XƏBƏR LENTİ
25 Sentyabr 2020
24 Sentyabr 2020
23 Sentyabr 2020



Memar Şahdağlinskinin etirafları və poetik müraciəti - Akif Cabbarlı yazır
Ədəbiyyat 13:29 / 04.08.2020

(hekayə)

Səhər-səhər vanna otağında üzünü qırxanda az qala özünü tanımadı. Gözlərinin altından rəngi göyə çalan torbacıqlar sallanırdı. Sifəti də elə bil xeyli aşağı meyillənmişdi. Gözlərinin dərinliyində çəhrayıya çalan rəng qatı kişini lap vahimələndirdi. İndi gəl bu əlamətləri yoz görək hara gedib çıxacaq. Bəlkə dünən axşam dostlarından biri ilə "Türyançay” kafesində qədəhlərinin sayını itirdiyindən, yaxud da sonradan gecənin yarısınadək küləkli havada həyətdəki talvarın altında birnəfəsə on iki tas nərd oynadığından belə hala düşmüşdü. Son vaxtlar böyrəkləri incidir, ürəyi də sadəcə kamanda ifa edilən "Segah”ın son notları kimi astadan, ahəstə sızıldayırdı. Buna ağrı da demək olmzdı, elə bil təzə-tər gicitkən yarpağını qoluna, əlinə sürtürsən ha, bax o cür ürəyindən izaholunmaz bir ağrı keçib gedirdi. Həmişə zarafatla bu ağrını əsgər addımlarına deyil, podiumdan kəpənək kimi keçib gedən gözəlçələrin yerişinə bənzədirdi.

***

Elbrus Şahdağlinski ixtisasca memar olsa da, ilhamlı adam idi. Ara-sıra hekayələr yazır, bədahətən şeir də deyirdi. Təbii ki, əvvəlcə Məmməd Arazdan, Zəlimxandan, Əli Kərimdən, sonra da özündən. Çox güman, ürəyinin ağrısı ilə bağlı düşüncələri də şair qəlbli olduğundan qaynaqlanır.

Bir dəfə uşaqlıq dövründən danışanda orta məktəbdə oxuduğu vaxt yazdığı misraları yada saldı və bununla da onunla məzələnmək üçün bizə əməlli-başlı fürsət də verdi. Səhv eləmirəmsə, Elbrus o vaxt bu misraları ilə məktəb direktorunun da diqqətini cəlb eləyibmiş. İl dəyişikliyində dostumuz bu misraları bədahətən söyləmiş və "məktəb şairi” titulu qazanmışdı.

Motorunu kaçatda,

Hələ yoxsan uçotda,

Sən də gəl dur açotda,

Ay təzə il, təzə il.

Qafiyələr rusca olsa da, şagirdlərə, hətta müəllimlərə o qədər ləzzət eləmişdi ki, məsləhət bilib məktəbin divar qəzetində də vermişdilər. İllər keçdi, Elbrus şair ola bilmədi, amma bütün ölkədə tanınan bir inşaatçı, adlı-sanlı memar oldu. İnstitutu qurtarandan sonra yolu lap uzaqlara düşdü, BAN-ın tikintisində çalışdı, hörmət-izzət yiyəsi oldu. Sonra anasının təkidli çağırışlarını eşidib vətənə döndü. Bir çox sənaye müəssisələrinin tikintisində öz bacarığını, xüsusi istedadını sərgilədi, dissertasiya müdafiə elədi, alim kimi töhfələrini verdi. Sağından, solundan hansısa arqumetnlərə əsasən əslində "piyada” hesab olunan iş yoldaşları, dostları irəli çəkildilər, vəzifələrə yiyələndilər, cürbəcür yüksək mükafatlara sahibləndilər. Elbrus Şahdağlinski isə özü demiş, yalnız öz yağında qovruldu, irəli gedə bilmədi. Heç kimə hansısa titula, vəzifəyə görə ağız açmadı, daxıl düşmədi. Halal qazancı ilə uşaqlarını böyütdü, ev-eşik sahibi elədi. Dövlət tərəfindən hədiyyə verilən mənzilini İlahinin bəxşişi sanıb Allahına şükür elədi. Amma bədxahları Elbrus müəllimin qazandığı nüfuza, ad-sana, istedadına görə paxıllıqlarını gizlətmir, bəzən də açıq-aşkar üzünəcə eyham da vururdular. Ürəyiaçıq, dünya malında qətiyyən gözü olmayan qəhrəmanımız isə belələrinin nə vaxtsa ağıllanacağına, düzlüyə, ədalətə tapınacağına möhkəm inanırdı. Elə imkanlı vaxtlarında böyür-başından əl çəkməyən, ona qarışqa kimi daraşan qohum-əqrəbasına da həmişə uca Yaradandan bir misqal insaf arzulayır.

