XƏBƏR LENTİ
03 Avqust 2020
02 Avqust 2020
30 İyul 2020



SİMAHUM - BARAT VÜSAL YAZIR
Ədəbiyyat 11:38 / 27.07.2020

(esse)

Hər iki dünyada asayiş bəxş edən və bütün zülmətləri dağıdan, Nur Camalında sığınacaq axtarıram.

Məhəmməd Peyğəmbər.


Peyğəmbər gördü! Nəyi? Onun Camalının

Nurunu ,Onun Nur Camalını!


Nizami Gəncəvi.


Bir gözəlin aşiqiyəm vəsfi-Camaldı yüküm.


Aşıq Ələsgər.


Çöhrəmi kim tanıdacaq?


Cəmil Meric.


Allahın adlarından biri də Üzdür, Camaldır-Camalullahdır.

Allah Cəlalıyla Nardır, Camalıyla Nurdur...

Üzü müxtəlif adlarla yanaşı "Simahum” da adlandırıblar.

Simahum –üzərində səcdə izi olan üz deməkdir...

Məhəmməd Füzuli Azərbaycan dilində olan Divanının dibarçəsində yazır: "İnsanların ən gözəli olan Məhəmmədə dua eyləyirəm, onun Ay üzünün işığı ilə qaranlıq əridi, onu öyməklə rütbə və dəyərimiz artdı, ona və ocağına salam olsun!”

Mən də bu yazımı həmin dua ilə başlamaq istədim. Mən də ona və ocağına salam olsun!-dedim.

...Dihya adlı öz dövrünün insanları arasında ən gözəl simalı ( üzlü!) bir insan var idi. Dihya hansı şəhərə gəlirdisə onu görən boylu qadınlar uşaq salırdılar.

Allah Cəbrayılı Məhəmməd peyğəmbərin yanına Dihya simasında göndərmişdi. Ona görə belə etmişdi ki, özüylə peyğəmbər arasında gözəl olsun. Gözəl Üz olsun!

Aləmlərin Rəbbi yaratdıqlarını Məhəmməd peyğəmbərin üzü suyu hörmətinə yaratdığından Quran ayələri də onun üzü suyu hörmətinə endirilmişdi.

Həzrət Ömər "Müminin” surəsi haqda deyirdi: "Bu surənin nazil oluşuyla ilkin olaraq Rəsulillaha vəhy gəldiyi zaman üzünün yanından arı səsinə bənzər bir səs eşidilirdi.”

***

Yəhudi və xristian dini mənbələrində Adəmdən söhbət gedəndə "Tanrı özünə bənzər yaradıb” fikri yer alıb.

Əsgi uyğur abidələrindən hesab olunan Manixey poeziyasını əks etdirən 7-ci mətndə Tanrının Camalını görmək səadətindən də söhbət açılmışdır.”Onlar Sizin o Camalınızı gördükdə könüllərində sapsarı cəhənnəm əzabından qorunmaq arzusu baş qaldırdı.

” Bögüxan şərəfinə mətndə hökmdar Bögüxan "Tanrısifət” kimi təqdim olunmuşdur.

Baxşılar da tanrısifət adlandırılıb.Üstəlik " II qoşa Vərəq”in "Arxa tərəfi”ndə qeyd olunur ki, "Tanrı yaratdıqları adam ona oxşayırdı.”

Qədim türklər deyərmişlər ki,”İnsanın bəzəyi üzdür.”

Oğuzlar sevdiyi gözəli "Küz almasına bənzər alma yanaqlım” adlandırmışlar.

Yusif Balasuqunlu "Qutatku bilik” əsərində hökmdar Elikin xidmətçisi (qulu) olmaq istəyən Aydoldu haqda yazırdı: "Üzü gözəldi, baxanda göz qamaşardı.”

Yəqin bu səbəbdəndir ki, Musa Peyğəmbər və peyğəmbərimiz də üzü niqablı olarmış.

Məlim məsələdir ki, insan əsrlər boyu dua edib "Ey İlahi, üzünü mənə göstər!” deməkdən bezmədi, yorulmadı.

Allahsa insan nə qədər ki, diridi, ona üzünü göstərməyəcəyini bildirdi.

"Tövrat”ın "Moşe və Rəbb” fəslində bunun səbəbi belə açıqlanır:

18.Moşe dedi: "İzzətini mənə göstər.”

19.Rəbb dedi: İzzətimi, şəfqətimi bəyan edəcəyəm.”

20.Amma üzümü (!) görməyinə icazə verməyəcəyəm. Çünki üzümü görən adam sağ qala bilməz.”

