XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



Bir əsrin iki Şəfiqəsi, Yaxud: Gözlərimin işığı sənsən...
MƏDƏNİYYƏT 11:18 / 24.07.2020

Hər günün öz rəngi olduğu kimi Günəşin də rəngləri var; məsələn, sentyabr ayının ikinci yarısı Günəşin müdriklik rəngidir. Sənətin də müdriklik rəngi var, lakin o, ayrı-ayrı rəngə yox, rənglər çalarına – göy qurşağına bənzəyir. Eynən bir əsrin iki eyniadlı korifeyləri kimi...

Haqqında bəhs etmək istədiyim sənətkarlar Azərbaycan Respublikasının xalq artisti, əməkdar incəsənət xadimi musiqiçi Şəfiqə, Azərbaycan Respublikasının xalq artisti, SSRİ dövlət mükafatı laureatı aktrisa Şəfiqədir: Axundova və Məmmədova.

Adətən, böyük sənətkarlar haqqında danışanda insanın ürəyi dağa dönür, amma mən bu dəfə "Həsrətindən” mahnısının melanxolik sədaları altında göz yaşlarıma sahib çıxmağı bacarmıram. Musiqi lazer şüası kimidir, nə qədər örtülü yaralar varsa, bir göz qırpımında qaysağını qoparır. Min il bundan əvvəl baş vermiş hadisəni min il sonra eyni təsirlə oyadır.

Şəfiqə Axundovanı dinləyək:

– «Sənsiz səninlə» yaşayıb

Canlı-canlı «Röya» gördüm.

«İlk xatirələr» «Nə gözəl»...

«Həsrətindən» ölə-ölə

«Sevgi ölmür» söylədim ki,

bizdən sonra deməsinlər:

«Bu ayrılıq nədən oldu?»

"Bəstəkar dünyanın daxili mahiyyətini açır və onu ağlın başa düşmədiyi dərin müdrik dillə ifa edir, eynən somnambulun maqnetizm vəziyyətində verdiyi açıqlamalar kimi, hansılar ki, həqiqətdə onlar haqqında heç nə bilmir. [1,s. 488]

Melodiya ilhamdır, istisi də gözəldir, soyuğu da; bəstəkarın ən dərin hisslərinin sayəsində aşkara çıxır. Leybnits ona "nəyi hesabladığını bilməyən ruhun riyazi çalışması” tərifini verir. Şəfiqə Axundova üçün isə mahnı, özünün təbirincə desək, "el-obadan qalan xatirələr, əsl insaniliyi yaşadandır”: "Əgər mahnı insani ləyaqətlərin xeyrinə olan ruhda bəstələnmirsə, belə bir nəğməni yaratmağın nə mənası var?” [2] Ya da:

Çox «Lay-lay» çaldım torpağa, «Sular qızı»,

o yan «Sahil çıraqları», bu yan «Şəki»,

«Gəl, ey səhər», «Ötür illər»,

«Zəfər marşı» bəstələyək:

«Çinar və mən»...

Göründüyü kimi Şəfiqə Axundova bəşəriyyətin qarşısına "Ölüm, ya olum?” dilemması ilə çıxır. O, insani ləyaqətlərə xidmət etməyən heç nəyə "hə” demir. Xanım bəstəçinin ilahi nəğmələri insan ruhuna divan tutur, onu vicdanı ilə üz-üzə gətirib mənəvi hesabat məqamına çatdırır ki, dünyanın zahiri görkəmi gözdən düşür, hər kəsi öz mahiyyətinin simvolik daşıyıcısına çevrilir.

Klassik musiqi bir xalqın musiqi tarixinin yekunundan ibarət olan not əsəridir. Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələrindən sayılan Şəfiqə xanım hansı janrda yazır-yazsın, xalq dilində, zəngin tarixi olan ölkəsinin ənənəvi sənət dilində bəstələyir. O, gah Kəlbəcər dağlarına müraciət edir, gah da bayram rəqsi oynamaqdan ötrü arzuların zirvəsinə üz tutur:

"Yanına dönəcəyəm”, ey "Kəlbəcər dağları”,

"Yollarında qaldı gözüm”, bir az dözüm,

bir az "Həyat eşqi” gərək”

"Bayram rəqsi” oynamağa "Arzular”ın zirvəsində...

