XƏBƏR LENTİ
11 Avqust 2020
10 Avqust 2020
08 Avqust 2020



LENİNİ ÖLDÜRMƏK - Yaşar Bünyad yazır
Ədəbiyyat 11:10 / 06.07.2020

(hekayə)

Gecədən əsən şimal küləyi sübhə yaxın kəsdi.Kəsməyilə də qar yağmağa başladı. Qocaların dediyindən , hələ indiyəcən kəndə belə qar yağmamışdı. Aydınlıqdı qar...

****

Cəfər traktorla məktəbin həyətinə girənəcən Pirverdi bəyin göstərişlərini həvəslə yerinə yetirən dəliqanlılar evlərindən kəndir, lom, bel, külüng, kumpul gətirib stadionun yanındakı baxçaya yığışmışdı. Keçmiş partkom Əmirpaşa, feldşer Vəli, hesabdar Mürvət, anbardar Balaxanın oğlanları, üç ildənbir zondan-zona "səfər” edən cüvəllağı Şərif də burdaydı. Vəli ot göyşəyən qoca qoç kimi dodağını çeynəyir, Mürvətlə Balaxanın böyük oğlu pıçıldaşırdı. Nə baş verəcəyini anlamayan Əmirpaşa çaşğınlıqla mızıldandı :

-Ayə, vallahi-billahi bu, əmələ gələn şey döyül. Bir zibili çıxmasa yaxşıdı...Yetmiş il at oynadan, nemesin anasın ağladan hökuməti yıxmağmı olar, a başuva dönüm?...Özü də kim,kim, taytağ Mirinin yetimçəsi(Taytaq Mirinin yetimçəsi Pirverdi bəy idi).

Söhbətin bu yerində kəndin sözgəzdirəni Narıngül arvad yırğalana-yırğalana gəlib çıxdı, ora baxdı, bura baxdı, sonda üzünü Vəliyə tutub soruşdu:

-A Vəli, başuva dönüm, sən alim adamsan,kəllön işdiyir, bilməmiş olmazsan daa, doğurdan,o başı xallı gədə hökməti buraxdı? Yəni, eləcə verdi bu başıküllülərə? Bə, bizim yekələr hara baxır, hay? -Sualına özü də cavab vermiş kimi mızıldadı.-İmanım haqqı, inanmaram ee, inanmaram ki , urus əlin götürə üstümüzdən. Heç Bəkidə oturannar da qoymaz...İradyo andır da düz-əməlli heş zad demir, dedim çıxım görüm nağayrursuz...

Şərif qaqqanaq çəkib:

-Ay arvad,-dedi,- heç kim, heç zadı buraxmıb. Vozduxdu... Qarbaçovun başı xarab olub məyər? Baş qatmaq üçün uşaq-muşağın qabağına bir az dən atıb. Valla, həmişəki kimi yuxarıların öz quramasıdı bu...Buların başı ki qarışdı dənnəməyə , bir də görəssən, hooop , sovetin topu, tüfəngi başımızın üstünü kəsdi, başladı hamını sərçə kimi bir-bir qırmağa. Keçən il necə elədi ?..Görə- görə gəlmüşüy...Mən öli, sən diri, o taytayın yetimçəsin də basdıracaq qoduğluğa. Şura hökümətidi e ! İndiki zamanada adam şərrəmək nəmənədi? Ha-ha-haaa!..

Cəfər "Belarus”la həyətə girib iki dəfə dövrə vurub stadionun ortasında dayananda Şərif hələ də qaqqanaq çəkib gülürdü, Narıngül arvad Şərifəsarı "külü qoyum kişi başuva” deyirdi, Vəli də başını yelləyirdi o yana, bu yana...

-Ayə, Şöşü, Şöşü, kəndiri keçir o keçəlin boğazına! Tez!.. Cəfər, sən də traktorun dalın ver bura.- Pirverdi bəy ədayla, bir qəribə sevinclə Leninin iri büstü qoyulmuş postamentin qənşərini göstərəndə Cəfər marağını boğa bilmədi:

-A bəy , fikrün nədi, olmuya , kişini, o söz, həə?!

