XƏBƏR LENTİ
03 Avqust 2020
02 Avqust 2020
30 İyul 2020



Britaniya parlamentində erməni təxribatından danışılacaq
Gündəm 12:57 / 30.07.2020

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc iyulun 12-də Ermənistanın ölkəmizə qarşı törətdiyi Tovuz hərbi təxribatından dərhal sonra, dünya parlamentlərinin insan haqları komitələrinin rəsmilərinə, beynəlxalq məsələlər və s. aiddiyətli qurumlarına məktublar ünvanlayıb.

Komitə sədrinin 50-dən çox ölkəyə göndərdiyi məktubda Ermənistan-Azərbaycan dövlət sərhədinin şimal-qərb hissəsində başlatdığı işğalçı hücumun əsas məqsədləri, hərbi əməliyyatların Qarabağdan 250 km uzaqlıqda aparılmasının səbəbləri, düşmən ölkənin "yeni ərazilər üçün yeni müharibə" məqsədini irəli sürən yeni hərbi doktrinası, sərhədyanı kənddə yaşayan dinc sakinin qətlə yetirilməsi, mülki əhalinin ev təsərrüfatlarına dəyən dağıdıcı ziyanın miqyası, təxribatın beynəlxalq təhlükəsizlik qarantiyası altında və Avropanın enerji təchizatında etibarlı mənbələrdən olan transmilli neft-qaz kəmərlərinə və tranzit xətlərinə törətdiyi təhdidlər, erməni tərəfin cəbhədə gedən hadisələr haqda saxta xəbərləri tirajlaması və s. haqda məlumat əksini tapıb.

Böyük Britaniya (Birləşmiş Krallıq ) Parlamentinin İcmalar Palatasının İnsan Hüquqları üzrə Birgə Komitənin sədri, tanınmış ictimai-siyasi xadim, Harriet Harmanın adından, Komitə rəsmisindən edilmiş müraciətə cavab verilib.

Xanım Harriet Harman Komitə sədri Zahid Oruca "Ermənistanın hərbi təxribatı” ilə əlaqədar ətraflı məlumat üçün təşəkkür edib.

O, İngiltərə parlamentinin dünyada insan hüquqları ilə bağlı mütəmadi rəylər verən Xarici İşlər Komitəsi, həmçinin, Azərbaycanla bağlı Parlament Qrupunun, parlamentin üzvü Bob Blackmanın Tovuz döyüşlərindən dərhal sonra 13 iyul 2020-ci il tarixində "Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzkarlığı” ilə bağlı gündəliyə müzakirənin daxil edilməsi ilə bağlı təklifini də vurğulayıb.

Komitə sədri Zahid Oruc Böyük Britaniya Parlamentinin Birgə İnsan haqları Komitəsinin sədrinə diqqətə və operativ cavab məktubuna görə minnətdarlığını bildirib və qarşıdakı gözlənilən Parlamentin müxtəlif formatlı dinləmələrində Azərbaycan tərəfinin məsələni diqqətdə saxlayacağını qeyd edib.


251 oxunub

InvestAZ