Bəstəkarın böyüklüyü ondadır ki, bəstələdiyi mahnılar həmişə aktualdır; həm keçmişdən, gələcəkdən, həm bu gündən xəbər verir. Nəğmələrin adlarını ardıcıl düzməklə yaratdığımız şeir çələngləri, əslində, bir bəstəçi qadının, bir qayğıkeş ananın vətənpərvər ideyalarının təcəssüm səhnələridir:

"Ləpələrin pıçıltısı” "Hədiyyə”mdir,

"İntizar”dır "Sənin nəğmən”!

"İgid əsgər”, "Gün” gələcək,

"Çayçı qızlar” dəstə-dəstə

oxuyacaq qələbədən...

Musiqi təbiətin səslər şəklində özünüifadəsidir; qayalardan süzüb keçən, ətrafı şırıltısı ilə öz hökmünə tabe edən su kimidir. Əgər ecazkar səs sənəti təbiətin özüdürsə, deməli musiqi yaradandır, bəstəkar isə yaradanın yaradanı.

Davamçısı olduğu Üzeyir məktəbilə həmişə fəxr edən Şəfiqə Axundovanın "özüm üçün çox az yaşadım, bütün ömrümü sənətə, yaradıcılığa həsr etdim” – deyə səslənən etirafını eşidəndə [2] Günəşin doğması, ulduzun axması, durnanın uçması, buludun dolması, günahın savabla yuyulması – bütün təbiət hadisələri hərəsi bir nəğmənin fonunda göz önündən ötüb keçir. Dinləyici bəstələr labrintinə düşür:

"İlk baharım” dönsə əgər,

"Doğma məktəb” yollarında "Müəllim”im: – "Qızım”,

"Həyat nəğmədir” ki, "Neyçün gəlməz?” oxusa da,

"İlhamını alar aşiq”;

"Anam üçün darıxmışam” deyə-deyə

"Çiçək” kimi solar aşiq...

Əsl musiqiyə qulaq asmağı hamı xoşlayır, lakin hər kəs öz zövqünə görə ondan bəhrələnir. Şəfiqə xanım bəstələdiyi mahnıları yüksək fitrətin təsirilə ərsəyə gətirsə də, mövzuları həyatdan götürür. Onun "xoşbəxtlik hormonu” yaradan həzin-həzin nəğmələri insanda yaşamaq, yenə də yaşamaq(!) hissini gücləndirir:

Dedim: – "Həyat, nə şirinsən?”,

Dedi: – "Könül mahnısı” çal, ürək vursun!

Dedim: – "Qadın əlləri”dir, tez yorular,

Dedi: – Gəl, "Mehriban olaq”, zaman dursun!

Nə vaxt, harada, hansı məqamda olur-olsun, fərqi yoxdur, "Həsrətindən” mahnısının sədalarını eşitsəm, əməliyyat ərəfəsində morfin istifadəsi tətbiq olunmuş xəstə kimi öz-özümə sayıqlayıram: "Bu, mənim həyatımın musiqisidir”. Ona görə ki, Şəfiqə Axundova hadisələr qarışığından saf maddəni ayırmağı ustalıqla bacarır; onların özlərindən yox, xalis tutumundan istifadə edir. Bu anlarda musiqinin sirri haqqında nəsə anlayır, ya anlamırıq, məlum olmur, lakin onun möcüzəvi səs axınına qoşulanda əsrlərin əntiq ənənəsinin sərhədlərinə qovuşmağımızın fərqindəyik . Axı hər cür gözəllik mövcudiyyatın sirrində gizlənib:

"Ana torpaq” ömür yolum,

"Gözəl oğlan”, "Dəniz qızı” yol yoldaşım,

"Bu dünyanı düşün!” adlı tezislərdən çox uzağam...

Ey "Cahanda” "Xoş rəng” çağlı tək "Səadət!”,

"Nə sehr var səndə” axı?!