21.Sonra Rəbb dedi: "Yanımda bir yer var. Burada,qayanın dibində dayan”.

22.”Buradan keçəndə səni qayanın yarığına qoyacağam. Mən keçib gedənə qədər əlimlə(!) üzərini örtəcəyəm.”

23.”Əlimi qaldıranda məni arxadan görəcəksən. Amma üzüm görünməyəcək.”

Və beləcə o vaxtdan bəri bütün dini və mifik mənbələrdə insanın Allahın üzünü görmək imkanının yalnız Qiyamət günündə mümkün olacağı söylənilməkdədir...


***


Bir xalq bayatısında deyildiyi kimi nurlu üzü görmək səadətmiş. Elə imana, dinə gəlməyin ən kəsə yolu da!

Şirvana, Milə gəlləm,

Gedərəm, yenə gəlləm.

Bir dəfə üzün görsəm,

İmana, dinə gəlləm!

C.Rumi Şəms Təbrizini görüncə onun üzünə necə vurulduğunu belə bəyan eyləyirdi:

"Sənin üzünü görüb məst oldum, namaz vaxtı sənin üzünü özüm üçün qibləyə çevirdim.”

Sarı Aşığın nəzərincə nurlu üz elə incə, elə bir zərif gövhərdir ki! Milçəyə yalvarır ki, qanadını tərpətmə, yoxsa üz üşüyər?!

Mən aşığam, üzü şur,

Sonam göldə üzüşür.

Milçək, qanad tərpətmə,

Tel tərpənər, üz üşür...

Övliyalar haqda İbn Kəsir Abbasdan bir hədis rəvayət olunur:”Allahın Rəsulu buyurdu: "Allahın bəndələri arasında bəndələr var ki, onlara peyğəmbərlər və şəhidlər qibtə edərlər. Dedilər ki, Ya Rəsulillah, kimlərdir onlar, ta biz də sevək onları.

Buyurdu:-Onların üzləri nurlu minbərlər üzərində nurdur!”

Babam Seyidoğlu Rəhim üzü nurlu el ağsaqqalarından biriydi. Onu xatırlayanlar deyirdilər:”Haradadı indi Seyidoğlu Rəhim kimi kişilər? Onların üzünü görəndə ac qarınlar doyardı!”


***


"Cövşəni-Kəbir duası”nda deyilir: "Ey o Kəs ki, Sənin vəchindən (üzündən) başqa bütün varlıqlar hamısı məhv olur.”

Bu duadan çıxan nəticə budur ki, Allahın Camalı, Üzü əbədidir.

Allahın Camalının-Üzünün baqi qalacağını Nəimi "Cavidannamə”sində qeyd etmiş, bunu Heyrəti adlı şair də təsdiq etmişdir: "Haman baqi qalan vəchundür ancaq.”

"Onun zatı əbədidir.”

Quranın "Rəhman” surəsində əks olunmuş bu hökmü bir çox sufilər başqa cür mənalandırıblar, zənn ediblər ki, bu, "Onun Üzü əbədidir” deməkdir.

Nəsiminin də dediyinə inanmalı olsaq, onda görəcəyik ki. "Qeyr oldu həlak. Vəch (üz) qaldı.”

İşraqilik fəlsəfəsinin banisi Şihabəddin Sührəverdi "Mücərrəd İşığı” (işıqlar işığını) "İlkin səbəb”, "birinci yaradıcı işıq” , "Şeyx, "Camal” adlandıranda çox güman ki, həmin vəchi (Nurlar Nurunu) nəzərdə tuturmuş.

Y.İmrənin "Peyğəmbərin meracı” şeirində son misralar da Onun Cəmalına işarədir:

Keçərkən fələkləri,

Səs gəldi ki, gəl bəri!

"Qaldırın pərdələri,

Dayan, Camalına bax!”

Hər sahədə olduğu kimi üz də iki cürdür:

Mütləq və Nisbi.

Mütləq-Onunkudu.

Nisbi-İnsanınkı!

Əslində isə, Nəsimiyə görə iki üz bir üzdür.

"Bir kişi ki, qəbləl-mövtü bilmədi,ol nə bilsin Can ilə canan nədir?”

Qəbləl-mövt bir üz deməkdir.

Məhz səcdəyə belə üz layiqdir!

Güney Azərbaycanın məşhur şairi Bulud Qaraçorlu (Səhənd) "Nəsimi Azərbaycan dilində yaranmış poeziyanın atasıdır” adlı məqaləsində hürufiliyi yüksək qiymətləndirib, qeyd edib ki, "Azad düşüncəli hürufilər mövcud və mövhum bütlərə sitayişini rədd edərək insana,İnsanın Camal Və Kamalına pərəstiş edirdilər.”

