XƏBƏR LENTİ
04 Avqust 2020
03 Avqust 2020



Vətənpərvərliyin ən ali məqamı - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 11:50 / 16.07.2020

Cəbhə bölgəsi... Neçə illərdir ki, bu iki kəlmə özündə müharibə alovunu, alovsaçan mərmilərin, iriçaplı silahların atəşinə nişangah olan, şəhidlərin qanıyla suvarılan Vətən torpağnı göz önünə gətirir. Ən sıravi əsgərin də, yüksək çinli zabitin də şəhid olması xəbərini almaq çox ağırdır, üzüntülüdür. İllah ki, yaxından-uzaqdan özünü və doğmalarını tanıdığın, boy-buxunu ilə qürur duyduğun cəsur bir gəncin ölüm xəbərini eşidəsən. Xalq yazıçısı Anarın təbirincə desək, şəhidlik müqəddəsdir, amma hər halda balaları olan insanın həyatdan belə erkən getməsi insanın qəlbini çox göynədir.

Cəbhə bölgəsində Vətən naminə düşmənlə ölüm-dirim savaşı aparıb qəhərmancasına həlak olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru Anar Gülverdi oğlu Novruzov da iki övlad atası idi. Qəhrəman hərbçimizin nəşi Masallı rayonunda, doğulub boya-başa çatdığı Ərkivan qəsəbəsində torpağa tapşırıldı. Dəfn günü şəhid zabitə son etiramını bildirməyə gələnlərə pandemiya dövründəki davranış qaydalarına uyğun olaraq qoruyucu maskalar paylandı.

Qəsəbənin Abbaslı məhəlləsindən qəbiristanlığa gələn küçə çox izdihamlı görünürdü. İki həftə öncə Anar bu yolla əzizlərinin, bir də Seyid Sadıq ağanın məzarlarını ziyarət etməyə gəlmişdi.

İndi onunla vida mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Masallı rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, kənd sakinləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin ailə üzvləri iştirak edirdilər.

Şəhid zabitimizin məzarı önündə çıxış edənlər ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, mayor Anar Novruzovun keçdiyi döyüş yolundan danışdılar. Bildirildi ki, Vətən yolunda canından keçən Anar kimi vətənpərvər Azərbaycan oğullarının xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq.

Sonra şəhidin tabutuna bükülmüş Vətənin rəmzi olan Azərbaycan Bayrağı on yaşlı oğlu Nihada təhvil verildi. Şəhidin böyük qardaşı Sücəddin Novruzovu istər rayonda, istərsə də respublikada tanıyanlar çoxdur. Uzun müddət Dövlət Vergi Müfəttişliyində, Hesablama Palatasında peşəkar mütəxəssis kimi çalışıb. Bu gün onun üçün ikiqat ağırdır. Hamıdan tez-tez xahiş edir ki, pandemiya qaydalarına əməl etsinlər, maska vursunlar, əlcək taxsınlar, başsağlığına gələnlər imkan daxilində mərasimdə çox yubanmasınlar. Cib telofonuna gələn zənglərə təmkinlə cavab verən Hacı Sücəddin deyir ki, Vətən sağ olsun, mən bu gün əmin oldum ki, Anar təkcə mənim qardaşım yox, bütün elimizin-obamızın, vətənsevər Azərbaycan xalqımızın əziz qardaşıdır.

Şəhid zabitimizi yaxından tanıyanlar tanımayanlara onun qısa tərcümey-halını danışırdılar. Öz ölümü ilə ölməzlik qazanan mayor Anar Novruzov 25 il idi ki, Milli Orduda xidmət edirdi. Hərbi məktəbi bitirəndən sonra Türkiyədə mükəmməl peşə təlimləri keçmişdi. Bütün vətənpərvər zabitlərimiz kimi onun üçün də Qarabağı işğaldan azad etmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq hər şeydən öncə bir şərəf məsələsi idi.

Oğlu Nihadın dediyinə görə, atası on gün öncə evə gəlmişdi. İki gün əvvəlsə ata-oğul telefonda yazışıblar. Atası ilə qürur duyan Nihadın arzusu həkim olmaqdır: "Əsas arzum isə atamın öyüdünü reallaşdırmaqdır. Atamın hər dəfə sözünün əvvəli də, sonu da bu idi: Nihad dərslərini yaxşı oxu, elmli adama hər yerdə hörmət var. Atadan hər gələndə soruşurdum ki, orada necə xidmət edirsən? Cavabında məni bağırına basıb, bir az da gülümsəyib deyirdi: - Nuhad, atan kəşfiyyatçıdır. Ona görə hər şeyi danışa bilmirəm. Zaman gələr, bilərsən ki, atan elə belə hərbçi olmayıb. Yeri gələndə lap Mixaylo kimi əməliyyatlar keçirmişəm…”

Qələm dostum, şair Əbülfət Mədətoğlunun qələmində "Şəhid ruhunun pıçıltısını” eşidirəm:


Səngərdəki yerimə

Güllə dəyməz bir daha!

