməd olan kişi ağır xəstələnir, ölümlə çarpışır. Bu arada kişinin olduqca baməzə, zarafatcıl oğlu Aslan qoşalülə tüfəngi götürüb çıxır eyvana və göyə sarı iki patron boşaldır. Sonra qayıdıb atasının da eşidəcəyi tərzdə bildirir ki, vsyo, Əzrayılı güllələdim, daha çətin ki, bizim evə gəlib çıxar.

İş elə gətirir ki, kişiyə Allah sanki ikinci ömür bağışlayır. Məmməd dayı möhkəmcə silkinib durur ayağa və bundan sonra iki il də sağlam ömür sürür.

Günlərin birində qonşuluqda yaşayan Əli kişi də ölüm yatağına düşür. Hətta iş o yerə çatır ki, molla çağırıb "Yasin” də oxutdururlar. Birdən kişinin yadına qonşu Məmmədin oğlunun Əzrayıla atəş açması məsələsi düşür. Oğlu Hikməti çağırıb deyir ki, evimizdə tüfəng də var, patron da, nə durmusan? Oğlu dar ayaqda olan atasının xətrinə dəymək istəmir, tüfəngi doldurub həyətə düşür. Tap-tap, səmaya iki atış açıb evə qayıdır. Otaqda isə onu qara xəbər gözləyirmiş. Atası artıq Əzrayılın imzaladığı aktın qurbanı olmuşdu.

Hikmət göz yaşları içərisində bu sözləri pıçıldayır:

-Ay kişi, ay mənim əzizim, öləcəkdinsə, daha məni Əzrayıl qardaşla niyə düşmən eləyirdin, hıy? Axı, bu günün sabahı da var...


Küsməyin "qızıl qaydası”

Həmkarlarımdan birinin söylədiklərini yazıya almağa çalışmışam.

"Məhəlləmiz müxtəlif xasiyyətli, cürbəcür xarakterli insanların rəngarəng buketini xatırladır. Həyatın dibindən gələn, "Maksim Qorki Universitetinin” "məzunlarına”, müasir, kreativ düşüncəli gənclərə, səxavətdə Bəhlul Danəndəni geridə qoyan, igidlikdə məşhur gürcü vorzakonlarına meydan oxuyan oğlanlardan tutmuş, ipək kimi yumşaq, qanundan və həkimdən uşaq arıdan qorxan kimi tırıslayan qocalara qədər kimə desən, bu məhəllədə rast gələrsən. Bu adamların içərisində lakmus kağızı misallı küsəyən kişilər də xüsusi seçilirlər.

Belə hədsiz "həssaslıq” nümunəsi göstərən adamlardan birinin işi isə kitablıq yox ey, lap kinoluqdur. Deməli, bu adam kimdənsə küsməyi, inciməyi, necə deyərlər, Allahdan axtarır. Bir də görürsən, yanından elə keçdi ki, deyirsən bəs kolxoz sədri işlədiyi vaxt yəqin əlli baş quzusunu, yaxud səksən qazını kəsib qoymusan böyrü üstə. Amma dünən axşam gəzinti vaxtı birgə dolanmışdıq, siqaret çəkmişdik axı... Bunu sən fikirləşirsən, mən düşünürəm, onun isə heç vecinə deyil, vallah. Durum deyim yadından çıxarıb, unudub, yox-yox, imanımı yandıra bilmərəm. Çünki küsmədiyi günlərdə onlarla lətifəni ləzzətlə, bəzəyə-bəzəyə bütün təfərrüatı ilə elə danışırdı ki, yaddaşına, hafizəsinə heyran olmaya bilməzdin. Bəs nə oldu, bu kişi niyə küsdü, bəhanəsiz-filansız üz döndərdi bizdən? Ha fikirləşirdik, heç yana çıxa bilmirdik.

Qonşumuzun bu cür xasiyyəti təbii ki, bəzi xırda-para problemlər yaradır. Misal üçün, yığışıb "almancasına” yeyib-içmək, yaxud çimərliyə getmək istəyəndə bəzən dilemma qarşısında qalırıq. Ürəyimizdən keçir ki, bizə qoşulsun, məzəli söhbətləri ilə ürəyimizi açsın, məlum olur ki, onun küsən günüdür. Deməli, tədbirimizi azından bir gün geri çəkməliyik. Bu da bizə ləzzət eləmir, ömür gözləmir axı... Bir gün ona yaxınlaşıb hal-əhval tutmaq istədim. Duruxdu, kərəlib sağa-sola baxdı, sonra cibindən bir kağız çıxardı, eynəyini taıxb diqqətlə baxdı, baxdı və "bu gün yox” deyə-deyə sürətlə məndən aralandı. Anışdıra bilmədim bu mızıltının arxasında nə dayanır. Amma qəfildən beynimə bir fikir gəldi; bəlkə qonşumuz ona daha rahat olsun, heç nəyi qarışdırmasın deyə bizdən inciməyi, küsməyi (özü də heç nədən ha...) xüsusi cədvəl, qrafik üzrə rəsmiləşdirir? Olar, olar, vallah olar...


1183 oxunub

InvestAZ