XƏBƏR LENTİ
11 Avqust 2020
10 Avqust 2020
08 Avqust 2020



Prezident işarə etdi: danışıqlar bitə bilər - Video
SİYASƏT 14:59 / 09.07.2020

Danışıqlar prosesinin süni şəkildə uzadılması, status-kvonun saxlanılması bizim üçün qəbuledilməzdir. Təsadüfi deyil ki, ölkə başçısı nitqi zamanı bu mövzuya bir daha toxundu. Onun "Minsk Qrupundan konkret bəyanatlar gözləyirik” sözləri danışıqlar prosesinin hər an bitə biləcəyini göstərir.

Bu sözləri açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalların açılışında iştirakı zamanı yerli kanallara müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, Prezident müsahibəsində həmçinin Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baş verən proseslər ətrafında sualları cavablandırdı:

"Bildiyimiz kimi, Azərbaycan işğala, soyqırıma məruz qalmış bir ölkədir. Bununla belə, heç zaman torpaqlarımızın qan bahasına geri qaytarılmasının tərəfdarı olmamışıq. Ona görə yox ki, biz zəif, ya da acizik. Əksinə, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Lakin münaqişənin həlli yönündə gedən sözdə danışıqlar prosesi vaxtı uzatmaqdan başqa bir məqsəd güdmür. Prezidentin həm ona ünvanlanan suallar, həm də çıxışı zamanı bu mövzuya toxunması onun mövcud vəziyyətdən narazı olduğuna dəlalət edir. Məsələ ondadır ki, ölkə başçısı "bizim mövqemizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz” sözləri ilə hələ də danışıqlar prosesində maraqlı olduğunu bariz şəkildə bildirir. Lakin Prezidentin danışıqlar prosesinin hazırki vəziyyətindən narazı olduğu da bəllidir. Bu isə müharibə variantının hər zaman aktual olduğunu göstərir”.

Politoloq qeyd edib ki, Ermənistanın işğalçı mövqeyi təkcə siyasi sferada deyil, humanitar sahədə də özünü göstərir:

"Əslində, Ermənistanın düşmənçilik siyasətini bu dərəcədə qabarıq formada göstərməsi bizim maraqlarımıza uyğundur. Düşünün, Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Bu, çox gülünc bir haldır. Bunun səbəbini isə ötən gün ölkə başçısı bir sözlə ifadə etdi: azərbaycanafobiya”.



926 oxunub

InvestAZ