O yerdə olanlardan -

Danışmışam ...Allaha!


Şəkillərindən də gördüyü kimi, Anar Novruzov sanki anadan hərbçi doğulmuşdu. Hündür boy, sağlam bədənli, hədsiz qətiyyətli, ruhən döyüşkən, çevik idi. Müşahidə etdiyi durumu dərhal qiymətləndirmək bacarığına malik idi. Elə iti, nüfuzedici baxışları var idi ki, kimsə ona yalan söyləyə bilmirdi. Generalın da, sıravi əsgərin də etibar etdiyi, yaxın dost sandığı bir zabit idi. Peşəkar təlim keçdiyindən elə qurğular var idi ki, onun "dilini” ancaq Anar bilirdi. Anarın "günahları” da az deyildi. Bəzən cəbhə bölgələrimizdə itkilər haqqında xəbərləri eşidəndə dözmürdü. Rəhbərlikdən xəbərsiz gedib ermənilər tərəfdən "dil”, qiymətli silah-sursat gətirirdi. Bunlara görə qınağa da tuş gəlirdi. Tutulan əsirlərin ifadələrindən, düşmənin təxribat-diversiya qrupunun ratsiya ilə danışıqlardan da bilirdi ki, erməni tərəfi ondan necə yanıqlıdır. Hətta onu zərərsizləşdirənə mükafat da ayırmışdılar.

Jurnalist həmkarım, "Çənub xəbərləri” qəzetinin baş redaktoru kövrəlsə də şəhid hərbçimizin oğlu Nihadı sorğu – suala tutur. Nihad deyir: "Atam gələcək peşə seçməkdə bizə tam sərbəstlik vermişdi. Eşidəndə ki, məndən böyük bacım polis olmaq istəyir, razılıqla başını tərpədib gülümsədi… Amma atamın zabit olması çox qohumumuzu hərbiçi olmağa həvəsləndirmişdi. Bir qardaşı oğlu, iki bacısı qızı hərbçi sənətini seçiblər. Düzü, baş verənlər hələ mənə yuxu kimi gəlir. Atamın həyatına son qoyan düşmən də çox sevinməsin. Mən tam əminəm ki, atam hələ sağlığında ermənilərdən intiqamını almışdı. Ermənilər onun adından belə qorxurdular... İnanıram yaxın vaxtlarda onunla çiyin-çiyinə döyüşən hərbçi əmilərim, atamın silah yoldaşları onun haqqında maraqlı xatirələrini danışacaqlar.”

On üç yaşlı uşağın bu fikirləri böyük Mirzə Cəlilin bir kəlamını yada salır: "Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən.”

Dünyada insanlığın ən ali dəyərlərindən biri Vətən sevgisidir. Müqəddəs Vətəni qorumaq isə ən şərəfli vəzifədir. Anar da Vətənə, xalqa şərəflə xidmət etməklə öz övladlıq borcunu ləyaqətlə yerinə yetirdi. Sübut etdi ki, bu gün Milli Ordumuzda vətənpərvər, bacarıqlı zabitlərimiz saysız-hesabsızdır. Anar təpədən- dırnağa qədər əsl hərbçi, cəsur, eyni zamanda, peşəkar bir kəşfiyyatçı idi. O, nümunəvi zabit olmasını özünün şərəfli xidmət dövründə tam isbat etmişdi.

Onu da qeyd edək ki, mayor Anar Novruzovun məzarı neçə min illik tarixi olan qədim Ərkivanda - böyük kəramət sahibi kimi Azərbaycanda tanınmış Seyid Sadiq ağanın əzəmətli məqbərəsinin yaxınlığındadır. Karantin rejimindən əvvəl adətən, hərbi xidmətə gedənlər, ailə həyatı quranlar, uzaq səfərə çıxanlar bu məqbərəni ziyarət edərdilər.

Nə qədər ağır olsa da, Anar kimi qəhrəman şəhidimiz üçün dogma ata ocağında pandemiya qaydalarına görə hüzr keçirilmir. Məzarının ziyarətinə gələnlər isə karantin qaydalarının tələblərinə əməl etməklə elə Seyid Sadiq məqbərəsinə yaxın qurulmuş talvarın altında 5-10 dəqiqə çay və ya su içib dağılışırlar.

Yurda sevgi, orduya sevgidir. Mayor Anar Novruzovla vida mərasimində bir daha oduyla xalq birliyinin şahidi olduq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.

P.S: Şəhid zabitimzin dəfn mərasimindən bu yazının hazırlamasında bizə mənəvi dəstək göstərdiyinə görə "Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənova təşəkkürümü bildirirəm.



2612 oxunub

InvestAZ