XƏBƏR LENTİ
13 Avqust 2020
12 Avqust 2020
11 Avqust 2020



Taleyini “xalq düşməni”nin qızı ilə bağlayan jurnalist - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 11:12 / 22.07.2020

Əməkdar mədəniyyət işçisi, peşəkar jurnalist, alim, şair, pedaqoq Məmmədağa Sultanovun anadan olmasının 110 illiyi milli mətbuatımızn 145 illiyinə təsadüf etdiyindən onun xatirəsini yad etməyi özümüzə mənəvi borc bildik. Jurnalistik fəaliyyətə ötən əsrin iyirminci illərinin sonunda başlayan Məmmədağa müəllim Azərbaycanın bir neçə rayonunda mətbuat sahəsində çalışmışdı.

Məmmədağa Sultanov 1910-cu ildə Cənubi Azərbaycanın ən böyük elm və mədəniyyət mərkəzlərindən biri sayılan Ərdəbil şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini mədrəsədə fars dilində alan M.Sultanov 1921-ci ildə ailəsi ilə birlikdə Bakıya köçərək sənət məktəbində təhsilini davam etdirmiş, görkəmli Azərbaycan yazıçısı və pedaqoqu Seyid Hüseynin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvlərindən biri olmuşdur. Onun "Sənət məktəbi” adlı ilk şeiri 1926-cı ildə "Gənc işçi” qəzetində işıq üzü görmüşdü. Sonralar "Hücum” ədəbiyyat məcmuəsində fəhlə-yazıçı kimi əməkdaşlıq edən M. Sultanov 1932-ci ildə həmin məcmuənin məsul katibi vəzifəsinə irəli çəkilmiş, "Gənc işçi" qəzetinin məsul katibi (1936-1937), "Kommunist" qəzeti redaksiyasında elm və mədəniyyət şöbəsinin müdiri (1937- 1938), mühəndis və təsərrüfatçıların ixtisasını artıran institutun dil və ədəbiyyat kafedrasının müdiri (1939), Azərbaycan Pedaqoji İnstitutunun aspirantı olmuş və müəllimi (1939- 1941) işləmişdir.

...Mənim Məmmədağa müəllimlə tanışlığımın qəribə tarixçəsi var. Jurnalistika fakültəsinin son kursunda "Rayon qəzetinin nəşri tarixi” barədəki diplom işimlə əlaqədar arxiv sənədlərini araşdırırdım. Öyrəndim ki, 1933-cü ildə MTS-lərdə siyasi şöbə yaradılanda Kürdəmirdə "Bolşevik” qəzetinin redaktoru vəzifəsində çalışan Məmmədağa Sultanov həmin şöbələrin (yəni, MTS-lərin) rayon partiya komitələri ilə birləşdiyi vaxtlarda (1935-ci ildə) Masallıya – yəni bizim rayonda çıxan"Yeni həyat” qəzetinə redaktor göndərilib. (Qəzetin ilk sayı 31 may 1932-ci ildə işıq üzü görmüşdür ) Diplom müdafiəsi ilə bağlı ilkin söhbətlərin birində müəllimlərim Qulu Xəlilov, Famil Mehdi, Seyfulla Əliyev, Nurəddin Babayev, dövlət imtahan komissiyasının üzvləri Hacı Hacıyev, Nəsir İmanquliyev və başqaları rayon qəzetinə M.Soltan imzasıyla redaktorluq etmiş Məmmədağa müəllimin adını eşidəndə, mənə onunla görüşməyi məsləhət bildilər. Hətta o günəcən M.Sultanovu yaxşı tanımadığıma görə məni qınayanlar da oldu.

Bəy nəslinə mənsub olan ömür-gün ortağı Badisəbah xanımla M.Sultanov 1947-ci ildə ailə həyatı qurmuşdur. Badisəbah xanımın atası Mircavad bəy Talışxanov Rusiyada ali təhsil almışdır; bir neçə dil bilrdi. Masallıda sadə camaat tərəfindən sevilsə də, haqsız olaraq "xalq düşməni” kimi 37-ci ildə güllələnmişdir.