***

Elbrus müəllim üzünü təraş etdiyi vaxt bütün bunları ürəyində dolandırmaqla Allaha şükranlıq hissini də bülöv daşına çəkir, katarsisdən keçirirdi; "Şükür sənə, Xudaya, bu yaşa çatmışam, işlədiyim yerlərdə, ictimaiyyət arasında, dostlarımın, qohum-əqrəbamın yanında həmişə üzüm ağ olub. Əlimdən gələn yaxşılıqları heç kimdən əsirgəməmişəm, bunu bacarmayanda isə sadəcə kənara çəkilmişəm. Heç kimin pis gününü arzulamamışam, nə qazanmışamsa, öz gücümə, ağlıma, istedadıma güvənmişəm. Mənə olunan yaxşılıqlara görə də nəcib, vicdanlı insanlara, ağıllı, insaflı adamlara minnətdaram. Allah hər kəsin ürəyinə görə versin, heç kimi də darda qoymasın”.

Elbrus müəllim bu şükranlıq duyğularının qoynunda vanna otağından çıxdı. Həyat yoldaşı Məlahət xanım səhər yeməyinə ərinin xoşladığı pomidor çığırtması hazırlamış, stolun üstünə yenicə bişirdiyi ərik mürəbbəsi də qoymuşdu. Oturdular, nuşcanlıqla yeyə-yeyə gün ərzində görəcəkləri işləri də götür-qoy elədilər.

-A kişi, pensiyanı alan kimi bəlkə sənə təzə kostyum alaq, hə? – deyə Məlahət xanım dilləndi.

-Elə bu görkəmimə yaraşır mənim təzə kostyum.

-Niyə, maşallah, lap cavan oğlan kimisən, bəy oturanlardan nə təhərsən?

Arvadının son sözləri ürəyinə sarı yağ kimi yayıldı. Yataq otağına keçib pal-paltarını geyinmək istədi. Bədənnüma güzgüyə baxanda özünü tanımadı. Güzgüdən ona sarı şumal boylu, saçlarına təzə-təzə dən düşən qıvraq, yaraşıqlı bir kişi boylanırdı. Bu dəm ürəyindən bircə cümlə keçdi – hələ yaşamağa dəyər, Elbrus Şahdağlinski, motoru saz saxla!

Yenə motor... Görəsən, Elbrus müəllim orta məktəbdə yazdığı məlum şeirinin misralarını xatırladı, yoxsa...

Qapıdan çıxhaçıxda Məlahətə yaxınlaşıb onu bərk-bərk qucaqladı. Xanımının isti, hərarətli bədənini köksünə sıxıb bədahətən bu misraları söylədi:

Məlahət, canımsan, iki gözümsən,

Qoşa yaşamışıq illər uzunu.

Bilmirəm ki, vallah, niyə dözmüsən?

Bezmisənsə məndən, söylə düzünü.

Bu misraları Elbrus müəllim lapdan, hansısa nəticələr verəcəyini düşünmədən özü söylədi. Birdən elə bilərsiniz mən kömək elədim, yox-yox, durub ailə işinə qarışası deyildim ki...


1140 oxunub

InvestAZ