-Ayə, evə çatanda, ağzuvu yaxalıyarsan, kişi kimdi?! O ”kişi " dediyinin qırmızı ordusu babalarımızın qan bahasına qurduğu dövləti dağıdıb , anladın? O cibindəki partbileti də bəsdi əzizlədün, cır , tulla . Bilirsən də, getdi day onun daşdeşən dövrü!.. Hə, bir də, Həşim bəyə tapşırmışam, şəklini çəkib göndərəcək "Azadlıq” qəzetinə...

Əlini yelləyib Cəfərdən aralandı, üzünü büstə sarı çevirib bağırdı:-Əəə, Şöşü, noldi sənə, əllərün bişməcədi, bağla da o zibili!...

Şöşü deyib çağırdığı, Şövqüydü- çayçı Qasımın oğlu. Pirverdi bəyin təşviqatına görə, "ən məsuliyyətli vəzifə” ona tapşırılmışdı deyə, elə əldən-ayaqdan gedirdi ki, sanki Leninin yerində dədəsi Qasımın heykəli qoyulacaqdı! Adama elə gəlirdi ki, bu dəqiqə heykəl yox, Leninin özü Şövqünün əlinə keçsəydi, heç "uf” da demədən boğazından asardı. Şöşü işini bitirəndən sonra Pirverdi bəyin ona söz verdiyi sədirliyi rayondan göndərilən cəbhəçiyə veriləcəyini, "cavanları iş-gücdən yayındırır " adıyla dədəsinin çayxanasını biryolluq bağlatdıracağını, döyüşə gedəcəyini, orada , erməniyə salyarka satdığına görə öldürüləcəyini bilsəydi, elə həmən kəndiri indidən öz boğazına keçirərdi... Hələ bunlardan xəbərsiz idi deyə yoğun kəndiri həvəslə ortalayıb, tələm-tələsik heykələ doladı, uclarını cütləyib Cəfərə verdi ki, götürüb traktorun yedəyinə bağlasın. O da bağladı, könülsüz qalxıb keçdi sükanın arxasına, traktoru işə saldı, bir dartdı, iki dartdı, gah sağ, gah sol təkəri yeri eşdi. Elə bil, kəndir tarım dartıldıqca, Cəfərin işə ürəksiz yanaşmasından idimi , ya da "kolxozstroy”un fəhlələri büstü yaxşı pərçimləmişdilərmi, Lenin tutduğu yerini tərk etmək istəmir, yamanca müqavimət göstərirdi. Sən demə kəndiri Leninin boğazına deyil, beton pyedestalına bağlayıbmış . Pirverdi bəy Şöşüyə hirsləndi. Cəfər traktoru azca dala sürdü, Şöşü boşalmış kəndirin halqasını qaldırıb Leninin boğazına keçirtdi, "sür!”dedi. Traktor yerindən tərpənməyi ilə elə bil göy guruldadı, şimşək çaxdı, bir şaraqqıltı qopdu, parça-parça olmuş büstdən bir toz-tozanaq qalxdı , gəl görəsən!

Bu an Həşimin "FED”*-inin də "gözündən” yayınmadı.

"Ə, bu nəydi? Pah atonnan!.. Allah, sən saxla... Allah,sən saxla! Bunu da gördüy.”