Leybnitsin yuxarıda qeyd etdiyimiz fikrinə Şopenhauer başqa "quruluş” verərək belə

[1, s. 496] yazır: "Musiqi filosofluq etdiyini bilmədən ruhun şüursuz metafizik çalışmasıdır”. Göründüyü kimi, musiqi metafizikasının ilk, bəlkə də yeganə yaradıcısı Şopenhauer bəstəkar yaradıcılığını ideyalar aləminin dərkilə eyniləşdiri.

Musiqi tənhalığın elə bir növüdür ki, insanın əli hər yerdən üzüləndə ona sığınıb sanki nicar tapır. Şəfiqə Axundovanın nəğmələri tənhalığın zirvəsində qərar tutur və əlaqə qurduğu bütün insanları davamlı olaraq həmin yüksəkliyi fəth etməyə səsləyir.

Şəfiqə Məmmədovanın oynadığı rollar, çəkildiyi filmlər çox olsa da, mən onu uzun illər bundan əvvəl televiziya ekranından seyr etdiyim "Dəli yığıncağı” tamaşasından tanıyıram: "Yox, Fazil dadaş, sən özün dəlisən, onun üçün belə danışırsan”. Çırıq-cırıq olmuş libası, görkəmsiz üst-başı ilə "məğlub” dünyanın ziddiyyətlərini qabarıq formada əks etdirən Şəfiqə, qadın dühası ilə hadisələri idrakın üst qatından izləməyi yaxşı bacarır. O, adı çəkilən tamaşada təkcə Sonanı oynamır, yazıq davranış, mahiyyətə zidd pərdənin arxasında təbiətinə sadiq qüvvələrin ənənəvi şər rolunu da məharətlə ifşa edir.

Pyes canlı əsərdir; onun canı səhnədir. Səhnədə oynanılmayan dram əsərləri yarımçıq qalır. Hər hansı səhnə əsərinin uğur böcəyi rejissor və aktyor heyətinin əlindədir. Bu mənada "Dəli yığıncağı” tamaşasına baxanda insana belə gəlir ki, əsər ancaq pırpız Sona obrazından ibarətdir və bütün hadisələr sanki onun ətrafında cərəyan edir. Oyunçunun bu üstünlüyü ifa etdiyi rola yox, bəşəriyyətin uyğun problemini düzgün işıqlandırmaq qabiliyyətinə görədir.

Şəfiqə nə canlandırırsa, canlandırsın, öz işini iki istiqamətdə qurur. Əgər mənfi obraz yaradacaqsa, onu müsbətlə simvolizə edilmiş şəkildə ortaya çıxarır. Daha doğrusu, obrazı elə kamilliklə ifadə edir ki, onun ötürücülük bacarığına heyran olan tamaşaçı iştirakçının kimliyini unudur.

"Dəli yığıncağı” tamaşası "üzü örtülü, qısa ətəkli” surətlərin timsalında gerçək dünyanın əsl simasını təsvir etməyə çalışırkən, Şəfiqə qaranlıq məqamların aydınlaşması üçün təvasil rolunu oynayır. O, rəvan səs tembri, aydın üz cizgiləri, tamamlayıcı əl-qol hərəkətləri, həssas səs duyumu, ahəngdar ritmi, mənfi rolarda belə diqqətə hakim kəsilən nəcib davranışı ilə obrazı səciyyəvi xüsusiyyətlər məcmuusuna çevirir. Pırpız Sona bəlkə də fenomen aktrisanın yaradıcılıq zirvəsidir. Çünki bu əsərdə ayrı-ayrı hadisələrin təzahürünü deyil, təzahür olunan ayrı-ayrı hadisələrin eynimənşəli təbiətini ifadə edir Şəfiqə xanım...

Teatr həyat məktəbidir, aktyorlar müəllim heyəti. O, sənətin başqa növlərinə bənzəmir, səhnədə obrazlar canlıdır və istənilən hadisə kollektiv idarə olunur. Bu kollektiv idarəetmədə hər aktyorun öz rolu olduğu kimi hər əsər də özünəməxsus səciyyəsilə seçilir. Lakin elə qüdrətli sənətkarlar var ki, epizodik rollarda belə tamaşaçının diqqətini oğurlaya bilirlər. Səbəb isə intiusiyadır, hadisəyə bədahətən qarşılıq vermək bacarığıdır ki, Şəfiqə Məmmədovanın yaratdığı canlı obrazlar məhz bu kimi keyfiyyətlərinə görə əbədiyyət yolunun yolçularına çevrilirlər.

