XƏBƏR LENTİ
03 Avqust 2020
02 Avqust 2020
30 İyul 2020



“TƏRƏQQİ”İN MÜBARƏK - Əbülfət MƏDƏTOĞLU yazır
Ədəbiyyat 17:49 / 28.07.2020

Keçmiş "Ədalət”çi Füzuli Rüzigara


Hər dəfə telefonuma zəng gələndə onun adını ekranda görürəm. Və bu adın mənim üçün doğmalığı, önəmi ondadır ki, həm Azərbaycan poeziyasının ən böyük şeyxlərindən biri və bəlkə də mənim üçün birincisi, həm Məcnunu dəli-divanə edən, həm də həsrətini çəkdiyim bir şəhərə olan sonsuz bağlılığını özündə ifadə edir. Deməli, söhbətin Füzulidən getdiyini yəqin ki, anladınız. Şeirimizin Füzulisi və mənim Qarabağ nisgilimin Füzulisi!..

Bax, buna görə də dostum, həmkarım, müəyyən zaman kəsiyini də birlikdə "Ədalət”də çalışdığım Füzuli Rüzigar mənim ruhuma, duyğularıma çox yaxındır. Onun özünəməxsus səsi, etdiyi ərk və bir də yüksək mədəniyyəti məni həmişə ona sayğıyla yanaşmağa kökləyibdi. Çünki insan qarşı tərəfin münasibətində özünü də görür, kimliyini də anlayır. Mən də Füzulinin özümə, ailəmə olan münasibətində onun həm mənə münasibətini, həm də bir insan olaraq, bir qələm əhli olaraq necəliyini, kimliyini zaman-zaman araşdırmağa, öyrənməyə çalışmışam. Burada onu da əlavə edim ki, məni Gəncəni dəyərli söz adamları ilə bağlayan ən böyük vasitələrdən biri də elə Füzulinin yaratdığı körpü olubdu. Hətta ədəbiyyatımızın magikanlarından olan Qərib Mehdi ilə şəxsi tanışlığımızın, üzbəüz söhbətimizin də bünövrəsini Füzuli qoyubdu...

Deməli, oxucularımızın diqqətinə çatdırım ki, Füzuli Rüzigar 1948-ci ildə doğulubdu. Gəncə mühitində böyüyən Füzuli hələ orta məktəb illərindən sözə könül verib. Artıq 13 yaşı olanda onun ilk hekayəsi o dövrün "Azərbaycan pioneri” qəzetində çap olunubdu. "İtən gəlin” adlanan bu hekayə 13 yaşlı oğlanın böyük fantaziyasından, ədəbi obrazı görmək qabiliyyətindən xəbər verirdi. Və beləcə, ilk hekayəsindən ruhlanan Füzuli İmran oğlu Qasımov yavaş-yavaş "Azərbaycan gəncləri”, "Kirovabad kommunisti”, "Gəncənin səsi” qəzetlərində ardıcıl çıxış etməyə başladı. Artıq o həm də bu qəzetlərin ştatdan kənar müxbiri idi. Orta məktəbi bitirəndən sonra da mətbuatla əlaqəsini kəsməyən Füzuli həm Gəncədə, həm də paytaxta nəşr olunan qəzet və jurnallardakı çıxışlarıyla "Kirovabad kommunisti” qəzetinin rəhbərliyinin diqqətini çəkmişdi. Məhz onların göndərişiylə Füzuli Rüzigar "Daşkəsən” qəzetində işləməyə göndərildi. 1966-73-cü illərdə həmin qəzetdə müxbir, şöbə müdiri vəzifələrində çalışan Füzuli 1973-cü ildən Göygöl rayonunda çıxan "Kommunist əməyi” qəzetində işini davam etdirdi. Bu qəzetdə o, artıq məsul katib idi. Ümumiyyətlə, bu gün də yazmaqdan zövq alan, mətbuatla nəfəs alan Füzuli Rüzigar özünün imzasını hər şeydən üstün tutur. Onun həyatında bir-birindən maraqlı, bir-birindən önəmli məqamlar çox olub. O, bir pedaqoq kimi də Gəncədə fəaliyyət göstərən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının, Azərbaycan Aqroekologiya İnstitutunun nəzdində fəaliyyət göstərən ictimai peşə fakültələrində jurnalistikadan dərs demişdi. Bir müddət Azərbaycan Beynəlxalq Universitetinin Gəncə korpusunda dekan vəzifəsində çalışmışdı.

Füzuli Rüzigar təkcə yaradıcılıq sevgisi, istəyi deyil, həm də yurd, torpaq məhəbbəti onun çevrəsi üçün, onu tanıyanlar üçün həmişə önəmli olubdu. 1990-cı ilin yanvarında öz övladı kimi böyütdüyü qardaşı Rüzigar İmran oğlu şəhid olmuşdu. Bu gün Gəncədə Rüzigar İmran oğlunun adına küçə də var. Hətta Fikrət Əmirov adına parkda ehsan bulağı da inşa edilibdi. Füzuli tez-tez o bulağa baş çəkir, o suyun şırıltısını dinləyə-dinləyə qardaşının həyat yolunu sanki sözə, yazıya köçürür. Və yazdıqları da qardaşının – bir şəhidin nakam həyatının ömürlüyü olur.

Bu günlərdə mətbuatımızın 145 illiyi ilə bağlı ölkə Prezidentinin imzaladığı Sərəncamla bağlı "Tərəqqi” medalına layiq görülən Füzuli Rüzigar bu mükafatı 72 illik ömrünün ən dəyərli hədiyyəsi sayır. Bu, onun söz ömrünün parlayan bir uluduzudu. "Ədalət”in oxucularının imzasını heç vaxt unutmadığı Füzuli Rüzigarın bu mükafatından həm də bizə pay düşür. Ona görə də keçmiş əməkdaşımızı, hər zaman əməkdaşımız olan Füzuli Rüzigarı biz də ürəkdən təbrik edir, ona uzun ömür və yaradıcılıq uğurları arzu edirik.

Mən isə öz növbəmdə bir daha "Tərəqqin” mübarək, Füzuli, – deyirəm!.


551 oxunub

InvestAZ