Partkom Vəlinin dili tutulmuşdu az qala. Gördüyünə inana bilmirdi. Fikirləşdi ki, bəs onda Bakıdan gələn heykəltaraş, memar niyə fəxrlə deyirdi ki, respublikada ilk qranit Lenindi ki kənd məktəbinin həyətində ucalacaq?! Bu , heç alminum da deyilmiş ki?! ...Sən öl, bu milləti yuxarıdan aşağı hamı şeyinə sarıyıbmış ee ! İntiligentindən tutmiş fəhləsinəcən fırıllağmiş. Maşenniklər , görürsən, pulu yeməkçün Leninin "əbədi yaşayacağından” necə istifadə ediblər? Büstü gibsdən qayırıb, üstünə də qranitə oxşar kraska çəkiblərmiş...Paatonnan, fərəsətə bax ee !.. Demə Leninin büstü adi gipsdənmiş, içi də boş?! Qəfil yadına düşdü ki, on altı il qabaq bu "əvəzsiz heykəltaraşlıq nümunəsinə” sərf olunacaq qranitin alınması üçün iyirmi beş min manat pul silinmişdi rayon büdcəsindən. Düz iyirmi beş min manat! Kolxoz sədri gəlib-gedən qonaqlara nə qədər xərcləmişdi, onu bir ferma müdiri bilirdi, bir də Allah ...

Partkom Vəli rayon rəhbərliyinin fırıldağı barədə götür-qoy edəndə, artıq , Cəfərin "Belarus”u kəndirin ucunda ilişib qalmış sosializm banisinin iri qulağını sürütləyə-sürütləyə məktəbin həyətindən çıxmışdı. Nəinki "ürəklərdə yaşayan, bəşərin vicdanı, şərəfi olan partiyanın” banisinin, heç qarşısında təntənəli surətdə oktyabryat olan, boynuna qırmızı pioner qalstuku bağlayıb sonra da komsomola keçən Cəfərin də yatanda yuxusuna girməzdi ki, bir zaman doğma babası kimi istədiyi, şərəfinə şeir, mahnı oxuduğu Lenini öz traktoruna qoşub kənd boyu sürüməkdən həzz alacaq.

Cavanlar durmadan coşquyla qışqırışırdı:

-A-zad-lıq!...A-zad-lıq!..

-El-çi-bəy!.. El-çi-bəy!..

Həşimin fotoaparatı şaqqıldayırdı...

Pirverdi bəyin qardaşı oğlu rayon qərargahından gətirdiyi üçrəngli bayraqla , yerlə yeksan edilmiş Leninin postamentinə dırmandı və camaat ilk dəfə gördükləri bayrağı heyrətlə alqışladı. Pirverdi bəy cavanlara tapşırdı ki , igid oğullarımız uyuyan Şəhidlər Xiyabanından gətirilmiş müqəddəs bayrağı məktəb binasının giriş qapısına sancsınlar. Sancdılar. Bəzilərinin gözləri doldu.Elə bil havanın ayazı da sındı. Sovetin xofu içindən çıxmayanlar isə gizlincə ağız büzürdü.

-Dağıl, a dünya !..-Qafur kişi başını yellədi. Onsuz da Pirverdi bəydən zəndi-zəhləsi gedirdi deyə istehzasını gizlədə bilmədi. -Bit vurmuş müsülmanı çuxadan-çarığdan çıxart , savad ver, yol çək, poyezə, maşına mindir, adam cərgəsinə qoy.., bu da sağolun?! Çörəyverənə şıllağ atmağı öyrənmüşüy...Bu "bəy”dən soruşan gərəydi ki, ayə, a belə-belə olmuş, o kişinin adına olan inistutda nöş oxuyurdun, həə? Oxudun, adam oldun da, pisdi? Gərəy mollaxanaya gedib babon kimi molla olaydın?!...

-Gorun çattasun, a Lelin, çattasun gorun!..Bir vaxtlar el babasıydın, qəbrüvə də məktub yazırdılar, kömək istiyirdilər, bu da axırun !? -Səməndər Qafura qahmar çıxdı.

Əlbəttə, bunları Pirverdi bəy səs-küydən eşitmirdi, eşitsəydi də ağsaqqallara baş qoşan deyildi, çünki camaatın xislətinə bələd idi, bilirdi ki, kommunist rejiminin hökmünün, keqebenin zəhminin canlarından çıxması üçün illər lazımdı. Bəlkə daha çox...