..."M.Soltan” imzası ilə klassik irsimizdən çevirmələrini həvəslə oxuduğum Məmmədağa müəllimlə 80-ci illərin ortalarındakı görüşlərim yaddaşımda silinməz izlər qoydu. O zaman Respublika Əlyazmalar Fondunun (indiki Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu) elmi ekspozisiya şöbəsinin müdiri vəzifəsində çalışan Məmmədağa müəllim elə gənclik həvəsi ilə yazıb-yaradır, tərcüməçilik fəaliyyətini davam etdirirdi.

İndi Fondda mühafizə olunan yazılı abidələr həm də Azərbaycanın kitab mədəniyətinin əsas bazasını təşkil edir. Fondun təşkilində, əlyazmaların toplanmasında, nəşrində, mətbuatda işıqlandırılmasında Məmmədağa müəllimin misilsiz xidmətləri olmuşdur. Uzun illər burada (26 il Əlyazmalar Fondunun direktoru vəzifəsində çalışmışdır) ədəbi abidələrin oxucu kütləsinə çatdırılması yolunda böyük bir missiyanı uğurla yerinə yetirən Məmmədağa Sultanov İkinci Dünya müharibəsi dövründə Zaqafqaziya cəbhəsi siyasi idarəsinin tərcüməçisi və siyasi təlimatçısı kimi Təbriz şəhərində (1941- 1942) çalışmışdır.

Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetində ədəbiyyat nəzəriyəsi, İran ədəbiyyatı tarixi və fars dilindən dərs demişdir. Eyni zamanda, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsinə müdiri vəsifəsində çalışmışdır.

Hələ müharibədən qabaq - 1939-cu ildə dahi Nizaminin 800 illik yubileyinə hazırlıq ərəfəsində M.Sultanov həm istedadlı şair, həm də fars dilnn gözəl bilicis kimi Səməd Vurğunun diqqətini cəlb etmişdir.

Onun yüksək tərcüməçilik bacarığını görən S.Vurğun, sonra Mehdi Hüseyn Məmmədağa Sultanova Azərbaycan klassiklərinin farsca yazılmış əsərlərini ana dilimizə nəzmən tərcümə etməyi tövsiyə etmişdilər. Şərqin müdrik söz ustası Sədi Şirazinin "Gülüstan”, bütün nəsillərdən olan oxucular üçün maraq doğuran "Kəlilə və Dimnə” əsərlərinin, "Mehr və Müştəri”nin poetik lövhələri onun səriştəli tərcümələrinin bəhrəsidir. N.Gəncəvinin "Xosrov və Şirin”, Əhvədi Marağayinin "Cami-cəm” əsərlərini, Məhsəti Gəncəvinin rübailərini redaktə və şərh edən Məmmədağa müəllim ciddi elmi təhlili ilə seçilən bir çox tədqiqatların müəllifidir. AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov çox haqlı olaraq mənəvi irsimizin təbliğində göstərdiyi xidmətlərinə görə Məmmədağa Sultanovu akademik səviyyəli alim adlandırır. Məmmədağa Sultanovun cəfakeş və yorulmaz tərcüməçi kimi Xaqani, Nizami, Füzuli, Əssar Təbrizi, Fələki Şirvani, Heyran xanım, Fatma xanım Kəminə, Abbasqulu ağa Bakıxanov kimi Azərbaycan Ədəbiyyatı klassiklərinin əsərləri ilə yanaşı, İran, tacik, hind klassik ədəbi abidələrinin ana dilimizdə səslənməsində böyük xidmətləri olmuşdur.

M. Sultanov "Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri işləyən zaman Azərbaycanın farsdilli klassiklərinin əsərlərini ana dilimizə tərcüməsinə çox qayğı və həssaslıqla yanaşırdı. bu işə təsadüfi adamları deyil, səriştəli sənətkarları cəlb edirdi. müəyyən səbəblərə görə Azərbaycanın görkəmli qəzəlxanı mətbuatdan uzaqlaşdırılmışdı. Məmmədağa müəllim Ə.Vahidin sənətkarlığına yaxşı bələd olduğundan Xaqaninin qəzəllərinin bir qisminin tərcüməsini ona tapşırmışdı.Heç yerdə işləmədiyindən ehtiyac içində olan Vahid bir gün Məmmədağa müəllimdən soruşur: - Xaqaninin kitabı nə vaxt çapdan çıxacaq?