V. Şeksprin "Hamlet” əsərində haqqında psixoloji cəhətdən mürəkkəb rol kimi bəhs edilən Gertrudanı oynayanda xanım sənətkarın cəmi iyirmi üç yaşı varmış, amma işinin öhdəsindən artıqlaması ilə gəlmişdi.

Poeziya, nəsr, rəsm, heykəl canlı varlıqlar olmasalar da materiyadır. Lakin teatr sənətində müvafiq materiya olmur. O, musiqinin növlərindən birini xatırladır; musiqinin materiya hissəsini bəstəkarın notlar ardıcıllığı, çalğı alətləri və s. təşkil etdiyi kimi teatr sənətinin də materiyasını, istifadə olunan dekorasiyaları çıxmaq şərtilə, oynanılan əsərin mətni təşkil edir. Buna görə də teatr aktyorunun ən böyük uğuru tamaşaçı alqışından ibarətdir. Elə həmin səbəbdən də aktyor məntiqi mühakimənin deyil, hissi refleksiyanın sayəsində nüfuz qazanır. Necə ki, Şəfiqə Məmmədova oynadığı rolların əhatə dairəsinə görə yox, öz ideal subyektinin obyektivlik məqamlarına görə dahi aktyor adına imza atır.

Şəfiqə xanım müsahibələrinin birində deyir: "... Öz filimlərimə baxa bilmirəm. Bir tərəfdən xatirələr yada düşür, digər tərəfdən həmin rolu daha yaxşı, daha peşəkarcasına oynaya biləcəyim haqqında düşünürəm”. [3] Şərhə ehtiyac yoxdur. Dünyanı ideya və təzahürə ayırmağı bacaran istənilən sənətkar daima yüksəlməyə meyillidir; belələrini heç bir sıçrayış qane edə bilməz.

Qəribədir, L. Tolstoyun "Canlı meyit” tamaşasında Maşa, Ç. Aytmatovun "Ana torpağı” əsərində Cenşengülün arvadı, H. Cavidin "Xəyyam”ında Sevda, F. Şillerin "Məkr və məhəbbətin”ində Ledi Milford, O. Yucinin "Qızıl”ında Süzen, İ. Əfəndiyevin "Bağlardan gələn səs”ində Gülcan, "Mənim günahım”da Nurcahan, "Məhv olmuş gündəliklər”ində Anjel, B. Vahabzadənin "Yağışdan sonra” pyesində Nihal, C. Cabbarlının "Aydın”ında Gültəkin və s. və i. onlarla kinofilimdə özünə rol almış Şəfiqə Məmmədova "hələki özü istədiyi, sevib-seçdiyi rola rast gəlməyib”. [3]

Görkəmli aktyor özünün sənət zirvəsindən kainata nəzər salanda sanki onu ovcunun içində imiş kimi təsəvvürünə gətirib gerçək dünya ilə gerçəküstü dünyanın sərhədlərini ayırd etmək üçün dahi qadın obrazının yaradılmasına ehtiyac hiss edir. Hörmətli xanım, özünün də qeyd etdiyi kimi, potensial imkanlarına uyğun rollarda çəkilməyi arzulayır. Görünür, onun ifa etdiyi obrazlar idrakın zaman, məkan və səbəbiyyət kimi quruluşundan həmin hadisələrin dərk olunmuş şəkildə qavrayışına keçid etməyi bacarmayıblar. Elə bu səbəbdən də Şəfiqə Məmmədova aktyorluq sənətini erkən yaşlarında tərk etmişdir. Axı o, "baş filimlərin birində oynamaq üçün baş qadın obrazı gözləyir”. [3] Əvəzsiz sənətkar baş qadın obrazı deyəndə təkcə qəhrəman qadın rolunu nəzərdə tutmur, həm öz zamanının, həm də dünyaya uşaq gətirdiyi üçün gələcək dövrün daşıyıcısı olan qadının böyük statusundan danışmaq istəyir.