Bayaqdan siqareti siqaretə calayan, sovetin hər zülmünün şahidi, bədənində həm nemesin, həm sovetin damğasını gəzdirən, Bayıldan Maqadana qədər əzablı sürgün həyatı yaşamış Əbülfəz kişi dözə bilmədi:

-Ağsaqqal kişisən , nə "baba, baba” salmısan?! O vaxtı sənikimilər balşeviylərə girənniy eləməsəydi, qurduğumuz hökümət də dağılmazdı, indi biz də beş kişidən biriydik...Qınamıram, öyrənmüsüz onun-bunun avtavasını, dəsmalın daşımağa! Tfuu!... Kasıbın hökümətidi deyib mıxın dirədi doqqazımıza, olan-qalanımızı yığıb qalxoz qayırdı , fərri kişilərimizi "kulak” eləyib Sibirə göndərdi,cavanlarımızı nemesə qırdırdı ,- səsüvüz çıxmadı, meçitimizi mal töləsinə çöördi, imanımızı itə yal elədi , ölüb yerə girmədüz...Ölümüzü də adətnən basdıra bilmürdüy, nə tez unutduz?..Tfuu!...Ürəynən "baba” dediyin oğraş blmirdi ki, havaxtsa o toydan onun da qapısında olacaq?!..Gorbagora yas tutana bir bax!..Ə, Qafır, babanı qolçomağ, dədəni vraqnarod eliyən hökmətdi ee dağılan,rahat ol, day qayıtmayacaq , ürəyün nöş töyşüyür?.. Düzələn döölsüz e, süz !..

-O, belə dövlət qurmamışdı, Əbilfəz.Hökmətnən işin var, hökməti yıx,söy, heykəlin nə günahı, hə? Dilsüz-ağızsız heykəli uçurmağa nə varki?!.. Dədəmin goru haqqı, bir gün peşman olacağsuz...Guya bular , bu quru bəylər yağ-bal içində üzdürəcəy bizi ?..Ay, hay! Yumşağ qresloya öyrəşənnən sonra baxarığ kim kimin dalını...

-Heç kəs peşiman-zad olmayacaq, Səməndər, ağzının danışığın bil! .-Əbülfəz kişi qəzəblə onun sözünü kəsdi .-Bəyəndiyin həmən höküməti də elə sənin əli qanlı "baban” qurmuşdu . Day,yoxdu şura hökuməti! Pay atonnan , it əl çəkdi, motal əl çəkmədi. İnana bilmirsüz? Əşi, dağıldı e, dağıldı! Day geriyə yol yoxdu.Pisdi, yaxşıdı, özümüzünküdü...

Ağsaqqal susdu. Daha heç kəs danışmadı.Havanın şaxtasına məhəl qoymayan cavanlar, qocalar büstün boş yerində toplaşıb məktəbin damına pərçim edilmiş , bayaqdan qürurla dalğalanan üçrəngli bayrağa baxırdı. Bu kənd indiyəcən belə fərəh görməmişdi. Yağan da qar deyildi sanki, ağ qızılgül ləçəkləriydi, aləmi ağuşuna almışdı...

***

O gündən Cəfərin evindəki hüzur pozulmuşdu. Büstü uçurulan Lenin gecələr yuxusundan , gündüzlər də yaxasından əl çəkmirdi Cəfərin. Ona elə gəlirdi ki, traktorunun yedəyinə bağlayıb kənd boyu sürütmə çəkdiyindən qəzəblənib onu qarabaqara izləyən, intiqam alovu ilə alışıb yanan Lenin sağdır, gözə görsənməsə də, haradasa buralarda, evinin lap işində onu pusur...