Məmmədağa müəllim cavab verir ki, "Əliağa, Allah qoysa, şanı çıxana qədər kitab da çapdan çıxar.” Amma nədənsə kitabın nəşri xeyli yubanır. Günlərin bir günü Vahid narahat halda Məmmədağa müəllimin yanına gəlir və bədahətən deyir:

Xaqani deyirdim çıxacaq, şanı çıxınca,

Canım cıxacaqmış, demə, Xaqani çıxınca...

Bu xatirə həmin hadisənin iştirakçısı olmuş, vaxtılə "Azərbaycan müəllimi” qəzetində çalışan mərhum şair-publisist Cavad Cavadlının yaddaşından qələmə alınmışdır. Fars dilində yazıb-yaradan Azərbaycan klassikləri haqqında tədqiqatları, Xəqaniyə həsr etdiyi maraqlı monoqrafiyası, A.Bakıxanovun ədəbi və elmi yaradıcılığını geniş oxucu kütləsinə təqdim etməsi göstərir ki, M.Sultanov çoxşaxəli maraq dairəsinə və elmi fəaliyyətə malik alimlərdən biri olub.

Yaxın Şərq ölkələrinin bir sıra xalqları ilə ədəbi əlaqələrinə aid araşdırmalar apararaq Firdovsi, Sədi Şirazi, Əmir Xosrov Dəhləvi, Əlişir Nəvai və başqalarının Azərbaycan ədəbiyyatı ilə əlaqələri barədə bir sıra maraqlı məqalələrin müəllifi kimi tanınan M.Sultanov mətnşünaslıq sahəsində də əvəzsiz və yaddaqalan xidmətlər göstərmişdir. AMEA-nın Respublika Əlyazmalar Fondunda vaxtilə hazırladığı "Əlyazmalar kataloqu”nun birinci və ikinci cildləri Məmmədağa müəllimin rəhbərliyi ilə tərtib olunub, işıq üzü görmüşdür.

N.Tusi, İbn Sina, T. Fikrət kimi ədəbi simalar, eləcə də nadir əlyazmalar haqqında yazdığı elmi əsərləri M.Sultanovun şərqşünaslıq elminə töhfə verdiyidəyərli nümunələrdəndir. Klassik farsdilli poeziyamızın 20 mindən artıq beytini dilimizə çevirib nəşr etdirən Məmmədağa müəllimin ömrünün ahıl çağında son işlərindən biri Nizami ədəbi məktəbinin davamçısı, XIV əsrin görkəmli mütəfəkkir şairi Əssar Təbrizinin məşhur "Mehr və Müştəri” dastanının Əlyazmalar İnstitutunda saxlanılan ən nadir və mükəmməl nüsxədən - orijinaldan bədii tərcüməsidir. Dörd min beytlik bu əsər nəfis şəkildə tərtib olunmuş, kitaba miniatürçü rəssam Fəxrəddin Əliyevin çəkdiyi rəngli şəkillər daxil edilmişdir.

Əfqan şairlərinin əsərlərindən ibarət "Könül təranələri” və "Zəfər təranələri” adlı şeir topluları zəhmətkeş tərcüməçi-alim Məmmədağa Sultanovun təşəbbüsü və iştirakı ilə Azərbaycan oxucusuna ərməğan edilmişdir. "Əməkdar mədəniyyət işçisi” kimi fəxri ada layiq görülən, tərcüməçilik istedadı ilə ədəbi abidələrə əbədi həyat bəxş edən Məmmədağa Sultanov özü də möhtəşəm söz xəzinəsinin bələdçisi kimi daim xatirələrdə yaşayacaqdır.

Nurəddin ƏDİLOĞLU


3386 oxunub

InvestAZ