Sən demə, Kamalın da Camalı varmış! "Kamal, sən bir Günəşsən ki, Camalından şəfəq parlar.” (S.Vurğun)

Və təsadüfü deyil ki, qədim türklər Günəşi də Tanrısifət hesab edirdilər.


***


Haqqın Camalını özündən keçməyi bacaranlar, ölmədən ön ölənlər görə bilərmiş.

"Özümdən keçib Camal gördüm” deyən Əhməd Yəsəvi kimi!

Və doğrudan da:

Qeyri-üzə necə bakar,

Haqq Camalın görən kişi!

Yunus İmrə kimi!

Haqqı, ən gözəl Camalı görmək istəyənlərdən və "görənlərdən” biri də Xaqaniydi!

Əgər qonaq olsan Camalə bir an,

İtmiş həyatını geri alarsan!

"Cəmadatda ölüb nəbatat oldum.

Nəbadatda ölüb heyvanatda dirildim.

Heyvanatda ölüb Adəm oldum...

...Hər şey məhv olacaq Onun üzündən başqa!”

Baxın, Mövlana da Allahın üzündən (üzü olduğundan!) danışıb.

Necə?! Allahın üzümü var ki?-deyə çoxları zaman-zaman əndişələniblər və indi də əndişələnənlər az deyil.

Yəqin ki, Mikelancelonun "Sikstin kapellası” adlı rəsm əsərini görmüsünüz.

O rəsmdə Allah sağ əlini (və şəadət barmağını) Adəmə doğru uzatdığı halda təsvir edilmişdir.

Necə?! Allahın əlimi var ki?!

Yenə eyni əndişə, eyni sual!

Təəssüf ki, bunun məcazi anlamda olduğu yaddan çıxarılır.

Quşların Xəlifəsi –Simurq quşu hesab olunur, bir çox rəsmlərdə insan üzlü təsvir olunmuşdur.

Xətayinin ulu babası Şeyx Səfiəddin gənc yaşlarında ekstaz vəziyyətində olanda ruh adamlarının simvolu olan insan sifətli (üzlü) quşlar görərmiş.

Sultan Məhəmmədin peyğəmbərimizin meracına dair məşhur minüatüründə Allahın elçisini aparan minik (heyvan) insan üzlüdür-qadın başlıdı.

Orda təsvir olunmuş mələklər də insan üzlüdürlər.

Bəs buna nə deyirsiniz?!

Murad Adcinin "Türk və dünya: munis dünyamız” kitabında şəkli verilmiş qıpçaq atlılarını da başları üzərində durmuş İnsan üzlü Səma mələyi müşaiyət etdiyi görünür...

Belə şeylərə inanmayanlara Fizulinin bir sözüylə cavab vermək istərdim: "Sənin bəsirətin olmadığı üçün hüsnün də nə olduğunu bilmirsən.”

Bəsirətli adam kimdir?

İnsanın üzündə Allahı (Haqq Nurunu) görən! "Cahanda nə sirr varsa, o Üzdə peyda olub”. O Üzdən peyda olub, deyənlər də doğru deyiblər.

Bir daha Ş.Sührəverdiyə qulaq kəsilməli olacağıq: "Bütün dünya Tanrı Nurunun işığından ibarətdir.Ağılda elə bir güc yoxdur ki, o Üzün (Allah Camalının ) nurunu görə bilsin. Bunun üçün başqa bir göz (bəsirət gözü) axtarmaq lazımdır. Zahir əhli-adi adamlar dünyada görünən şeylərdən başqa bir şey görməzlər.”

Mahmud Şəbüstəri də hər bir zərrənin pərdəsi altında Cananın (Allahın) canlar bağışlayan gözəl üzünü gördüyündən danışır, bunu görməyəni əsl sufi saymırdı...

***

Haqq üzdən görünür.

Sufilər üzə ariz deyirdilər. Ariz Haqqın təzahür etdiyi, göründüyü yer anlamındadır.

Deyirlər, Qədərə inanmamaq da Qədərdənmiş. N.F.Qısakürək də bu Qədəri(təcəliyyatı) görmüşdü. Allahın "Üzümdə cizgi-cizgi imzası Qədər imiş” yazmışdı.

S.Vurğunun "Hörmüz və Əhrimən” əsərində Tale pərisi Tanrı simalı gözəl bir qocaya üz tutub sual edir:

Tanrının hüsnünü gördüm

Camalında sənin,

Söylə, kimsən babacan?!