S. S. Axundovun eyni adlı əsəri əsasında səhnələşdirilmiş qısametrajlı "Qaraca qız” filmində Şəfiqə xanım ana – Pəricahan rolunu ifa edir. Pəricahan obrazını Qaraca qızla davranışına görə tamaşaçı kütləsi sevmir. Buna baxmayaraq hamımız bilirik ki, övladına düzgün tərbiyə vermək istəyən istənilən valideyn onu təsadüfi tanış olduğu uşaqlardan qorumağa cəhd edir və Pəricahan xanımın meşədən tapılmış qaraçı qızına, film ağ dərili insanların qaradərililərə münasibətinin simvolik ifadəsi olsa belə, etibar etməməsi təbiidir. Bu və buna bənzəyən proseslərdə üstün zəka dərk olunmamış mərhəmət hissinə qalib gəlir. Şəfiqə Məmmədova bu mənada obraz qıtlığı yaşayır: "Hər bir obraz ssenarinin gücündən asılıdır. Obraz elə olmalıdır ki, mən onu yaratmağa razılıq [3] verim”.

Şəfiqə xanımın rəngarəng kino yaradıcılığı da sənətsevərlər üçün müstəsna əhəmiyyət kəsb edir. Onun "Dədə Qorqud”, "Bizim Cəbiş müəllim”, "Xoşbəxtlik qayğıları”, "İstintaq” və s. filmlərdə ifa etdiyi bir-birindən maraqlı obrazlar kifayət qədər zaman fasiləsinə baxmayaraq hafizələrdən silinmir.

Canlı səhnədə, yaxud kinoda gerçək dünyada baş verən və verəcək hadisələr tamaşaya qoyulur. Yazıçının, şairin, ssenaristin, rejissorun, aktyorun müvafiq oyunların təşkilində rolu dialoqların etik qaydalara uyğun tənzimlənməsi, yaxşı-pis əməllərin müqayisəli təcəssümü, insani dəyərlərin qabarıq şəkildə ön plana gətirilməsi, mənəviyyatın gücləndirilmiş intonasiya vasitəsilə işıqlandırılması və sairdən ibarətdir. Bu, həmin hadisələrdir ki, təşəkkülünü hər kəs dühaya, fərdiliyini yox etmiş idraka ehtiyac hiss etmədən şəxsi dərrakəsinə, duyma qabiliyyətinə görə mənimsəyir. Lakin istisnayi hallarda olsa da, elə əsərlər var ki, təhkiyəsini təşkil edən hadisələrin mahiyyətini adi idrakla qavramaq mümkün deyil. Məsələn, sərtqabıqlı meyvələrin öz bəhərlərilə münasibəti belədir; anlayış dərəcəsinin fərqliliyinə baxmayaraq kənardan onları hamı görür, lakin meyvəni görməkdən ötrü qabığı sındırmaq lazımdır. Bax, Şəfiqə Məmmədova da mahiyyətin qabığını sındırmış sənətçilərdəndir; o, obraz yaratmaqdan ötrü dühanın ötürdüyü əbədi ideyaların sorağındadır.

Bu gün qorxunc virisların dünyanı çənginə aldığı, gələcəyə ümidin heçə qədər azaldığı bir vaxtda Azərbaycanın iki dahi QADIN(!) sənətkarından bəhs etmək özüm üçün də çox gözlənilməz hadisə oldu.

Nə zaman dənizi sahilindən seyr edirəmsə, düşünürəm: "Dərya limanı sevməyə bilər, amma liman dəryanı necə sevməsin?! Axı dərya olmasa, liman da olmayacaq”. – Bəs dahilik?

O ki, dəryada inci kimidir, limandan görünməz...

Mənbə:

1. «Мир как воля и представление»; А. Шопенгауэр: АСТ; Москва; 2020, ст. 488, 496

2. anl.az/down/meqale/kaspi_az/2013/iyul/320109.htm

3. https://teleqraf.com/news/art/92419.html


Göyərçin Kərimi

AYB-nin üzvü

şair-publisist


655 oxunub

InvestAZ