XƏBƏR LENTİ
03 Avqust 2020
02 Avqust 2020
30 İyul 2020



GETMİŞƏM... - Əbülfət Mədətoğlu hər gün sizinlə
Ədəbiyyat 10:30 / 30.07.2020

"Bir qadına..." silsiləsindən

Səni düşünürəm...ilk dəfə səni -
Gördüyüm o günə, çıxıb getmişəm...
Bütün varlığını göz qırpımında -
Mən öz varlığıma yığıb, getmişəm...

Həmin o görkəmdə, həmin o halda
Mənə gülümsəyir kövrək xəyal da ...
Yəqin yadındadı incik sual da -
Dəvə tək qarşında xıxıb... getmişəm...

İllərdən töhfədi həsrətin mənə
Çevrilir anbaan saçımda dənə...
Ruhumu qurbanlıq demişdim sənə -
Onu ayağına yıxıb, getmişəm...

Ovudub, böyüdüb içimdə qəmi
Şəklini etmişəm könül həmdəmi...
Kipriklər öyrəşən gözdəki nəmi -
Üzümə şeh kimi sıxıb , getmişəm...

Cismim sıxıntıda , sevgim dərində
Fırlanır o anlar ömür pərində!..
Hələ də qalıram görüş yerində -
Sən elə bilməki, çıxıb getmişəm!..


414 oxunub

InvestAZ