Ə.Nəvai insanın sağ və sol üzünü ekiztayı günəş adlandırmışdı:

Haqq nə deyir? Camal birdir,

Bunlar ekiz günəşlərdir.

Şəms Təbrizi bu haqda daha doğru-dürüst nəticəyə gəlmişdi:”Dünyanın yaradılışından məqsəd üzlərini bir-birinə söykəyən iki sevgilinin həvavü-həvəsdən uzaq, yalnız Allah yolunda birləşmələridir.”

Şəms Təbrizi dediyi kimi olsa nə vardı ki! Yoxsa O.Süleymanov təəsüf hissiylə yazardımı ki: "İnsan sifəti nə burundur, nə də ki, qulaq. O, hisslərdən ibarət deyil.Səni çoxsaylı görüşlərdən tanıyıram.Gecələr gecə, gündüzlər gün adamısan.

Sən hələ sifətini tapmamısan.Səni bütövləşdirən sifəti.”

Yəni Üzü!


***


Üz qorunmalıdır!

Abır kimi, həya kimi!

Nədir abır-həya?

Üz suyu! Üz Nuru! Haqq Nuru!


Həzrət Əli deyərdi: ”üzün suyu(abır) donmuş vəziyyətdədir. Ancaq bir şeyi istəyən kimi əriyir və damla-damla süzülür.” Burda söhbət əlbəttə ki, nəfsani istəkdən gedir. El arasında üzündə su olmayana baxanda sanırsan ki, bu adamın üzünü qaramat basıb.Bir adam həddini aşanda həyasızlıq edəndə nə deyirlər:

"Bəsdi, abrın olsun, üzümüzün suyunu tökmə bu qədər!” Üz var, üz qarasıdır. "Su hər şeyi təmizlər, yalnız üz qarasını təmizləməz.” (Atalar sözü) Demək belə çıxır ki, üzü üz edən üz suyuymuş.O su töküldümü insan insanlığını itirirmiş.Ondan hansı pis iş desən gözləmək olar.

N.F.Qısakürək həbsxanada yazdığı bir kitabında "Bir dəfə zindanın ən pis yerinə atdılar məni, gülümsədim,-deyir. Düşünün, mənim bu gülümsəməm nə deməkdir? Üzümdə bir bıçaq yarası!” Yox!- deyərdim, əziz ustad! Bu, həm də ömründə bircə dəfə gülümsəmək istəyən bəşərin üzündəki bıçaq yarasıdır.

Əslində öz üzünü qoruya bilməyənlər heç nəyi qoruya bilmirlər. Üz doğmalığını itirən yadlaşır, öz-özünə xəyanət etmiş olur.

R.Həmzətov xatırlayirdı:” 1934-cü ildə atam Moskvaya yazıçıların I qurultayına getmişdi. Orda kişinin saqqalını qırxmışdılar. Atam güzgüdə yad bir üzü görəndə qışqırıb, əli ilə sifətini örtüb, çölə qaçıb, qurultaya gəlməyib. Heç adamların gözlərinə görünməyib də! Mən öz üzümə xəyanət edə bilmərəm” deyib.

Bir gün bu dünyadan biz də gedəcəyik. Gərək yaxşı yaşamağa üzümüz olmalı olduğu kimi, yaxşı ölməyə də yaxşı üzümüz olsun!

Onçün Hacı Bektaş Vəli deyirmiş ki, " Üzündə Haqqın Nuru olan Cənnətdədir.”

***

...Üzündə nur, Haqqın Huruna- Camalına səcdə edənləri-Tanrı Nurunun dəlili olan övliyaları yada saldıqca adamın üzünə nur gəlir.

Və bu Nurda (Nur içində) C.Ruminin dediyi kimi, baxıb görürsən ki:

Biri üzünü Yara doğru tutub,

Birinin üzü isə Yarın üzüdür!


***


Biz evlərimizi karton üzlü kitablarla doldurmuşuq; İçində bir dənə də "Üz kitabı” yoxdur! Hər birini də ha bəzəyirlər, bəzəsinlər, ha işıldadırlar, işıldatsınlar, üz kitabındakı Nurun, İşığın yerini vermir ki, vermir.!

Bax faciə budur!

"Gülşəni-raz” adlı məşhur traktatın müəllifi M.Şəbüstəri öz camalını Haqq Camalında seyr edənlərdən olub. Etiraf etməyi özünə borc bilib ki:”Xarabat Onun dodağından abad olmuş, məscidlər onun üzünün nurundan dolmuşdur.Mənə dedi ki, ey ikiüzlü dəli, yarım saat mənim üzümə baxmaq minlərcə ilin ibadətinə dəyər...