Elə ki gecələr başını yastığa qoyurdu , eyni hadisə təkrar olurdu: qeybdən peyda olan Lenin onun üstünə cumur, boğazından ikiəlli yapışıb boğmaq istəyir, ömründə bir toyuq başı üzməyən Cəfər də əsəbilərini cilovlamadan var gücü ilə onu itələyib döşəməyə sərir, yastığının altında gizlətdiyi qəməltini qapıb ona hücum çəkir , o boyda imperiya rəhbərinin başını kəsməyə başlayırdı , özü də küt qəməltiylə. Sürtülməkdən didilən dərisindən axan isti qan çırtlayıb sifətinə , divarlara, döşəməyə yayılırdı. İkisi də al qanın içindəydi, xırıldaya-xırıldaya gözləri bərəlmiş , ağzı köpüklənmiş Lenin isə çabalayır,ölmək istəmir, nəsə deyir, nəsə umur , yalvarır , imdad diləyir , bəlkə də ona əzab verən qəməltinin küt tiyəsini lənətləyirdi . Cəfər isə eşitmirdi. Eşitdiyini də başa düşmürdü. Bezmişdi. Səsi çıxmasın deyə dişini dişinə sıxıb qəzəbini boğurdu. Artıq Cəfər nə üzərindən məsum Volodya gülümsəyən beşguşəli ulduzlu, nə də boynu qırmızı qalstuklu Cəfər deyildi, yuxa ürəyi daşa dönmüşdü, bəlkə də quduzlaşmışdı, özüylə bacarmırdı,nəyin bahasına olursa olsun ,bu gecə onu öldürməliydi , çünki , lap ömrü boyu yuxusuz qalsa da , daha Leninin dirilməsini istəmirdi...

Yenə də hövlnak , havalı kimi dik atılıb yerindən duranda , özünü qanın yox, çıpaçıp soyuq tərin içində çabaladığını görən Cəfər ,qışqırığından diksinib ayılan Tükəzə, o biri otaqdan maddım-maddım onun bu halına acıyan qızlarına nə baş verdiyini heç cürə başa sala bilmədi .

Cəld yerindən qalxıb geyindi.Artıq nə edəcəyinə əmin idi. Köhnə paltar dolabından pencəyini çıxardıb çiyninə atdı, odun peçinin yanından kibrit qutusunu götürdü, asta-asta qapını açıb həyətə düşdü. Tükəz təşvişlə onun arxasınca baxırdı. "Allah , sən özün kömək ol!”-pıçıldadı, yun şalını çiyninə atıb qapının arasından boylanan uşaqlara acıqlandı, "keçin yerinizə” deyib pəncərəyə yaxınlaşdı.Cəfər deyəsən eşikdəki şaxtanı duyub qalın geyinmək üçün geri dönmək istəyidi, amma fikrini dəyişdi. Təndirxananın böyründəki manqala bir-iki quru odun parçası qoydu , üstünə kerosin töküb kibrit çəkdi. Öcaq alışdı.Pirverdi bəyin dedikləri neçə gün idi qulağında guruldayırdı: " O ”kişi " dediyinin qırmızı ordusu babalarımızın qan bahasına qurduğu dövləti dağıdıb , anladın? O, cibindəki partbileti də bəsdi əzizlədün, cır , tulla . Bilirsən də, getdi day onun daşdeşən dövrü!”

Odunlar tutuşandan sonra əlini pencəyinin döş cibinə saldı. Cəmi ikicə dəfə,-raykomun bürosunda üzvlüyə qəbul olanda, bir də Bakıda, partiya qurultayında qeydiyyatdan keçəndə əlinə aldığı qırmızı biletini çıxardıb ocağa tulladı. Sanki ağır yükdən qurtulmuşdu. Ürəyi sevinir, gözləri alışıb –yanırdı. Rahatlandı. Dərindən nəfəs alıb ayazın soyuğunu ciyərinə çəkdi. Çox keçmədi ki, bilet büzüşə-büzüşə qırışaraq alışmağa başladı...

***

Yatağına kirimişcə girdi. Bayaqdan yorğanın altında onu gözləyən Tükəzə də yaxın durmadı . Başını yastığa qoyan kimi qayğısız körpə kimi dərin yuxuya getdi...

Cəfərin partbiletində gizlənən Leninin ruhu isə qara tüstüyə dönüb şaxtanın sızağına qarışırdı...


2661 oxunub

InvestAZ