Xülasə, o aləmləri bəzəyən Camal məni başdan-başa mənə göstərdi.”

Nəsiminin "Canımı ixlas ilə Canana yetirdim, düşmənlərimi bu yol ilə cana yetirdim” beytini təhlil edəndə aydın olur ki, hər adam ixlas sahibi ola bilməzmiş.İxlas sahibinin Allah-Təala bəsirət gözünü açır, ona qeyri-adi bacarıqlar bəxş edir, öz camalının nurundan əta edir.

Beləliklə mürşidlər, Övliyalar, Pirlər adlanan ixlas sahibləri başqalarının bilmədiyini bilirlər, görmədiyini görürlər. Bir sözlə, "Allahını tanıyana heç nə gizli qalmır.”(V,Qərani)


***


Camal Hüsn (üz gözəlliyi) Haqqın lütf və ehsanı ilə təcəllisidir.Allah mömin qullarına öz Camalını göstərməyi Qiyamət günündə lütf edəcəkdir.C.Rumi uyumaq istəyirniş ki, bəlkə onun üzünü görsün...

Məşhur sufilərdən biri Şibli Mənsur Həllac dara çəkiləndə dözməyib dedi: "İlahi, sevənləri nə vaxtadək öldürəcəksən?”

Allah-Təala buyurdu:

"Qanbahası tapana qədər.”

Dedim:”Ya Rəbb, sənin qan bahan nədir?”

Buyurdu:”Mənim görüşüm Camalımı sevənlərin qanbahasıdır.”


***


Aşiqin vüsalı- Allahın vəd etdiyi həmin görüşdür.-

-Camalullahdır!

Əgər nəfsini yenməyə çalışsan, Allahın Camalını (Nurlar Nurunu) görə biləcəksən.

"Hak şəhəri” deyilən həqiqətin 7 qapısını keçdikdən sonra sənə "Qurtuldun, gir, Dost üzünü gör!” derlər.

Bu Y.İmrənin gəldiyi qənaətdir.

Bəlkə möminlər üçün elə cənnətə getmək, cənnəti görmək (səbr etmək) Allahın camalını görmək (Seyr etmək) kimi bir şeymiş?!

Bu fikri peyğəmbərimizin Həzrət Əliyə dediyi bir düa da təsdiq etmirmi?

Bir gün peyğəmbərimiz dedi:

"Ya Əli! İstəyirsənmi sənə Cənnətə getməyə bərabər bir dua öyrədim?

Öyrət!-dedi Allahın aslanı və aşağıdakı duanı eşitdi:

"Lə hövlə və lə qüvvətə illa-billahül Əlüyyül-Əzim!” ("Böyük və Əzəmətli Allaha ümid bağlamaqdan böyük qüvvə yoxdur!”


***


Bəli, buna hamı əmindir: ” Allahın lütfünü qazanan, üzü Nurlu adamlar cənnətlikdirlər. Əbədi ömrü bulmaq Allahın liqasını (Camalını) görməklə mümkündür...

Üzü Nurlu adamlar üzləri nurlandırır, işıqlandırırlar.

Üzü Nurlu adamlar Haq Nuruna bağlı olurlar, üzü Məna sanırlar, üzə "Məna” deyirlər.

Elə məqama çatırlar (çatdırılırlar ki, özləri də Nura, İşığa çevrilirlər.)

İsa Muğanna həngi "İşıq mənim qardaşımdır” deyirlər.

M.Hadi isə təkcə özünün üzünün Nurlu, işıqlı olmasını istəmirdi. İstəyirdi ki, millətimiz başdan-başa Nura, işığa, bələnsin "Millətim işıq olsun!” deyirdi.

...Bir kor varmış.Həmişə öz korluğuyla öyünürmüş, deyirmiş ki, yaxşı ki, Allah mənə nəhs üzləri görməyi qismət etmədi.

H.Arifin də nəhs üzləri görməyə gözü yoxmuş:” Üz olmaq istəsən iki yox, bir ol, Astarı yeyilmiş üzə bənzəmə!”

Deməli, üzün də astarı, üzü varmış!


P.S. Üzü Nurlu olmayanlar Allahın üzünü görməyirlər.

Görməzlər də!

Görməyəcəklər də!

M.Füzuliyə görə, kim üzə, zehnə, Camala qabildirsə zatı kamildir.

Bu düşüncələr və mənim dediyim fikirlər doğrumu, yanlışmı? Mən nə bilim.

Doğrusunu Allah bilir.

Allah günahlarımızı Muhəmməd peyğəmbərin üzü suyu hörmətinə bağışlasın!



552 oxunub

InvestAZ